Sizin reklam burada

Teymur Rəcəbov Xantı-Mansiyskdə ilkə imza atdı

Baxış Sayı:687


Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan şahmat üzrə dünya kubokunda uğurlu çıxışını davam etdirir. 1/4 finalın ilk klassik partiyasında ABŞ təmsilçisi Cefri Ksionqla 30-cu gedişdə heç-heçəyə razılaşan yığmamızın üzvü ikinci oyunda ağ fiqurlarla istəyinə çatıb. Rəqib 36-cı gedişdə məğlubiyyətin qaçılmaz olduğunu görərək “ağ bayraq qaldırıb”. Yarımfinala yüksələn Teymur bununla da Azərbaycan şahmat tarixində ilkə imza atıb. Belə ki, indiyədək heç bir şahmatçımız bu mərhələyə vəsiqə qazana bilməmişdi. 2009-cu ildə baş tutan yarışda mərhum Vüqar Həşimovla Şəhriyar Məmmədyarov, 2011-də Vüqarla Teymur, 2015-də isə Şəhriyar 1/4 finalda mübarizəni dayandırmışdı.
Rəcəbovun qələbə haqda şərhini dinləyək: “Rəqibimi debütdə təəccübləndirə bildim. Fikrimcə, Cefri buna hazır deyildi. Əslində klassik partiya ilə sürətli şahmat arasında ciddi fərq yoxdu. Çünki istənilən varinatda sən ya udursan, ya da uduzursan. “Niyə də bu gün sonadək yoxlamayım” deyə fikirləşdim. Həm də daha gənc rəqiblə tay-brekdə oynamaq çətindi. Mən də qoca deyiləm, sadəcə, Cefrinin 18 yaşı var və inanılmaz dərəcədə motivasiyalı qrossmeysterdi. Bir sözlə, heç-heçəyə raqzılaşmaqdansa, lövhə üzərindəki durumu inkişaf etdirməyi qətiləşdirdim. Fikirləşdim ki, “ağlar”ın vəziyyəti daha münasibdi. Amma oyundan sonra öyrəndim ki, rəqib tam əksini düşünürmüş. Yəqin ki, kömpüter dediklərimin əksəriyyətinin tam əksini göstərəcək. Sadəcə, mən həmin an beynimdən keçənləri danışıram. Bu da azarkeşlər üçün maraqlıdı. Çox çətin partiya oldu. Bəlkə də son dövrlər oynadığım ən mürəkkəb oyun idi. Bu üzdən qalib gəlmək xoş idi. Fikrimcə, Cefri, sadəcə, sonuncu səhv edən oldu. Biz şahmatçılar qatılmadığımız turnirləri belə izləyirik. Son dövrlər çoxlu yarışda iştirak edirəm. Bu da mənim üçün həyatımın ən yaxşı zamanıdı. Sən demə, bir fincan qəhvə və yüngül nəsə yeməklə oyunu izləmək adama ləzzət edirmiş. Yerini rahatlayırsan, ekrana baxırsan və təhlil edirsən. Amma özün ağ-qara lövhə arxasında oturanda oyunu tam fərqli görürsən. Belə gərgin turnirlərdə, adətən, enerji və çətin məqamlarda sakitliyi qorumaq həlledici rol oynayır. İstənilən halda, bu qədər uzun yol qət etdiyimə görə sevinirəm. Sonuncu dəfə 2004-cü ildə Tripolidə yarımfinalda oynamışdım. Amma onda turnir dünya çempionatı adlanırdı. 2011-də isə Xantı-Mansiyskdə 1/4 finalda İvançuka uduzmuşdum. İlk partiyada yenildim, növbəti oyunda hardasa 20-25 gedişə əvəzini çıxdım. “At”ı effektli şəkildə qurban verməklə - unudulmaz oyundu! Bilmirəm niyə, ümumiyyətlə, məhz bu şəhərdə çətin oyunlarım həddən artıq çox olub”.
Yarımfinaldakı rəqib isə dünən müəyyənləşib. İki klassik partiyada “sülh bağlayan” erməni Levon Aronyanla fransız Maksim Vaşye-Laqrav tay-brekdə qalibi müəyyənləşdirib. Rəqibini üstələyən (2,5:1,5) Maksim Azərbaycan – Ermənistan duelini əngəlləyib. Yarımfinal çərçivəsində ilk klassik partiya bu gün baş tutacaq.
Qeyd edək ki, dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına İddiaçıların turnirində iştirak hüququ qazanacaq. Üçüncü yeri tutacaq şahmatçı da, təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, bu hüquqa yiyələnəcək. Oktyabrın 4-də başa çatacaq yarışın mükafat fondu 1,6 milyon dollardı. Qalib 110, finalçı 80 min dollar qazanacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR