Məhəmmədhacıyev: “Belə güclü yığmada işləmək dünyanın istənilən məşqçisinin arzusudu”
Sərbəst güləş üzrə milli komandamızın baş məşqçi postuna əsas namizədin adı müəyyənləşib. "Report"da yer alan xəbərə görə, bu, dağıstanlı Ənvər Məhəmmədhacıyevdi. Hazırda Dağıstanın gənclərdən ibarət yığmasında böyük məşqçi, Rusiya millisində məşqçi kimi çalışan 63 yaşlı mütəxəssis həm də millimizin üzvlərindən Şərif Şərifovla Cəmaləddin Məhəmmədovun şəxsi məşqçisidi. O, yeni vəzifədə həmyerlisi Saypulla Absaidovu əvəzləyəcək. Məsələnin yaxın vaxtlarda həllini tapacağı gözlənilir.
Məhəmmədhacıyev belə bir variantın olduğunu istisna etməyib: "Bununla bağlı danışıqlarımız olub. Milli üzvlərinin yarısının legioner olması səbəbindən komandada mənim çalışmağımın məqsədəuyğunluğu bildirilib. Razılaşsam, mənə rəsmi təklif ünvanlamaları mümkündü. Yəni "rəhbərlik istəsə, təklifi qəbul edərəmmi" söhbətini etmişik. Bu məsələyə dair qərarı rəhbərlik verəcək".
Təcrübəli məşqçi yığmamızda işləməyin hamının arzusu olduğunu etiraf etsə də, bəzi məsələlərin həllinin vacibliyini dilə gətirib: "Belə güclü yığmada işləmək dünyanın istənilən məşqçisinin arzusudu. Hətta belə etimad göstərilməyin qarşılığında nə edəcəyimi bilmirəm. Bu, mənim üçün fəxrdi. Yaxşı yığma, yaxşı işdi. Amma dərhal qışqıraraq "hazıram" və ya "yox" deyə bilmərəm. Məsələnin həlli federasiya rəhbərliyindən asılıdı. Rəsmi təklif olsa, bu barədə düşünmək olar. Bəzi məsələləri də yoluna qoymaq lazımdı. Dağıstanın paytaxtı Mahaçqalada çalışdığım Həmid Həmidov adına İdman Məktəbində yüzlərlə güləşçi məşğul olur. Təkcə bu il iki yetirməm gənclər arasında Avropa çempionu, dünya çempionatının mükafatçısı olub. Onları atıb gəlmək də gözəl addım olmaz. Alınsa, həmin güləşçiləri də Azərbaycan millisinə cəlb etmək mümkündü. Eyni zamanda ailə problemlərim var. Rəhmətə gedən qardaşımın 3 qızı qalıb, onları da mən tərbiyə edirəm. Bütün bunları danışıb həll etmək lazımdı. Görək necə alınacaq".
Qeyd edək ki, indiyədək millimizdə Ənvər Məhəmmədhacıyevin 14 yetirməsi çıxış edib. Onlar 2007-ci ildə Bakıda təşkil olunan dünya çempionatından öncə yığmaya cəlb olunmağa başlayıblar. Şərif Şərifov Avropa, dünya və olimpiya çempionudu. O, Qazaxıstanın paytaxtı Nur-Sultanda baş tutan mundialda 97 kq çəkidə gümüş medal qazanıb. Hazırda 125 kq çəkidə yer alan Cəmaləddin Məhəmmədov isə Avropa və dünya mükafatçısıdı.