Ötən mövsüm “Sumqayıt”ın heyətində sərgilədiyi parlaq oyunla futbol ictimaiyyətinin diqqətini cəlb edən, yığmaya dəvət olunan Aleksey İsayev hələ də “kimyaçılar”ın düşərgəsinə qoşulmayıb. Mövsümlərarası fasilədə Proqtuqaliyaya yollanacağı gözlənilən yarımmüfadiəçinin sonradan Rusiyanın bəzi birinci dəstə komandalarının və “Neftçi”nin maraq dairəsinə düşdüyü deyilirdi. Hətta “transfer pəncərəsi”nin bağlanmasına qədər yarımmüdafiəçinin “ağ-qaralar”ın heyətinə cəlb olunacağı gözlənilirdi. Ancaq “Yenisey”in yetirməsinin adı nə “Neftçi”nin sifariş ərizəsində qeyd olundu, nə də başqa klubların. İsayev heç müqavilə ilə bağlı olduğu “Sumqayıt”ın da düşərgısinə qoşulmayıb. Bu yerdə ortaya sual çıxır: “kimyaçılar” “sözəbaxmaz” futbolçu ilə bağlı nə düşünür, ona qarşı hansı intizam tədbirləri görməyi planlaşdırır?
Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən “gənclik şəhəri” təmsilçisinin rəhbərliyi müqavilə şərtlərinə əməl etməyən oyunçu ilə bağlı aidiyyatı qurumlara şikayət ünvanlayıb. Daha dəqiq desək, ilk olaraq AFFA-ya müraciət edilib. Mənbəmizin sözlərinə görə, bu addım nəticəsiz qalacağı halda rəsmilər daha yüksək instansiyalara məktub ünvanlayacaqlar.
Məsələ ilə bağlı “Sumqayıt” rəhbərliyinin də mövqeyini öyrənməyi lazım bildik. Ancaq nə idman direktoru Zamiq Hüseynov, nə də klub prezidenti Riad Rəfiyev zənglərimizə cavab verdi.
RƏŞAD