Sizin reklam burada

UEFA-nın islahatı milli komanda üçün nə vəd edir?

Baxış Sayı:504


Yunis Hüseynov: “Biz elə Malta, Farer adaları, Lixtenşteynlə bir səviyyədəyik”
Srağagün Sloveniyanın paytaxtı Lyublyanada UEFA-nın növbəti toplantısı keçirilib. Ali futbol qurumunun iclasında Millətlər Liqasının formatında dəyişiklik edilməsi ilə bağlı qərar verilib. Belə ki,2020/21 mövsümündə ilk üç – A, B, C divizionunun hərəsində 16 komanda mübarizə aparacaq. D divizionunda isə ən zəif 7 yığma çıxış edəcək. Xatırladaq ki, 2018/19 mövsümündə ilk iki divizionun hərəsində 12, C-də 15, D-də isə 16 komanda mübarizə aparmışdı. Həyata keçirilən islahatlar yığmamıza da təsir edib. Belə ki, turnirin təşkil olunduğu ilk ildə milli ən zəiflərin yer aldığı D divizionunda iştirak etmişdisə, yeni qərardan sonra daha üst divizion olan C-də mübarizə aparacaq. Burda isə yığmanı Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Cənibi Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Moldova və Qazaxıstan kimi rəqiblər gözləyir.
İslahatlar nəticəsində millinin daha yüksək liqaya yüksəlməsini təqdirəlayiq hal kimi qəbul etmək olar. Anvcaq bu yüksəlişin bir əmması var. Heç şübhəsiz, D divizionu ilə müqayisədə C-də yığmanın rəqibləri, siyahıdan da göründüyü kimi, daha güclü komandalar olacaq. Bu səbəbdən həyata keçirilən islahatın miillimizin xeyrinə yox, ziyanına işləyəcəyini düşünmək olar.
Bəs görəsən, mütəxəssislər UEFA-nın həyata keçirdiyi yenilik barədə hansı fikirdədi? Bu suala cavab tapmaq üçün Yunis Hüseynovla danışmağı lazım bildik. Hazırda işsiz olan PRO kateqoriyalı məşqçi də yenilyin əleyhimizə işləyəcəyini vurğuladı: “İlk dəfə keçirilən Millətlər Liqasının qrupunda yer alan yığmaları, yəqin ki, hamı xatırlayır. Farer adaları, Malta və Kosovonun olduğu diviziondan çıxa bilməyən milli, sizcə, Avropa çempionu olmuş Yunanıstan və ya divizionda yer alan başqa komandalarla mübarizədə nəsə edə bilər? UEFA-nın yeniliyindən, yığmanın daha üst divizionda çıxış edəcəyindən xəbərim var. Bu barədə mətbuatda yazılanları oxumuşam. Məncə, qitə futbol qurumunun həyata keçirdiyi islahat bizim üçün heç də xeyirli deyil. Bəlkə də “kor püşk”ün sayəsində qrupda münasib rəqiblərlə qarşılaşdıq və birinci olduq. Ancaq bununla iş bitmir axı. Əsas məqsəd daha mötəbər yarışa birbaşa vəsiqə qazanmaq üçün mütləq divizionun qalibi olmaqdı. Belə oyunla isə hazırkı yığmadan bunu gözləməyə dəyməz. Biz elə Malta, Farer adaları, Lixtenşteynlə bir səviyyədəyik. C divizionunda çıxış edən komandalar arasına düşmək heç də millinin son bir ildə gücləndiyindən xəbər vermir. Bu, sadəcə, nisbi xarakter daşıyan reytinqə görə belə oldu. Məncə, ildən-ilə futbolumuzda yaşanan eniş klublar kimi, müxtəlif yaş qrupu üzrə yığmalara, eləcə də əsas komandaya da təsirini göstərir. Yeniliyin bizim futbola müsbət yöndə təsir göstərəcəyinə inanmıram və gələcəklə bağlı nikbin fikir səsləndirməkdən çəkinirəm”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR