Futzal yığmamız dünən Rusiyanın Həştərxan şəhərində təşkil edilən “Caspian Cup-2019” turnirində son oyununu keçirib. Komandamız Qazaxıstanla qarşılaşıb. Bu oyun ən azı bürünc medalçının kimliyini müəyyənləşdirmək baxımından vacib idi. Hətta Rusiya – İran oyununda ikincilər məğlub olacağı təqdirdə millimiz qələbə qazanmaqla gümüş medalı da əldə edə bilərdi. İstənilən halda, mükafatçılar sırasına düşmək üçün bu dueldə yenilməməliydik. İlk iki oyunda ardıcıl sarı vərəqə alan Vassura görüşü buraxırdı. Onun yoxluğunda baş məşqçi Joze Alesio da Silva “5-lik”də Rizvan Fərzəliyevə yer vermişdi. İsa Atayev də zədəli olduğuna görə matçı ehtiyatdan izləyirdi. Oyuna rəqib fəal başladı və tezliklə hesabı açdı. İkinci qol top autdan oyuna daxil edilən zaman Tyaqoya dəyib qapıdan keçdi. Növbəti qol isə Birjandan gəldi. 17-ci dəqiqədə fərqi azaltmaq mümkün idi. Cərimə limitini dolduran Qazaxıstanın qapısına 10 metrlik təyin olundu. Amma Amadeunun zərbəsini İqita kornerə çıxarmaqla buna imkan vermədi. Sonrakı dəqiqələri komandamız 5 meydan oyunçusu ilə keçirdi ki, kapitan qapıçını əvəzlədi. Bu rəqibin işinə yaradı. Duqlas fasilə ərəfəsində fərqi 4 topa çatdırdı. İkinci hissədə qapıçının meydan oyunçusu ilə əvzlənməsi 27-ci dəqiqədə bəhrəsini verdi. Tyaqo bu dəfə fərqi azaldan qola imza atdı. Ancaq 28-ci dəqiqədə Duqlas boş qapını nişan almaqla 4 topluq fərqi bərpa etdi. Oyun sistemini saxlayan komandamız 35-ci dəqiqədə Poletto ilə qola yaxın oldu. Ancaq İqita səhvsiz oynadı. 37-ci dəqiqədə Eduardo istəyinə çatdı və turnirdə ikinci dəfə rəqib torunu silkələdi. Bir dəqəqə sonra Kardosunun zərbəsi tirə tuş gəldi. Beləliklə, ikinci dəfə təşkil edilən “Caspian Cup” turnirində komandamız sonuncu pilləni tutdu.
Son oyunda İran millisini 9:3 hesabı ilə məğlub edən Rusiya turnirin qalibi oldu. İran gümüş, Qazaxıstan isə bürünc medal qazandı. Rusiya - İran qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İqita (Qazaxıstan) ən yaxşı qapıçı, millimizin üzvü Eduardo Borges ən yaxşı müdafiəçi, Bahadur (İran) ən yaxşı hücumçu, Romulo (Rusiya) isə ən yaxşı oyunçu seçilib. Turnirin bombardiri Qazaxıstan millisinin üzvü Duqlas olub. Mükafatları Rusiya Mini Futbol Federasiyasının prezidenti Emil Əliyev, Həştərxan vilayətinin bədən tərbiyəsi və idman naziri Maksim Fidurov, vilayətin Mini Futbol Federasiyasının rəhbəri Remir Məhərrəmov təqdim ediblər.
Qeyd edək ki, 2017-ci ildə İranda keçirilmiş ilk turnirdə millimiz üçüncü pilləni tutmuşdu. Həmin vaxt qalib İran, gümüş medalçı isə Rusiya olmuşdu. Qazaxıstan dördüncü pillədə yer almışdı.
Azərbaycan – Qazaxıstan 2:5 (0:4)
Azərbaycan: 12. Rövşən Hüseynli, 2. Eduardo Borges, 3. Tyaqo Teles, 8. Rizvan Fərzəliyev (k), 13. Everton Kardoso; 1. Emin Kürdov, 5. Amadeu, 7. Ramiz Çovdarov, 9. Faiq Əliyev, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 16. Poletto, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.
Qazaxıstan: 2. İqita, 3. Dauren Nurqojin, 4. Ariold Knaub, 14. Duqlas, 15. Azat Baliulin; 1. Salaut Bayraliev, 8. Dinmuhambet Suleymanov (k), 9. Albert Akbalikov, 12. Bolat Sarbasov, 16. Alişer Sarsenbaev, 17. Birjan Orazov, 20. Cinqiz Yesenamanov.
Baş məşqçi: Kaka.
Qollar: C.Yesenamanov, 3 (0:1). Tyaqo, 13-öz qapısına (0:2). B.Orazov, 18 (0:3). Duqlas, 20 (0:4). Tyaqo, 27 (1:4). Duqlas, 28 (1:5). Eduardo, 37 (2:5).
Vərəqələr: A.Akbalikov, 5. D.Nurqojin, 21 – sarı.
Hakimlər: Yuri Neverov, Vladimir Kadıkov, Qriqori Zelentsov.
25 sentyabr. Həştərxan. “Zvyozdnı” İdman kompleksi.
Joze Alesio da Silva: “Başlanğıcdan razı qaldım. Üç-dörd qol vəziyyəti yaratdıq. Ancaq Tyaqo və Kardoso istifadə edə bilmədi. Biz bunları reallaşdıra bilmədik, əvəzində bəxtsiz qollar buraxdıq. Xüsusilə də ikinci qolu qeyd edərdim. Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı. Onların oyundan qopmamasına çalışdıq. Fasilədə hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim. İqita oyun ərzində beşinci oyunçu funksiyasını yerinə yetirir, oyunda sürətin düşməsinə imkan vermir. Bu, Qazaxıstan üçün ayrıca üstünlükdü. Bu turnirin bizə böyük köməyi oldu. Rəqiblərimiz FİFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardı. Onlarla qarşılaşmalar səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda təcrübə qazandırdı. Dünya çempionatına hələ tam hazır deyilik. Daha doğrusu, istədiyimi tam ala bilmirəm. Dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtımız var. Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirə müəyyən səbəblərdən tam heyətlə gələ bilmədik. Bakıdakı toplanışa və rəsmi oyunlara qədər bunu həll edəcəyik”.