Ronaldinyo Futbol Akademiyası gələn ilin əvvəlində açılacaq
“Qəbələ”nin braziliyalı futbol əfsanəsi Ronaldinyo ilə birlikdə gerçəkləşdirəcəyi layihənin, daha dəqiq desək, “Ronaldinyo Futbol Akademiyası”nın fəaliyyətə balayacağı tarix məlum olub. Bu barədə bölgə təmsilçisinin sabiq prezidenti Tale Heydərov “Emerging Europe” portalında özünə məxsus bloqunda yazıb. O, akademiyanın 2020-ci ilin əvvəlində açılacağını bildirib: “Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyasının 2020-ci ilin əvvəlində açılışını səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Ronaldinyo ilə “Qəbələ" arasında 2017-ci ilin martında müqavilə imzalanıb. Sözləşməyə əsasən 39 yaşlı braziliyalı ulduz “qırmızı-qaralar”ın dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdı. Lakin akademiyanın açılışı müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb. Yeri gəlmişkən, onu da bildirək ki, Bakıda fəaliyyətə başalayacaq “Ronaldinyo Futbol Akademiyası” dünyada sayca üçüncü olacaq. Buna qədər isə braziliyalı əfsanənin adına vətənində, doğulub boya-başa çatdığı Portu Aleqridə, həmçinin Dubayda "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir.
RƏŞAD