Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığmamız hazırlıq çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüş rəqibin 2:0 hesablı qələbəsiylə bitib.
Qeyd edək ki, millimiz ilk oyunda da uduzmuşdu – 1:4. İlk oyundan sonra küləyi bəhanə edən Vüqar Məmməd bu dəfə də eyni tonda danışıb: "Qələbə münasibətilə rəqibi təbrik edirəm. Fikrimcə, Belarus millisi Avropa çempionatının ilkin seçmə mərhələsinə tam hazır bir komandadı. Xüsusən atletik baxımdan çox güclüdürlə. İlk qarşılaşmada olduğu kimi güclü külək şəraitində keçən oyundan heç bir fayda götürmədik. Heç vaxt təslim olmamalıyıq. Böyük əzmkarlıqla, birlikdə səhvlərimizi aradan qaldırmaq üçün çalışmalıyıq. Bu gün iki məsələ çox önəmlidi. Birincisi futbolçuların fiziki durumunu yüksəltmək, ikincisi mütləq şəkildə mövcud yaş liqasında yox, özlərindən yaşca yuxarı liqalarda oynamalıdılar".