Sizin reklam burada

Şəhriyar özünü Hollandiya yığmasına bənzətdi

Baxış Sayı:481


Teymur 1/4 finala heç-heçə ilə başladı
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Gözlənildiyi kimi, milli komandamızın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun duelində tay-brekə ehtiyac duyulub. İkinci klassik partiya da “sülh”lə yekunlaşdığından Azərbaycan derbisinin qalibi sürətli şahmatda müəyyənləşib. İlk üç oyunda heç-heçə qaçılmaz olub. Həlledici - sonuncu görüşdə isə Rəcəbov böyük üstünlüyə malik Məmmədyarovun kobud səhvini bağışlamayıb və gözəl əks-hücumu 44-cü gedişdə qələbə ilə “taclandırıb”.
Şəhriyar Məmmədyarov komanda yoldaşına və dostuna yenilgini 38-ci gedişdə yol verdiyi kobud səhvlə əlaqələndirib: "Təşəkkürlər dəstəyinizə görə. Bu gün GxH7 gedişinin əvəzinə H6 oynasaydım, udurdum əlbəttə. Əsas odu ki, gözəl şanslarım var idi, amma isitifadə edə bilmədim. Amma tale və qismətimdən şikayətçi deyiləm, çünki mənə şans verilmişdi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, uğurla davam edəcək. Özümə isə növbəti yarışlarda daha diqqətli olmağı arzu edirəm. Sevinirəm ki, artıq sabah ailəmin, böyümüş oğlumun yanında olacam. Çempion olmaq bizim qismətimizdə var. Bu gün olmasa da, sabah olacaq! Hamıya təşəkkür edirəm. Yaxşı ki, varsız. İnşallah, gözəl geridönüş olacaq… Mən futbolda Hollandiya yığması kimiyəm. Gözəl oynayıb, məğlub oldum. Hər şey yaxşıdı. Sadəcə, çox gözəl oynamışdım, heyif əziyyətə. Qapıda Buffon dayanmışdı".
Beləliklə, 1/4 finala vəsiqə qazanan Teymur Rəcəbov ABŞ təmsilçisi Cefri Ksionqa rəqib olub. Maraq üçün qeyd edək ki, 18 yaşlı qrossmeyster 1/16 finalda holland Aniş Giri, 1/8-də isə polşalı Yan-Kşıştof Duda kimi güclü rəqiblərini mübarizədən kənarlaşıdırıb.
Dünən tərəflər arasında ilk klassik partiya baş tutub. Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə heç-heçə ilə kifayətlənib. Həmyerlimiz bu gün rəqibini ağ fiqurlarla sınağa çəkəcək.
Qeyd edək ki, dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına İddiaçıların turnirində iştirak hüququ qazanacaq. Üçüncü yeri tutacaq şahmatçı da, təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, bu hüquqa yiyələnəcək. Oktyabrın 4-də başa çatacaq yarışın mükafat fondu 1,6 milyon dollardı. Qalib 110, finalçı 80 min dollar qazanacaq.
KƏNAN HƏSƏNOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR