Sizin reklam burada

Təbiətin şıltaqlığı və …hər iki tərəfi razı salan “sülh”

Baxış Sayı:571


17. Səbail – Qəbələ 1:1 (0:1)
85. Kamal Bayramov – 5,0
13. Şəhriyar Rəhimov – 5,5
55. Adil Nağıyev – 5,0
3. Turan Manafov – 4,5
(31. Ədilxan Qarəhmədov, 31) – 5,0
32. Elvin Yunuszadə - 5,5
34. Ürfan Abbasov – 5,5
14. Rahid Əmirquliyev (k) – 5,0
8. Yevgeni Koçuk – 5,5
10. Ağabala Ramazanov – 5,5
7. Fəhmin Muradbəyli – 5,5
(9. Mirsahib Abbasov, 80) – qiymətsiz
22. Mirabdulla Abbasov – 6,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
4. Eltun Yaqublu
26. Kamal Qurbanov
18. Aqşin Qurbanlı
17. Elçin Rəhimli
5. Vüqar Bəybalayev
6. Maykl Essyen
19. Ruslan Hacıyev
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Mirabdulla Abbasov
1. Anar Nəzirov (k) – 5,5
8. Qismət Alıyev – 5,0
5. Rasim Ramaldanov – 5,0
3. İviça Zuniç – 5,0
2. Amin Seydiyev – 5,5
19. Rövlan Muradov – 5,5
(13. Kristian Kuaku, 78) – qiymətsiz
7. Roman Hüseynov – 5,5
(74. Yusif Nəbiyev, 71) – 5,0
77. Merab Qiqauri – 6,0
21. Fernan Lopes – 5,5
9. Davit Volkov – 5,5
(20. Faiq Hacıyev, 84) – qiymətsiz
14. Ülvi İsgəndərov – 5,5
Ehtiyat oyunşular
94. Tərlan Əhmədli
28. Murad Musayev
4. Sadiq Quliyev
22. Rüstəm Nuriyev
15. Vüsal Məsimov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Merab Qiqauri
Qollar: R.Muradov, 17 (0:1, M.Qiqauri). M.Abbasov, 68 (1:1, F.Muradbəyli).
Vərəqələr: F.Lopes, 45+2 (hakimin qərarına etiraz). İ.Juniç, 56 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 58 (qeyri-idman hərəkəti). M.Qiqauri, 64 (qeyri-idman hərəkəti). R.Hüseynov, 71 (hakimin qərarına etiraz). Mirab. Abbasov, 89 (qeyri-idman hərəkəti). F.Hacıyev, 88 (qeyri-idman hərəkəti). Q.Alıyev, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
21 sentyabr. Bayıl. “ASCO Arena”. 500 tamaşaçı (3200 yerlik).
Oyunun qiyməti: 6,0.
Zəhlətökən külək, Bayılın toz-toğanağı, tribunalara yığışan bir ovuc fanat, turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların dueli və bütün bunların fonunda maraqlı oyun. Ötən tur ilk qələbəsini qazanan “qırmızı-qaralar” kəşfiyyatsız-filansız istəyini ortaya qoydu: 3 xal dalınca gəlmişik. İlk yarıda küləyə qarşı oynamaq belə onları qorxutmurdu. Artıq 12-ci dəqiqədə Roman Hüseynov qapıya təhlükəli zərbə endirsə də, top azacıq fərqlə tirin üstündən aşdı. Bunu həyəcan siqnalı kimi qəbul etməyən “Səbail” tezliklə cəzalandı. 17-ci dəqiqədə Qiqauridən cərimə meydançasının qövsü üzərində ötürmə alan Rövlan qəfil fırlanaraq, heç kimin gözləmədiyi halda qapının uzaq küncünü nişan aldı. Qoldan dərhal sonra meydan sahiblərinin təhlükəli hücumunu Ağabala ötürmə-zərbə ilə bitirsə də, Anar Nəzirov qola imkan vermədi. Bir qədər irəli gedib deyim ki, Ağabala bu oyunda ümidləri doğrultmadı, şəxsən mənim yadımda əsasən yersiz penalti istəkləri ilə qaldı. Komandasının oyununun alınmadığını görən Aftandil Hacıyev artıq 31-ci dəqiqədə Turanın yerinə Ədilxanı buraxmaqla oyuna ilk müdaxiləni etdi. Bundan sonra “Səbail”in oyunu nisbətən canlansa da, komanda təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. 37-ci və 41-ci dəqiqələrdə Ağabala və oyundaşları iki dəfə hakimin üzərinə şığıyaraq, penalti tələb etsə də, heç birində qonaqları sərt cəzalandırmaq üçün əsas yox idi. Hissənin sonluğu fasiləyə qədər bərabərlik qolunu vurmaq istəyən meydan sahiblərinin nisbi üstünlüyü şəraitində keçdi. Ədilxan təhlükəli zərbə ilə yadda qaldı, Koçukun cərimə zərbəsindən sonra Anar topu meydandan çıxarsa da, hakim kornerə imkan vermədən komandaları paltardəyişmə otağına göndərdi.
İkinci hissəyə “Səbail” daha fəal başlasa da, “Qəbələ” meydan sahiblərinin xal ehtirasını tezliklə soyuda bilərdi. Belə ki, 53-cü dəqiqədə Merabın növbəti ideal ötürməsi qolla tamamlansaydı, hesab artıq 0:1 yox, 0:2 olacaqdı. Düzdü, bunun üçün “Qəbələ”nin heyətində Ülvi İsgəndərov yox, “Sevilya”nın Munir Əl-Həddadisi olmalıydı. Belə gözəl imkanı boşa verən komandalar, adətən, gec-tez cəzalanır ki, bu oyunda da yazılmamış qayda doğruldu. Ancaq hesabın bərabərləşməsinə görə hədsiz erkən geri çəkilən qonaqları da qınamağa dəyər. Bərabərlik qolu isə zahirən Nəzirovun qapısına heç bir təhlükə olmadığı anda vuruldu. Şəhriyar aut atdı, ondan topu alan Ağabala cərimə meydançasına ötürmə verdi, Rasimin gözündən yayınan Fəhmin isə Mirabdullanın fərqlənməsinə şərait yaratdı. Həmin anda Juniçlə Qismətin hara baxdığını müəyyənləşdirə bilmədim. Qoldan sonra mübarizə daha maraqlı xaraker aldı. Tərəflər qələbə topunu vurmağa çalışdığından təhlükəli vəziyyətlər növbə ilə gah bu, gah da digər qapının önündə yaranırdı. Elmar Baxşıyev yorğun Roman Hüseynovla yüngül zədə alan David Volkovun əvəzinə Yusif Nəbiyevlə Faiq Hacıyevi meydana buraxsa da, mənə elə gəlir ki, onlardan istədiyini ala bilmədi. Elə Rövlanı əvəz edən Kuaku da heç nə ilə yadda qalmadı. Əvəzində Qiqauri oyunboyu fəallığının mükafatını 90-cı dəqiqədə ala bilərdi. Qismətin yerinə yetirdiyi kornerdən sonra gürcünün baş zərbəsi qapı torunun üstünə düşdü. Əliyar Ağayev final fitini səsləndirərkən komandalardan heç biri 1:1-dən narazı görünmürdü...

Gözdən qaçmadı
* Protokola azarkeş sayı 500 yazılsa da, tribunalarda bundan xeyli az adam var idi. “Qəbələ”nin 20-yə yaxın, oyunun gedişində hətta qurşağa qədər soyunan azarkeşləri əməlli-başlı səs-küy sala bilirdilər.
* Xüsusən ilk yarıda, “standartlar” yerinə yetirilərkən külək dəfələrlə topu 1-2 metr irəli “itələməklə” kuryoz vəziyyətlərin yaranmasına səbəb olur, bu isə azarkeşlərdə və jurnalistlərdə gülüş doğururdu.
* Oyunboyu meydandaymış kimi həyəcanlı görünən Elmar Baxşıyev dəfələrlə 4-cü hakim Kamal Umudluya iradlarını çatdırdı. İlk yarının sonunda “Qəbələ”nin qapısına təhlükəli nöqtədən təyin olunan cərimə zərbəsi zamanı dediyi “19 yaşları var e, oturtmusuz “ştrafnoya” ifadəsinin üstündən sükutla keçmək olardısa, 88-ci dəqiqədə Əliyar Ağayevə işarə ilə “Qəbələ” rəsmisinə ünvanladığı “bir köynək verin, geysin” sözləri lap qəribə göründü. Düzdü, oyunsonrası mətbuat konfransında bəndənizin sualının cavabında hakimliyi normal qiymətləndirdi.
* Oyundan sonra 99-EM-005 dövlət nömrə nişanlı “Audi”sinə oturub stadionu tərk etmək istəyən Maykl Essyenin maşınını bir neçə qaradərili və yerli cocuq dövrəyə almışdı. Bizimkilərdən biri hətta maşının arxasınca “20-ci sahə”nin dairəsinə qədər gedərək, “Essyen, qapını aç, vallah, qardaşlarındı”, - deyə ulduz futbolçunun zəhləsini tökdü.
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR