Rusiyanın Həştərxan şəhərində keçirilən “Caspian Cup” turnirinə qatılan futzal yığmamız artıq iki oyun keçirib. Bazar günü meydan sahibi Rusiya ilə qarşılaşan Joze Alesio da Silvanın komandası turnirə minimalhesablı yenilgi ilə başlayıb. Azarkeşlər ilk qolu 12-ci dəqiqədə görüb. Meydan sahiblərindən Kodziyev hesabı açıb. Fasiləyə 28 saniyə qalmış komandamız ikinci qolu buraxıb. Niyazov komandasının üstünlüyünü möhkəmlədib. İkinci hissədə, konkret 37-ci dəqiqədə Eduardo rəqib torunu silkələməyi bacarıb. Oyunda başqa qol olmayıb və beləliklə, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
Dünən isə millimiz İranla qarşılaşıb. Qeyd edək ki, komandamızı dəstəkləmək üçün Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) region nümayəndəliyinin üzvləri də arenaya təşrif buyurub. Hesab erkən açılıb. Təzyiqi artıran millimiz 4-cü dəqiqədə avtoqola sevinib. Cərimə zərbəsi zamanı Sanqsefidi topu geri qaytarmaq istəyərkən qol qeydə alınıb. Bundan sonra da bizimkilər üstün tərəf olub. 18-ci dəqiqədə Amadeunun qüvvətli zərbəsindən sonra hesab dəyişib – 2:0. Ancaq ikinci hissədə təzyiqi artıran cənub qonşularımız geridönüş etməyi bacarıb. 22-ci dəqiqədə fərq minimuma endirilib. 32-ci dəqiqədə hakimin təyin etdiyi 10 metrlik cərimə zərbəsini Kardoso yerinə yetirə bilməyib. Əvəzində 35-ci dəqiqədə rəqib hesabı bərabərləşdirib.
Futzalçılarımız turnirdə son oyununu sabah saat 15.00-da Qazaxıstana qarşı keçirəcək.
Caspian Cup-2019
Rusiya – Azərbaycan 2:1 (2:0)
Rusiya: 1. Georgi Zamtaradze, 4. Dmitri Lıskov, 9. Sergey Abramov (k), 14. Daniil Davıdov, 17. Artyom Antoşkin; 12. Nikolay Balaşov, 2. Valeri Dyomin, 3. Romulo, 5. Ruslan Kudziev, 7. İvan Milovanov, 8. Yanar Asadov, 10. Artyom Niyazov, 13. Nikolay Şisterov, 18. Andrey Afanasov.
Baş məşqçi: Sergey Skoroviç.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Teles, 13. Everton Kardoso, 2. Eduardo Borges, 10. Vassura; 1. Emin Kürdov, 5. Amadeu, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Faiq Əliyev, 14. Vitali Borisov, 17. İsa Atayev, 11. Xətai Bağırov, 16. Poletto.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: R.Kudziyev, 12 (1:0). A.Niyazov, 20 (2:0). Eduardo, 37 (2:1).
Vərəqələr: Vassura, 29. N.Şisterov, 32. İ.Atayev, 40 – sarı.
Hakimlər: Yuri Neverov, Vladimir Kadıkov, Qriqori Zelentsov.
22 sentyabr. Həştərxan. “Zvyozdnı” İdman Kompleksi.
İran – Azərbaycan 2:2 (0:2)
İran: 1. Sepehr Məhəmməd, 5. Həmid Əhmədazad, 6. Məhəmmədrza Sanqsefidi, 9. Səid Əhməd Abbas, 11. Qodrad Bahaduri; 2. Əlirza Səmimi, 3. Əhməd İsmailpur, 4. Behzad Əzimi, 7. Əli Həsənzadə (k), 8. Əbülqasim Orudji, 10. Hüseyn Tayibi, 12. Məhəmməd Şadjari, 13. Fərhad Təvəkküli, 14. Mehdi Cavid.
Baş məşqçi: Məhəmməd Naziməlşar.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Teles, 13. Everton Kardoso, 2. Eduardo Borges, 10. Vassura; 1. Emin Kürdov, 5. Amadeu, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 17. İsa Atayev, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 16. Poletto.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: M.Sanqsefidi, 4-öz qapısına (0:1). Amadeu, 18 (0:2). M.Cavid, 22 (1:2). Ə.Orudji, 35 (2:2).
Vərəqələr: M.Cavid, 22. Amadeu, 27. Vassura, 30. H.Tayibi, 30. R.Fərzəliyev, 32. H.Əhmədazad, 33 – sarı.
Hakimlər: Vladimir Kadıkov, Yuri Neverov, Sergey Mixeyev.
23 sentyabr. Həştərxan. “Zvyozdnı” İdman Kompleksi.
Reaksiya
Joze Alesio da Silva: “Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçısıdı, reytinq sıralamasında isə üst pillələrdə qərarlaşıb. İlk oyunda ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım. Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdi. 10 metrlik zərbəni vura bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü qol çevirə bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vuramağa yaxın oldu. Hələ görüləcək işlərimiz var”.
MİRAĞA