AÇ-2020-nin seçmə mərhələsinin Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək. UEFA-nın saytının yaydığı xəbərə görə, bununla bağlı Avropa futbol qurumunun Nəzarət, Etika və İntizam Komitəsi qərar qəbul edib. Sanksiyaya səbəb Macarıstan yığmasının azarkeşlərinin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol verməsidi.
Həmçinin fanatlar pirotexniki maddələrdən istifadə etməklə yanaşı, meydana yad cisimlər atıblar. Başverənlərə görə Macarıstan Futbol Federasiyasına 67,125 avro cərimə kəsilib.
Sözügedən oyunda Slovakiya azarkeşləri də irqçi davranışlara yol veriblər. Bu səbəbdən oktyabrın 10-da Slovakiya – Uels qarşılaşması da boş tribunalar önündə keçiriləcək. Slovakiya Futbol Assosiasiyası isə 20 min avro cərimə ödəyəcək.
Xatırladaq ki, yığmamız oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 4 gün sonra Macarıstanın qonağı olacaq.
Bu arada UEFA avqustun 13-də ÇL-in 3-cü təsnifat mərhələsinin “Qarabağ” – APOEL oyununda (0:2) yaşananlara görə (azarkeşlər meydana kənar əşyalar atmışdı) Ağdam klubuna 4 min 375 avro (8 min 225 manat) cərimə kəsib. Qitə futbol qurumu “Qarabağ”ı “Dandolk"la cacab oyununa görə də cərimələmişdi.