Maksim Medvedev “Qarabağ”da aqressivliyin çatmadığını dedi
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev "Sevilya" ilə matçdan sonra jurnalistlərin suallarını cavablayıb. O, əvvəlcə oyun haqda danışıb.
- Gözlədiyimiz kimi oyun keçdi. Bilirdik ki, "Sevilya" çox səviyyəli komandadı. Onlara qarşı rahat oynamaq mümkün deyil. Topu çox yaxşı saxlayırlar, pressinq edirlər. Hərtərəfli güclüdülər. Birinci hissədə qapımızı toxunulmaz saxlaya bildik. Amma ikinci yarıda artıq yorulmuşduq. Ona görə də səhvlər edirdik. Qol buraxandan sonra da hamı əsəbləşməyə başladı. Nəticədə qapımızda ikinci, üçüncü topu da gördük.
- Səviyyə fərqini harda hiss edirdiz?
- Birinci hissədə onların birtoxunuşla oynamasında, ümumiyyətlə, hər şeydə fərq hiss olunurdu. Bəzi epizodlarda heç çatdıra bilmirdik. Düzdü, bəzən başabaş oyun gedirdi. Amma ümumi baxanda məncə, siz də, azarkeşlər də gördüz ki, "Sevilya" bizdən daha yaxşı futbol oynayır.
- Amma hamı xal qazanacağımıza ümidlənmişdi. Bəzi futbolçular isə heç mübarizə aparmırdılar. Miçel artıq bir neçə oyundu ki, komandanı pis vəziyyətdə qoyur.
- Kiminsə necə oynadığını deyə bilmərəm. Onlar mənim komanda yoldaşımdı. Səhv ediblərsə, deməli, mən də səhv edirəm. Miçel "Atletiko"ya qol vuranda əlimizin üstündə aparırdıq. Bu gün hansısa epizodda yaxşı oynamayıbsa, deyə bilmərik ki, bu, onun günahıdı. Mən də istəyərdim ki, daha çox mübarizə aparaq. Bir az aqressivlik çatmırdı. Biz topla oynamağa çalışan komandayıq. Aqressiv oynaya bilmirik.
- Nikosiyadakı hesabdan xəbərin var?
- Bəli.
- Nəticə gözlənilən oldu?
- Əlbəttə.
- Hamı Lüksemburq təmsilçisinə 6 xallıq komanda gözü ilə baxırdı...
- Onlar Avropa Liqasının qrup mərhələsinə yüksəliblərsə, zəif deyillər. 3-4 il əvvəl "Düdelanj"ı məğlub etmişik. Amma bu gün nə "Qarabağ", nə də ki "Düdelanj" əvvəlki komandadı. Onlar APOEL-i məğlub ediblərsə, deməli, qrupda ikinci yer uğrunda maraqlı mübarizə gedəcək.
- "Düdelanj"ın qələbəsinin "Qarabağ"ın işinə yaradığını demək olarmı?
- Mən elə düşünmürəm. Çünki bizim "Düdelanj" və APOEL-lə necə oynayacağımız bilinmir. Onları hələ təhlil etməmişik. Bu gün ən ağır oyunumuzu keçirdik. Bu oyunla Azərbaycan çempionatındakı matçlarımız arasında yerlə göy qədər fərq var.
- Belə oyunlardan sonra çempionat matçlarına köklənmək çətin olmur?
- Nə edə bilərik? Oynamalıyıq. Biz Azərbaycan çempionatında, "Sevilya" isə La Liqada çıxış edir. Oynamaq məcburiyyətindəyik. Onların öz çempionatı var, bizim də öz premyer-liqamız.