Rəşad Eyubov: “Məncə, belə pis başlanğıc bizim üçün tramplin rolunu oynayacaq”
Kərim Diniyev: “Bu onun alicənablığı, kişiliyidi, kluba, komandaya verdiyi dəyərdi”
Yay fasiləsində transfer bazarında fəallığıyla seçilən və buna görə də cari mövsümə yüksək hədəflərlə başlayan “Sabah”ın indiki durumu ürəkaçan deyil. İkinci mövsümdü premyer-liqada çıxış edən komanda geridə qalan 4 turda qələbəyə həsrət qalıb. “Tələbələr” yalnız iki oyunda heç-heçə ediblər ki, bununla da sonuncu pillədə qərarlaşıblar.
Məlum durum nə baş məşqçi Elşad Əhmədovu, nə də klub rəhbərliyini razı sala bilərdi. Belədə Əhmədov bazar ertəsi klubun prezidenti Maqsud Adıgözəlovla eyni masa arxasında oturub istefa qərarını dilə gətirdi. Klubun rəhbəri də bunu anlayışla qarşılayınca, tərəflər qarşılıqlı razılıq əsasında ortaq məxrəcə gəldi. Elşad bəy bundan sonra klub prezidentinin müşaviri postunu tutacaq, komandaya bu həftənin sonuna qədər Rövşən Babayev, gələn həftədən isə İqor Ponomaryov başçılıq edəcək.
Bunlar öz yerində. İndiki məqamda sual doğuran əsas məsələ günahkarın kimliyidi: Elşad Əhmədov, yoxsa futbolçular? Təcrübəli mütəxəssis qəzetimizə açıqlamasında bütün məsuliyyəti öz üzərinə götürüb, tək suç sahibi kimi özünü göstərmişdi. Lakin belə olmadığı gün kimi aydındı. Çünki meydanda top dalınca qaçan, qol buraxan, qol vurmalı olan futbolçulardı. Sadəcə, Əhmədov əsl komandir kimi sinəsini irəli verib əsgərlərini təhlükədən qorumağı üstün tutdu.
Həm “Sabah”ın uğursuz nəticələrinə, həm baş məşqçinin istefa qərarına, həm də gələcəklə bağlı suallara cavab tapmaq üçün “Sabah”ın üzvləri ilə əlaqə saxladıq.
Rəşad Eyubov: “Qələbəsizlik olanda futbolçulardan çox baş məşqçi narahatlıq keçirir, stress yaşayır. Çünki nəticələrə cavabdehlik daşıyan şəxs odu. Elşad müəllim vəziyyəti yaxşıya doğru dəyişmək üçün çox çalışır, nələrsə edirdi. Ona görə də istefa verəcəyini qətiyyən düşünmürdüm. 4 oyuna 2 xal – məncə, faciə deyil. Çünki rəqiblərlə aramızdakı xal fərqi elə də çox deyil, üstəlik, qarşıda 24 oyun var. Amma bu onun qərarıdı, biz heç nə edə bilmərik. Hiss olunur ki, Elşad müəllim klubun maraqlarını düşünərək bu addımı atıb. Onun necə insan olduğunu mətbuata verdiyi açıqlama göstərir. Lakin əsas günahkar o deyil, hamımızın suçu var. Çünki meydanda top dalınca qaçan bizlərik. Görünür, hansısa məqamlarda səhvlərə yol vermişik, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilməmişik. Dediyim kimi, vəziyyət faciəvi deyil, əsas mübarizə irəlidədi. Çempionat yeni başlayıb. Məncə, belə pis başlanğıc bizim üçün tramplin rolunu oynayacaq. Artıq hər kəs hansı məsuliyyət daşıdığının fərqindədi. “Sumqayıt”la oyunda qələbədən başqa heç nə düşünmürük. Sağlıq olsun, istəyimizə çatıb, bizə inananların etimadını doğruldarıq”.
Kərim Diniyev: “Əvvəla, Elşad Əhmədovun gedişinə təəssüfləndiyimi deməliyəm. Belə olmasını istəməzdik. Çünki Elşad müəllimin üzərimizdə böyük əziyyəti vardı. Bizi komandaya o cəlb etmişdi, belə deyim, ailəmizə bir tikə çörək aparmağa səbəbkar olmuşdu. Bəzi komanda yoldaşlarımın bu gün yığmaya dəvət almasının səbəbkarı da Elşad müəllim idi. Eyni zamanda mehriban kollektiv formalaşdırmışdı. Ona görə də onunla yolların ayrılmasına üzüldüm. Amma bu futboldu, futbolçu-məşqçi ailəsində böyümüşəm deyə, belə şeyləri yaxşı başa düşürəm. Nəticələr ürəkaçan olmayanda nə vaxtsa baş məşqçi ilə yollar ayrılır. Lakin baş məşqçimizin belə tez gedəcəyi ağlımdan keçmirdi. Düşünürdüm ki, çempionat yeni başlayıb, əsl mübarizə irəlidədi. Ümumi qərar qəbul olunubsa, nə edə bilərik? Elşad müəllimin mətbuata verdiyi açıqlamanı oxudum. Bütün məsuliyyəti öz üzərinə götürüb, “tək günahkar mənəm” deyib. Bu onun alicənablığı, kişiliyidi, kluba, komandaya verdiyi dəyərdi. Ancaq hamı bilir ki, tək günah yiyəsi baş məşqçi deyil. Başda futbolçular olmaqla hamımızın günahı var. Rəhbərlik tərəfindən bizə hər cür şərait yaradılıb. Elə bir şey yoxdu ki, ondan narazılıq edək. Heyətimiz də mükafatçı yerlər uğrunda mübarizə aparmağa imkan verir. İnşallah, “Sumqayıt”la oyunda dönüş edib, uğurlu nəticələrin təməlini qoyarıq. Bizim üçün çempionat yenidən başlayır”.
HƏBİB