Ötən sayımızda “Sabah”da növbədənkənar iclasın keçiriləcəyi haqda məlumat vermişdik. Həmin iclas çərşənbə günü baş tutub. İclasda klubun Müşahidə Şurasının (MŞ) sədri Firudin Qurbanov, üzvləri Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iştirak ediblər.
İclası giriş sözü ilə Maqsud Adıgözəlov açıb. Klub prezidenti komandadakı son vəziyyət, çempionat oyunlarındakı nəticələr barədə danışıb. O, baş məşqçi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında bundan sonra klubda müşavir postunda çalışması ilə bağlı qərar qəbul olunduğunu qeyd edib. Daha sonra Adıgözəlov yeni baş məşqçi axtarışlarının davam etdiyini bildirib. Klub prezidenti yeni baş məşqçi təyin olunana kimi MŞ-nin üzvü, təcrübəli mütəxəssis İqor Ponomaryovun öz təcrübəsi ilə komandaya kömək etməsini təklif edib.
Həm Ponomaryov, həm də MŞ-nin üzvləri bu təklifi müsbət qarşılayıblar. Təcrübəli mütəxəssisin komandaya müvəqqəti baş məşqçi təyin olunması qərara alınıb. Ponomaryov premyer-liqanın “Sumqayıt”la oyunundan sonra, gələn həftənin bazar ertəsindən müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlayacaq. Mütəxəssis öz təcrübəsi ilə yeni baş məşqçinin axtarışında da köməyini əsirgəməyəcək.
Sonda Firudin Qurbanov çıxış edərək, İqor Ponomaryovun təcrübəsinin indiki zamanda komandaya faydalı olacağını qeyd edib. Maraq üçün qeyd edək ki, Ponomaryov baş məşqçi kimi Azərbaycan millisinə, eləcə də İsveç “Sirianska”sına, Rusiya “Maşuk KMV”sinə, həmçinin “Qarabağ Azərsun”la “Xəzər Lənkəran”a rəhbərlik edib. Sonuncu iş yeri 2008/09 mövsümündə meydana çıxardığı “Xəzər Lənkəran” olub.
HƏBİB