Nurlan İbrahimov: “Belə olmasını istəməzdik, sadəcə, fors-major hal yaşandı”
“Qarabağ” – “Sevilya” oyunundan bir gün əvvəl Xulen Lopeteqinin mətbuat konfransı biabırçılığa səhnə olmuşdu. Ağdam təmsilçisinin tərcüməçi kimi dəvət etdiyi şəxs işinin öhdəsindən nəinki layiqincə, ümumimiyyətlə, gələ bilmədiyindən zaldakıların gülüş obyektinə çevrilmişdi. Hətta iş o yerə çatmışdı ki, ispan həmkarlarımızın suallarını başa düşməkdə çətinlik çəkən tərcüməçiyə Lopeteqinin özü kömək etmişdi.
Həmin an yerli jurnalistlərin ağlında bir sual canlanırdı: “Qarabağ”ın Elvar Quliyev kimi ispan dilini mükəmməl bilən tərcüməçisi varkən, futbola uzaq adamın orda nə işi vardı? Heç şübhəsiz, bu sual həmin mənzərənin canlı şahidi olan “köhlən atlar”ın mətbuat katibi Nurlan İbrahimovu da düşünməyə məcbur etmişdi.
Odu ki, Nurlan bəylə əlaqə saxlayıb vəziyyətin o həddə çatmasının səbəbini öyrənməyə çalışdıq: “Narahatlığınızı başa düşür, haqlı iradlarınızı qəbul edirəm. Belə olmasını istəməzdik, sadəcə, fors-major hal yaşandı. Mətbuat konfransı üçün futbol sahəsində təcrübəsi olan Nahid bəylə razılaşmışdıq. Lakin o, bir gün əvvəl “Sabah”la anlaşdı deyə, planımız baş tutmadı. Klubun tərcüməçisi Elvar Quliyevin xidmətindən istifadə etmək isə alınmayacaqdı. Çünki həmin saatda “Qarabağ”ın oyunöncəsi son məşqi var idi deyə, tərcüməçimiz vacib məşqdə iştirak etməliydi. Yekunda bu şəxslə razılıq əldə etdik. Əslində, həmin adam ispan dilini yaxşı bilir, İspaniyada təhsil alıb. Sadəcə, futbol sahəsində işləməyib, ona görə də bu oyun növünün terminləri ilə bağlı çətinlik yaşadı. İnşallah, “Qarabağ” – “Sevilya” matçından sonrakı mətbuat konfransında Xulen Lopeteqinin mətbuat konfransında Elvar Quliyev tərcüməçilik edəcək”.
HƏBİB