Vüqar Məmməd küləyi bəhanə gətirdi
17 yaşadək futbolçulardan ibarət yığmamız dünən yoldaşlıq oyunu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə görüşən milli məğlub olub – 1:4. U-17-nin heyətində Kamal Kazımov fərqlənib.
U-17-nin baş məşqçisi Vüqar Məmmədin oyunla bağlı fikirləri belə olub: “Fiziki baxımdan güclü komandaya qarsı oynadıq. Məğlub olmaq hər zaman üzücüdü. Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün çox çalışmalıyıq. Hava küləkli olduğuna görə nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik. Dörd futbolçumuz zədəli olduğuna görə bu oyunlarda bizə kömək edə bilmir. Ümumilikdə rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu. Təlim-məşq toplanışından sonra klubların baş məşqçiləri ilə görüşəcəyik və futbolçuların fiziki hazırlığını yüksəltmək üçün bir proqram hazırlayıb, tətbiq edəcəyik”.
Komandalar arasında növbəti qarşılaşma sabah, saat 12.00-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək.