Stadnik dünya çempionu oldu!
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Ötən sayımızda yunan-Roma güləşçilərimizin iki medal qazandığını xəbər vermişdik. Maraqlıdı ki, əldə olunan medallar Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağımız anlamına gəlmir. Pəhləvanlarımızın heç biri 6 olimpiya çəki dərəcəsində ilk "6-lığ"a düşə bilməyib. Qeyri-olimpiya çəkilərində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib. Bu da yığmanın fiasko ilə yadda qaldığını deməyə əsas verir. Düzdü, Olimpiya Təsnifat Turnirlərində bu boşluğu aradan qaldırmaq imkanımız olacaq. Amma mundialın boşa verilməsinin bəraəti ola bilməz. Üstəlik, təsnifat turnirlərində uğurlu çıxış edəcəyimizi iddia etmək sadəlöhvlük olardı.
Dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.
Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. 1/4 finalda Rusiya idmançısına göz açmağa imkan verməyən Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub. Yarımfinalda çinli rəqibiylə gərgin keçən mübarizədən də qalib ayrılan Mariya 5-ci dəfə dünya çempionatının finalına yüksəlib. Sadnik sentyabrın 18-də həlledici qarşılaşmada ötən il Avropa çempionatının finalında yarım dəqiqə ərzində məğlub etdiyi Rumıniya güləşçisiylə üz-üzə gəlib. Tarix təkrarlanıb və növbəti dəfə bu rəqibinə tam üstünlüklə qalib gələn Mariya 10 illik fasilədən sonra dünya çempionluğu həsrətinə son qoyub. Beləliklə, Stadnik ikiqat dünya çempionu olub!
Türkan Nəsirova debütdə almaniyalı rəqibinə məğlub olub.
50 kq
təsnifat
Mariya Stadnik - Miessiney Mersi Genesis (Nigeriya) 10:0
1/8 final
Mariya Stadnik - Sima Sima (Hindistan) 9:2
1/4 final
Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya) 11:0
yarımfinal
Mariya Stadnik - Yanan Sun (Çin) 6:4
final
Mariya Stadnik - Emiliya Alina Vuk (Rumıniya) 13:0
53 kq
təsnifat
Türkan Nəsirova - Nina Hemmer (Almaniya) 0:11
Qeyd edək ki, Mariya Stadnikə qızıl medalı və kəməri Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev təqdim edib.
Beşinci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start verilib.
Alyona Kolesnik dünya çempionatına inamlı start verib. İkinci hissəyə başlayan kimi uğurlu fənd icra edən təmsilçimiz Ukrayna güləşçisinə “tuşe” ilə qalib gəlib. Lakin növbəti mərhələdə Şimali Koreya təmsilçisiylə bacarmayıb.
Tatyana Omelçenko ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib. Vyetnam təmsilçisinə də gücünü göstərən Omelçenko adını 1/4 finala yazdırıb. Kanada təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə üstünlüyü əldən verən Tatyana məğlubiyyətə üzülüb. Ancaq rəqib finala yüksəldiyi üçün Omelçenko bu gün təsəlliverici görüşə çıxacaq.
Mübarizəyə 1/8 finaldan qoşulan Elis Manolova hindistanlı rəqibini "tuşe" ilə devirib. Avropa çempionu 1/4 finalda Türkiyə güləşçisinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısıyla görüşdən məğlub ayrılan Elis bu gün bürünc medal üçün güləşəcək.
Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb. Ancaq həmyerlimiz 1/8 finalda alman həmkarına müqavimət göstərə bilməyib.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları bu gün, Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
57 kq
təsnifat
Alyona Kolesnik - İrina Çixradze (Ukrayna) 5:0 (tuşe)
1/8 final
Alyona Kolesnik - İn Sun Yonq (Şimali Koreya) 0:11
59 kq
təsnifat
Tatyana Omelçenko - Ana Paulina Mokeyava (Yeni Zelandiya) 6:0 (tuşe)
1/8 final
Tatyana Omelçenko - Ti Huonq Dao (Vyetnam) 10:2
1/4 final
Tatyana Omelçenko - Linda Morais (Kanada) 4:6
təsəlliverici görüş
Tatyana Omelçenko - Anjelina Lisak (Ukrayna)
65 kq
1/8 final
Elis Manolova - Kaur Navyot (Hindistan) 5:0 (tuşe)
1/4 final
Elis Manolova - Kadriye Aksoy (Türkiyə) 5:0 (tuşe)
yarımfinal
Elis Manolova - İnna Trajukova (Rusiya) 4:6
76 kq
təsnifat
Səbirə Əliyeva - Eunyu Hvanq (Koreya) 5:2
1/8 final
Səbirə Əliyeva - Aline Rotter Fokker (Almaniya) 0:11
Sərbəst güləş üzrə milli komandamız isə Nur-Sultana baş məşqçisiz yollanıb. Belə ki, Saypulla Absaidov mundial ərəfəsində komandadan ayrılıb. Onun üçün bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addımının səbəbi məlum deyil. Güləş Federasiyası rəsmiləri dağıstanlı mütəxəssisin addımını şərh etməkdən yayınırlar.