Fikrət Hüseynov yenidən böyük futbola qayıdır
Ötən şənbə premyer-liqanın 4-cü turu çərçivəsində “Kapital Bank Arena”da baş tutan “Sumqayıt” – “Zirə” qarşılaşmasını izləyənlər arasında artıq tarixin yaddaşına köçmüş AZAL və “Şüvəlan”ın vitse-prezidenti olmuş, hazırda isə Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri olan Fikrət Hüseynovun olduğunu qeyd etmişdik. Onu da bildirmişdik ki, Fikrət bəyin matçı “qartallar”ın rəsmiləri üçün nəzərdə tutulan VİP-lojadan izləməsi bir qədər təəccüb doğurdu.Sən demə, Hüseynovun qonaqlar üçün ayrılan xüsusi yerdə olması heç də səbəbsiz deyilmiş.
Dünən etibarlı mənbədən əldə etdiymiz məlumata görə, Bakıətrafı qəsəbə təmsilçisinin sponsorlarından biri olan "Silk Way" şirkətinin rəhbərliyi (bu şirkət vaxtilə AZAL və “Şüvəlan”ın əsas himayədarı olub) “qartallar”ın büdcəsinə ildə 700 min manat vəsait ayırdığından qarşı tərəfdən öz nümayəndəsinin klub rəhbərliyində təmsil olunmasını istəyib. Və bu posta klub idarəçiliyində təcrübəsi olan Fikrət bəyin namizədliyi irəli sürülüb. Mənbəmizin sözlərinə inansaq, Hüseynovun söhbəti artıq iki həftədi gündəmdədi, ancaq nədənsə təyinatı yubanır. Fikrət bəyin Sumqayıta səfər edib sözügedən qarşılaşmanı canlı izləməsinin də arxasında məhz bu məqam dururmuş.
Deyilənlərə aydınlıq gətirmək üçün Fikrət Hüseynovla danışmağı lazım bildik. Təəssüf ki, Gənclər və İdman Nazirliyinin sektor müdiri gün ərzində zənglərimizi cavabsız qoydu. Ola bilsin, Hüseynov təyinatı rəsmiləşmədiyindən hadisələri qabaqlayaraq mətbuata açıqlama vermək istəmir.
Belədə onun vitse-prezident olacağı söylənilən klubun nümayəndəsi ilə əlaqə saxladıq. Zəngimizə cavab verən “Zirə”nin baş meneceri Elman Himayətoğlu yayılan söz-söhbətdən xəbərsiz oludğunu bildirdi. Klub rəsmisi “sabah Fikrət bəyin təyinatı gerçəkləşsə, necə olacaq” sualına isə belə cavab verdi: “Belə bir şey olsa, onda məsələyə münasibət bildirərəm”.
RƏŞAD