Müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Elmar Baxşıyevin rəhbərliyi altında “Qəbələ” səfərdə “Sabah”a qalib gəlməklə premyer-liqanın 4-cü turunda kiçik sürprizə imza atmaqla yadda qaldı. “Qırmızı-qaralar”ın şərəfini qoruyan futbolçuların 90 dəqiqə fəallığı, meydanın hər qarışı uğurunda sona qədər mübarizə aparması, qələbə istəyi və əzmkarlığı Masazırda baş tutan görüşdə göz oxşayırdı. Şimallıların premyer-liqada ilk qələbəsindən sonra futbol ictimaiyyətində “Elmar bəyin daim əsas komandanın “sükanı arxasında” qalması “Qəbələ”yə uğur gətirə bilər” fikrini formalaşdırıb. Ancaq ötən saylarımızın birində xəbər verdiyimiz kimi, ölkə kubokunun son qalibinin rəhbərliyi baş məşqçi postunu əcnəbi mütəxxəssisə tapşırmaq istəyir. Bugünlərdə sportinfo.az saytına açıqlama verən, “Keşlə”də çalışdığı qısa müddətdə paytaxt klubu ilə ölkə kubokunu başı üzərinə qaldıran Yuri Maksimov bölgə təmsilçisinə xidmətini təklif etdiyini açıqlayıb: “Menecerim xidmətimi "Qəbələ"yə təklif edib. Amma hələ cavab verməyiblər. Dedilər ki, fikirləşəcəyik. Yəni ortada konkret nəsə yoxdu. "Qəbələ"də işləyərəmmi? Böyük məmnuniyyətlə". Ukraynalı məşqçinin sözlərindən belə aydın olur ki, klub rəhbərliyi baş məşqçi postunda əcnəbi çalışdırıcı görmək istəyir və bu yöndə axtraışlarını davam edtririr.
Məsələ ilə bağlı klubun baş meneceri Zaur Əzizovun mövqeyini öyrəndik: “Hazırda konkret danışıq apardığımız məşqçi yoxdu. Müəyyən mütəxəssislər var ki, menecerləri vasitəsi ilə komandamızın “sükanı arxasına” keçməyə hazır olduqlarını bildiriblər ki, onlardan biri də Yuri Maksimovdu. Kiminləsə danışıq masası arxasına keçmək üçün onun qarşısına qoyulacaq məqsəd müəyyənləşməlidi. Çünki yeni gələn çalışdırıcı qitəmiqyaslı turnirlərə vəsiqə uğrunda mübarizə aparmaq məqsədi ilə gətiriləcəksə, o da öz növbəsində heyətin gücləndirilməsini tələb edəcək. Bunu qarşılaya biləcəyik, ya yox, hələ bu sualın cavabına aydınlıq gətirilməlidi. Ancaq ikinci versiya da var ki, dəvət olunacaq mütəxəssisə cari mövsüm üçün əlindəki heyəti tam formalaşdırmaq və artıq növbəti çempionatda iddialı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq kollektiv yaratmaq tapşırığı veriləcək”.
Baş menecer “qeyri-müəyyənlik nə vaxta kimi davam edəcək” sualına isə belə cavab verdi: “Bunu mən deyə bilmərəm. Qərar ən yuxarı instansiyada verildikdən sonra mənə aid hissəyə start verə bilərəm”.
RƏŞAD