Komandanı “Sumqayıt”la oyuna Rövşən Babayev çıxaracaq
Elşad Əhmədovun “Sabah”ın baş məşqçisi postundan istefa verməsindən sonra bu dəqiqə əsas söhbət mövzusu yeni çalışdırıcının kimliyidi. Düzdü, rəhərlik bu vəzifəni hələlik Rövşən Babayevə həvalə edib. Lakin Babayevin əvəzedicilərə rəhbərlik etdiyini və premyer-liqada baş məşqçi kimi təcrübəsinin olmadığını nəzərə alsaq, orda duruş gətirəcəyi inandırıcı deyil.
Buna baxmayaraq, yeni mütəxəssisin kimliyi və işinə nə vaxt başlayacağı ilə bağlı məlumat verilmir. Məsələnin nə yerdə olduğuna aydınlıq gətirmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxlasaq da, konkret cavab ala bilmədik: “Dediyiniz məsələ hələ ki açıq qalmaqdadı. Bildiyiniz kimi, Elşad Əhmədovun istefası bazar ertəsi qəbul olundu. Yəni üstündən cəmi iki gün keçib. Qısa müddətdə baş məşqçi tapmaq, müzakirələr aparıb razılığını almaq mümkünsüz görünür. Belə deyim, vaxt aparan prosesdi. Çox güman, həftəsonu “Sumqayıt”la oyuna komandanı Rövşən Babayev çıxaracaq. Yeni baş məşqçinin kimliyinə aydınlıq gələn kimi dərhal saytımız vasitəsi ilə mətbuata açıqlama verəcəyik. Yerli, yoxsa əcnəbi olacaq? Bu işlə klub rəhbərliyi məşğul olur deyə, sualınıza cavab verə bilməyəcəm”.
Həmkarımız suala konkret cavab verməsə də, bizdə olan məlumata görə, “Sabah” rəhbərliyi legioner məşqçinin xidmətində maraqlıdı. Onun bizə tanış, yoxsa yad sima olduğunu müəyyən etmək isə çətindi. “Sumqayıt”la oyuna qədər klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək ki, məhz həmin tədbirdə baş məşqçi məsələsi müzakirə predmeti olacaq.
HƏBİB