Bakıya “ağır ayaqlı” hakim gəlir
“Qarabağ” – “Sevilya” qarşılaşmasına hədsiz maraq var. Hələ satışa çıxarılan gün 10 min azarkeş biletə sahib olmuşdu. Dünən klubun mətbuat katibi Nurlan İbrahimova son məlumatı almaq üçün zəng edəndə isə sevindirici xəbər aldıq: “25 min bilet satılıb”.
Futbolsevərlərin canfəşanlığını nəzərə alsaq, bu gün axşama qədər biletlərin tükənəcəyini təxmin etmək çətin deyil. Yeri gəlmişkən, 28-ci sektor qonaq azarkeşlər üçün saxlanılmışdı. Lakin “Sevilya” İspaniyadan gələn fanatlar üçün “Qarabağ”a müraciət etmədiyindən, həmin sektorun biletləri də yerli tərəfdarlara satılacaq. İspanlar müəyyən sayda birinci sinif biletlər sifariş edib ki, bu da mərkəzi sektora aiddi. Qısası, 31200 azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunun tam dolacağını əminliklə söyləmək olar. İspaniyadan Bakıya isə 11 həmkarımız təşrif buyuracaq. “Sevilya”nın mətbuat katibliyindən “Qarabağ”a bu haqda məlumat verilib. Bu bilgiləri də Nurlan bəydən aldıq.
Yeri gəlmişkən, sentyabrın 19-u, saat 21.00-da başlayacaq oyunda start fitini Ukraynadan olan hakim səsləndirəcək. UEFA-nın Hakimlər Komitəsi qarşılaşmanı Yevgeni Aranovskiyə həvalə edib. Yan xətdə ona Semyon Şlonçakla İqor Alokin kömək edəcəksə, dördüncü hakim funksiyasını Yaroslav Kozuk yerinə yetirəcək.
İndiyə qədər 49 beynəlxalq oyun idarə etmiş Aranovskini diqqətli ölkə futbolsevərləri üçün tanış sima saymaq olar. Hər halda, ukraynalı ədalət təmsilçisinin yaxın keçmişdə Bakıya iki dəfə səfər etməsi belə düşünməyə əsas verir. Yevgeni ilk dəfə əsas yığmamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə “Bakcell Arena”da qarşılaşanda, yəni 2014-ün noyabrında paytaxtımıza təşrif buyurub. Həmin matç ki, yığmamız 0:1 hesabı ilə uduzmuşdu. Növbəti səfəri isə düz iki il sonra, yenə noyabrda reallaşıb. Bu dəfə Avroliqanın qrupunda çıxış edən “Qəbələ”nin “Anderlext”lə oyununu idarə etmək üçün gəlib. Təəssüf ki, növbəti dəfə təmsilçimizin yenilgisinə şahidlik edib – 1:3.
“Qarabağ”ın oyunlarında görünməsə də, “Sevilya”nın meydanda olduğu qarşılaşmada əsas söz sahibi olub. Bu, 2013-ün avqustuna təsadüf edir. İspanlar Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində Podqoritsada “Mladost”la üz-üzə gələndə Aranovski 7 dəfə mərkəzi göstərib. “Qarabağ”ın rəqibi 6:1 hesabı ilə qələbə qazanıb. Ümid edək ki, nəhayət, ayağı bizimkilər üçün düşərli olacaq. Hər halda, “atalar üçdən deyib” məsəlindəki 3-cü cəhd bir çox hallarda uğurlu olur.
HƏBİB