Sizin reklam burada

"Qəbələ" qol, xal və qələbə sindromunu qırdı

Baxış Sayı:708


14. Sabah (Bakı) - Qəbələ 0:1 (0:0)
1. Saşa Stamenkoviç - 5,0
17. Məhəmməd Mirzəbəyov - 3,5
(22. Məqsəd İsayev, 78) - qiymətsiz
15. Ruslan Abışov (k) - 4,0
4. Bəhlul Mustafazadə - 4,5
21. Təmkin Xəlilzadə - 4,5
14. Rəşad Eyubov - 4,0
7. Coşqun Diniyev - 4,5
26. Ozancan Kökcü - 4,5
27. Hendrik Ekşteyn - 3,5
(10. Cavid İmamverdiyev, 46) - 4,0
23. Amadu Diallo - 4,0
19. Rocer Roxas - 3,5
(9. Ulise Diallo, 46) - 3,5
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
5. Kərim Diniyev
6. Vadim Abdullayev
11. Şakir Seyidov
13. Filip İvanoviç
99. Abbas Ağazadə
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç

1. Anar Nəzirov (k) - 5,0
8. Qismət Alıyev - 5,0
5. Rasim Ramaldanov - 4,5
3. İvitsa Zuniç - 5,5
2. Amin Seydiyev - 5,0
10. Klesio Bauk - 5,5
(19. Rövlan Muradov, 66) - 4,5
7. Roman Hüseynov - 5,5
(4. Sadiq Quliyev, 89) - qiymətsiz
77. Merab Qiqauri - 5,0
21. Fernan Lopes - 6,0
(74. Yusif Nəbiyev, 76)
9. Davit Volkov - 5,0
14. Ülvi İsgəndərov - 4,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
13. Kristian Kuaku
15. Vüsal Məsimov
20. Faiq Hacıyev
22. Rüstəm Nuriyev
28. Murad Musayev
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Fernan Lopes
Qol: R.Hüseynov, 47 (F.Lopes).
Vərəqələr: R.Roxas, 25 (qeyri-idman hərəkəti). R.Eyubov, 45+3 (qeyri-idman hərəkəti). Ü.İsgəndərov, 45+3 (hakimin qərarına etiraz). F.Lopes, 49 (qeyri-idman hərəkəti). A.Nəzirov, 52 (hakimin qərarına etiraz). C.Diniyev, 64 (qeyri-idman hərəkəti). İ.Zuniç, 77 (qeyri-idman hərəkəti). M.İsayev, 81 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
14 sentyabr. Masazır. Bank Respublika Arena. 1000 tamaşaçı (13000 yerlik).
Oyunun qiyməti: 5,0.
Məlum məsələdi, "Qəbələ" ikihəftəlik fasilə dönəmində yeni baş məşqçi ilə hazırlaşmışdı, komanda qolsuzluq, xalsızlıq, qələbəsizlik sindromuna son qoymağa can atacaqdı. Ancaq "Sabah"ın da dönüş etməyə ehtiyacı var idi axı. İddiası yerə-göyə sığmayan masazırlıların, başının üstünü qara buludlar alan Elşad Əhmədovun yetirmələri də ilk 3 oyunda qələbə qazana bilməmişdi. Masazırdakı görüş yayda "Qəbələ"ni "Sabah"a dəyişən Bəhlul Mustafazadə üçün xüsusi prinsipiallıq daşıyırdı. Millinin müdafiəçisi sabiq komandasına qarşı oynayırdı.
Bəribaşdan qeyd edək ki, oyun maraqsız alındi. Xüsusilə ilk hissədə temp yox idi. Ancaq elə start dəqiqələrindən hiss olundu ki, qonaqlar meydan sahiblərindən daha istəklidi. İlk təhlükə 4-cü dəqiqədə "Sabah"ın qapısı qarşısında yarandı. "Qəbələ"nin gənc yarımmüdafiəçisi Roman Hüseynov qarşısında boş zona görüb cərimə meydançasına qədər irəlilədi və qüvvətli zərbə endirdi. Di gəl ki, top üstdən keçdi. 10-cu dəqiqədə Volkov cinahda Təmkinlə ikili mübarizədən qalib ayrıldı və bir qədər irəliləyib uzaq küncü nişan aldı. Stamenkoviç mükəmməl reaksiya ilə topu qapı çatının altından çıxardı. 20-ci dəqiqədə "Qəbələ" daha bir təhlükəli hücum gerçəkləşdirdi. Lopesin ara ötürməsindən sonra soldan cərimə meydançasına şığıyan Klesionun iti bucaq altında "çərçivə"yə göndərdiyi topu Stamenkoviç yaxın dirəyin dibindən ayağı ilə çıxara bildi. Yorucu ilk yarını "Sabah" üstün bitirə bilərdi. 44-cü dəqiqədə Təmkinin cinahdan ötürməsini Eyubov 7-8 metrdən tora sala bilmədi. İlk hissəyə əlavə olunmuş sonuncu dəqiqədə "Qəbələ" daha bir real qol imkanını əldən verdi. Standart vəziyyətdən sonra cərimə meydançasına havalandırılan top Volkovun önünə düşdü. Gürcü yarımmüdafiəçi əlverişli vəziyyətdən topu Stamenkoviçin üstünə vurdu. Epizodun davamında Seydiyevin yenidən qapı önünə göndərmək istədiyi topun qarşısını Eyubov əllə kəssə də, zəif idarəçiliklə yadda qalan Vüqar Həsənli penalti təyin etmədi.
İkinci yarıya da fəal başlayan "Qəbələ" hesabı açdı. Qolu Lopes təşkil etdi. Üç müdafiəçinin əhatəsindən çıxan ispan legioner topu cərimə meydançasının qövsü içərisində olan Romana ötürdü. Onun zərbəsini isə Saşa dəf edə bilmədi. Beləliklə, Hüseynov "Qəbələ"nin cari mövsümdə ilk qolunun müəllifi kimi tarixə düşdü. 53-cü dəqiqədə fərq arta bilərdi. Ülvi İsgəndərovun saxlamadan qapıya ünvanladığı topu Stamenkoviç əla reaksiya ilə kornerə çıxarmağı bacardı. Ümumiyyətlə, oyunda üstün olan tərəf "Qəbələ" idi. Düzdü, top "Sabah"da daha çox olurdu, ancaq qonaqlar rəqibin kəsərli hücum qurmasına imkan vermir, əksinə, özləri rəqibi daha çox narahat edir, təhlükəli həmlələri sıralayırdılar. Bununla belə, 60-cı dəqiqədə "Qəbələ"nin qapısı qarşısında həyəcanlı anlar yaşandı. Standart vəziyyətdən sonra yaranan qarışıqlıqdan İmamverdiyev yararlana bilmədi. Daha doğrusu, top dirəkdən döndü. Bundan bir qədər əvvəl isə Stamenkoviç Zuniçin baş zərbəsini dəf etməklə qola imkan verməmişdi.
78-ci dəqiqədə az qala hesab bərabərləşəcəkdi. Nəzirov uzaqdan vurulan və o qədər də qüvvətli olmayan zərbəni zərərsizləsdirməkdə çətinlik çəkdi. O, topu əlindən önünə buraxdı ki, Ulise Diallo özünü yetirib təkrar zərbə endirdi. Ancaq Nəzirov bu dəfə inamlı oynayıb qola imkan vermədi. Beləliklə, "Qəbələ" bu mövsüm ilk xal(lar)ını 1 qolla qazandı və sonuncu pillədən qurtuldu. Əvəzində "Sabah" zirzəmiyə yuvarlandı.

Gözdən qaçmadı
* "Qəbələ"də baş məşqçi dəyişikliyi olsa da, bu, de-yure belədi. De-fakto isə hər şey əvvəlki kimidi: Sənan Qurbanov kimi, Elmar Baxşıyevin də məşqçi kateqoriyasının olmaması səbəbindən protokolda baş məşqçi Zaur Həşimov göstərilmişdi.
* İlk yarıda "Qəbələ"nin yararlandığı qapı torunda problem yaranmışdı. Hətta AFFA nümayəndəsi Eldaniz Musayev də gəlib baxdı, yalnız bundan sonra problem aradan qaldırıldı.
* İvitsa Zuniç qoruyucu maska ilə meydana çıxmışdı. Qeyd edək ki, müdafiəçiyə Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Dinamo"su ilə görüşdə komanda yoldaşı Rasim Ramaldanov xəsarət yetirmişdi. Qarşılaşmanın 40-cı dəqiqəsində Rasimlə İvitça kəllə-kəlləyə toqquşmuş, huşunu itirən legioner “ambulans”la xəstəxanaya aparılmışdı.
* Təmkin Xəlilzadə oyundan sonra onu klub avtobusunun qarşısında gözləyən xanımı ilə taksiyə əyləşib Masazırı tərk etdi. Bu zaman bir məqam diqqətimizdən yayınmadı. Azyaşlı azarkeşlərdən biri futbolçuya səslənib şəkil çəkdirməyi xahiş etdi. Futbolçunun xanımı dərhal ayaq saxladı və həyat yoldaşına uşağın istəyini bir daha çatdırdı. Ancaq təkidlə xanımının əlindən tutub çəkən futbolçu azarkeşin istəyinə əhəmiyyət vermədi.

Reaksiyalar
Elmar Baxşıyev: "Çətin oyun olacağını bilidik. "Sabah" yaxşı komandadı. Bizim üçün asan olmadı. Çalışdıq ki, ikihəftəlik fasilədə komandanı bu durumdan çıxaraq. Komanda əvvəlki oyununu göstərməyə başladı. Qısa müddətdə əsas nə dəyişdi? Yanaşma. Çalıdşıq ki, ilk 3 oyunu unudaq, sıfırdan başlayaq. Futbolçuları öz güclərinə inandırmağa çalışdıq. Sentyabrın 4-də yığışanda bizə siqnal oldu ki, yaxşı oyun göstərə bilərik. Bunu məşqlərdə hiss etmişdik. "Sumqayıt"la yoxlama matçında keyfiyyətli oyun göstərdik. Davamını bu gün gətirdik. Sənan Qurbanovla uşaqlıqdan bir komandalarda oynamışıq, sonradan bir yerdə məşqçi işləmişik. Hörmət etdiyim şəxsdi. Zəmanət yoxdu ki, məndə hər şey alınacaq. Qeyd etdiyim kimi, ilk gündən futbolçuları inandırmağa çalışdıq ki, heç kimdən zəif deyilik. Qələbədə əsas pay komandanındı, çünki meydanda tapşırıqları futbolçular icra edirlər".
Elşad Əhmədov: "Uduzanda çox danışmaq çətindi. "Qəbələ" bizdən yaxşı oynadı. Gənc futbolçularla daha istəkliydilər, yaxşı döyüşdülər. Bizdə də istək vardı. Ancaq futbolçulardan bəzisi zəif çıxış etdi. Ad çəkmək istəmirəm. İkinci hissənin əvvəlində buraxdığımız qol bizə zərbə oldu. Bundan sonra çalışdıq ki, hesabı bərabərləşdirək, bu alınmayandan sonra daha çətin oldu. Rəqib əks-hücumlar təşkil edərkən bizə daha çətin idi. Komandada baş məşqçi dəyişikliyi rəhbərliyin qərarından asılı olacaq. Nə desələr, qulaq asacağıq. Gələcək taleyim haqda söhbət olacaq. Hardasa 30-40 faiz dəyişiklik olmalıdı. Sistemdə yox, heyət dəyişikliyi ola bilər. Normal komandadı. Bir qələbə lazımdı ki, futbolçuları stressdən çıxarsın. Qlobal dəyişiklik lazım deyil. 4 oyuna 2 xal qazanmışıqsa, əsas günahkar mənəm. Futbolçuları günahlandırmaq fikrim yoxdu. Nəyisə düzgün etmirik. Komanda daxilində hansısa münaqişə yoxdu. Nəinki münaqişə, ona yaxın bir şey də yoxdu. Mehriban kollektivdi. Sadəcə, hücumda qol vuran futbolçu çatışmazlığı hiss edirik. Belə futbolçuya ehtiyacımız var".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR