Vlaşiç: “O, hamını Messi kimi aldadıb, qol vurdu”
Yığma sentyabrın 9-da 2018-ci ildə dünya çempionatının ikincisi olan Xorvatiya kimi rəqiblə 1:1 oynamaqla Avropaya səs saldı. Millimizin məğlubiyyətləri sıraladığı vaxtda belə nəticənin qeydə alınacağı heç kimin yuxusuna girməzdi, o ki qalmışdı inanmaq, ümid etmək.
Qeydə alınan bərabərlikdən sonra istər Xorvatiya yığmasının üzvləri, istərsə də bizə yaxından tanış olan xorvatlar həm öz ölkələrinin, həm də bizim mətbuata maraqlı açıqlamalarla yadda qalıblar.
Luka Modriç: “Təəssüf ki, istədiyimiz 3 xalı qazana bilmədik. Halbuki oyuna kifayət qədər yaxşı başlamışdıq. İlk 20-25 dəqiqə ərzində çox yaxşı çıxış etdik, qol vurduq və daha bir-ikisini də vura bilərdik. Ola bilsin, bundan sonra bir qədər rahatlaşdıq və rəqibə qol şansları yaratmaq imkanı verdik. Azərbaycan millisi oyunun sonlarında hesabı bərabərləşdirə bildi. Deyəsən, bizə işimizi çətinləşdirmək xoş gəlir. Son iki oyunda 4 xal qazanmağı bacarmışıq. Qarşıda hələ 3 matçımız var. Fikrimcə, yekunda Avropa çempionatına vəsiqə qazanacağıq. İlk hissənin ortalarından başlayaraq, nələrin baş verdiyini izah etmək çətindi. Çox yaxşı başlamışdıq və oyunu həmin tempdə davam etdirə bilərdik. Təəssüf ki, hansısa səbəbdən bunu bacarmadıq. Bunu dəcəllik kimi qiymətləndirmək də olar. Çünki həqiqətən də meydanda dominantlıq etdiyimizi görürdük. Sonradan rəqibə təhlükəli epizodlar yaratmaq imkanı verirdik. Matçın gedişində hücumlarını daha da çoxaltdılar və heç nədən bir oyunçusu 3-4 futbolçumuzu keçib bizə qol vurdu. Buna yol vermək olmazdı. Nəticədə qələbəyə gücümüz çatmadı. Gəlin, növbəti oyunlara keçək. Hələ də hər şey öz əlimizdədi. Təbii, xal itkisi məyusedici haldı. Çünki qələbəyə ümid edirdik. Xüsusən o zaman ki, yaxşı oynayıb bu qədər şans yaradırsan. Hələ hər şey açıqdı. Final mərhələsinə vəsiqəyə iddia etmək üçün qarşıda iki ev və bir səfər oyunumuz var. Görünür, bizə hər şeyi sadə sonuclandırmaq xoş gəlmir. Buna görə də mübarizə aparmaqda davam etməliyik. Macarıstanla qarşılaşmada yaxşı ab-hava və əla dəstək gözləyirəm. Uzun müddətdi Split şəhərində oynamırıq. Əlbəttə, qələbəmizə inanıram. Hazırda bütün xallar çox vacibdi. Sonra isə qrupdakı vəziyyətə baxacağıq”.
Dominik Livakoviç: “Oyuna çox yaxşı başladıq. Matçın gedişində nəzarəti əldən verdik. Buna görə üzülürəm. Azərbaycanla matçda xal itkisi planlarımıza daxil deyildi. Ola bilər ki, Azərbaycanla müqayisədə çox güclü olduğumuzu düşünürdük. Futbolda belə halların nəticəsi pis olur. Azərbaycan millisinin daha çox imkanı oldu. İndisə Macarıstana qalib gəlməyimiz lazımdı”.
Borna Barişiç: "Yaxşı oyun göstərib, erkən qol vura bildik. Bundan sonra isə əldə etdiyimiz şansları dəyərləndirə bilmədik. Razılaşıram ki, biz daha yaxşısını edə bilmədik. Onlar cinahdan yaxşı hücumlar edirdilər. Bu, bizim səhvimiz idi. Və nəticədə rəqib qol vura bildi. Yekunda, sadəcə, 1 xalla kifayətləndik. Bu oyun Macarıstana uduzduğumuz matçla, demək olar ki, eyni idi. Ən azı bu matçda məğlub olmadıq. İki oyundan 4 xal qazansaq da, Slovakiyadakı görüşdən sonra bu cür çıxış edəcəyimizi gözləmirdim. Nəticə üzümüzü güldürmədi. Ancaq bundan sonra heç nəyi dəyişə bilmərik. Paltardəyişmə otağında danışdıq ki, ikinci hissədə meydana çıxıb, daha aqressiv oynayacağıq. Ancaq rəqib fasilədən sonra qol vurdu. Həmin qol bizdə daha da gərginlik yaratdı. Əlbəttə, bu hal elə də yaxşı deyil. Biz 3 xal götürə biləcəyimiz səfər matçından 1 xalla ayrıldıq".
Nikola Vlaşiç: “Bu nəticə bizim üçün çox məyusedicidi. İzah etmək çətindi. Düzünü desəm, karyeram ərzində belə oyun keçirməmişdim. Üç xal qazana biləcəyimiz asan oyuna istədiyimiz kimi başladıq və sonra dayandıq. Ancaq davam etməli və növbəti matçlarda qalib gəlməliyik. Buraxdığımız qol epizodunda rəqibin oyunçusuna yaxın idik. Ancaq o, hamını Messi kimi aldadıb, qol vurdu”.
Nikola Yurçeviç: “Xorvatiya ilə oyunda fasiləyə 0:1 hesabı ilə gedəndə şansımızın olduğunu bilirdik. Yekunda layiqli heç-heçəyə nail olduq. Açığı, həmin epizodda məndə elə təəssürat yarandı ki, penalti deyil. Komandamızın meneceri telefonunda həmin epizodu göstərəndən sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm. Futbolçularımız meydanda çox yaxşı idilər. Yalnız bu yolla Xorvatiyanı məğlub etmək olar. Oyundan sonra yaxın dostum Slaven Biliç zəng edərək, məni əla nəticəyə görə təbrik etdi. O, nəticəyə və komandamın sərgilədiyi oyuna görə şad olduğunu dedi”.
Filip Ozobiç: “2016-cı ildən Azərbaycanda oynayıram. Əvvəlcə “Qəbələ”də çıxış edirdim, indi isə “Qarabağ”ın futbolçusuyam. Orda özümü rahat hiss edirəm. Bakı gözəl şəhərdi. Olimpiya stadionunda 70 minə yaxın azarkeşin izlədiyi matçda “Arsenal”a qarşı oynadıq. 0:3 hesabıyla məğlub olduq. Londonda isə 0:1 hesabıyla uduzduq. “Arsenal”a qarşı güclü müqavimət göstərdik və şanslarımızı yoxladıq. Güclü komanda yoldaşlarım var. Xüsusilə Almeyda və Mahir. Onlar Xorvatiya çempionatında çıxış edə bilər. Artıq iki ildi ki, ardıcıl Avroliqanın qrup mərhələsinə yüksəlirik. Bu, yaxşı göstəricidi”.
HƏBİB