Sizin reklam burada

Bir daha yığma haqda...

Title

İtirdiklərimiz də var, qazandıqlarımız da
Belə olacağını heç kim təsəvvür etmirdi. Xorvatiya ilə səfər qarşılaşması heç, Macarıstan və Slovakiya, ardınca Uelslə oyunlardakı məğlubiyyətlər futbolsevərləri həvəsdən salmışdı. Əvvəlki oyunlarda ruh düşkünlüyü yaşayanlar milli üzvlərinin dünya ikincisi olan xorvatlar qarşısında miskin duruma düşəcəyini təsəvvür edir, 90 dəqiqənin tamamında tabloda biabırçı məğlubiyyəti əks etdirən rəqəmlərin yazılacağını təxmin edirdilər. Lakin bu baş vermədi. Müdafiədə intizamlı oyunla yadda qalan yığma bərabərlik qolunu vurdu, iki dəfə hesaba alınmayan qolla azarkeşləri ayağa qaldırdı, iki dəfə qələbə qoluna yaxın oldu. Odu ki, yığma mövzusundakı bəzi məqamlar üzərində “gəzişməyə” dəyər.
Ay səni, Yurçeviç...
Əslində indi yığmanın xal xanasında “1” yox, başqa rəqəmlərdən biri, məsələn, “4”, “5”, hətta “6” yazılmalıydı. Sadəcə, Nikola Yurçeviçin səhvləri buna imkan vermədi. Azərbaycandakı fəaliyyətinin bir ili tamam olmayan xorvat çalışdırıcı Macarıstan, Slovakiya, hətta Uelslə qarşılaşmalarda ciddi nöqsanlara yol verməklə bizim olmalı olan xalların rəqiblərə bağışlanmasına şərait yaratmışdı. Macarıstanla iyunun 8-də keçirilən oyunda baş məşqçi heyət seçimində ciddi səhvlərlə yadda qalmışdı. Özü bunu etiraf etmək istəməsə də, illərdi Azərbaycan futbolunu yaxından izləyənlər görür, bilir, iddia edirdi. Nəticədə macarlar 3:1 hesabı ilə qələbə qazanıb istəyinə çatdı. Üç gün sonra Slovakiya sınağı vardı. Belə məqamda Yurçeviç taktika və futbolçu dəyişikliklərinə əl atmalıydı ki, “sındırdığı baş” da fayda vermədi. Konkretləşdirsək, aradakı qısa zaman kəsiyində komandasının psixoloji durumunu qaydasına sala bilmədi. Nəhayət, Uelslə səfər oyunu. Məğlubiyyətin səbəbkarının kim olduğunu unutmamışıq. Hər iki qolda kobud səhvə yol verən Səlahət Ağayev “qəbirqazan” rolunu oynadı. Həmin qapıçı ki, əvvəlki üç oyunda qapısında 10 top görmüşdü və bir neçə səhvlə yadda qalmışdı. Lakin xorvat çalışdırıcı Emilin haqqına girib, yenə “Neftçi”liyə güvəndi. Halbuki qapıçının səhvləri olmasaydı, milli Kardiffdən də azı 1 xalla dönəcəkdi.
Yığma bu cür oynamalıdı
Uels və Xorvatiya ilə son iki oyun bir faktın üstünü açdı: yığmamız açıq futbol oynamaq gücündə deyil. Necə ki, Macarıstan və Slovakiya ilə matçlarda “1 nömrə” ilə oynayıb, qapısından 8 top buraxmışdı. Son iki görüşdə Yurçeviç ağıllı seçim edib, əsas diqqətin müdafiəyə ayrılmasının vacibliyini anlamışdı. Komandasının xalsız qalmasına baxmayaraq, baş məşqçinin taktiki planı qapıda qol görməmək, əks-hücumlardan maksimum yararlanmaq idi. Və bu seçim özünü doğrultdu. Həm də artıqlamasıyla. Hələ sentyabrın 6-da Uelslə oyunda millinin intizamlı çıxışla seçildiyini görmüşdük. Müdafiə xətti sayıqlığı əldən vermir, yarımmüdafiəçilər daha çox qaçmaqla rəqibin rahat hücum qurmasının qarşısını alırdı. Səlahətin o səhvləri olmasaydı, çəkilən əziyyət xalsız qalmayacaqdı. Xorvatiya ilə oyun isə Kardiffdəki görüşün davamı idi. Zədəli Riçard Almeyda xaric, başqa dəyişiklik edilməmişdi. Oyun da həminkiydi. Nəhayət, “2 nömrə” öz effektini verdi. Yığma bu oyunla Kardiffdən xalla qayıtmağa yaxın olub, xorvatları məyus etməyi bacardısa, Macarıstan və Slovakiya milliləri ilə oyunlarda daha artığını görə bilərdik. Milli bu cür oynamalıdı, başqa cür bizlik deyil.
Yeni nəsil ümid verdi
Bu iki oyun bizə təkcə 1 xal qazandırmadı. Həm də yığma formasında bir neçə futbolçu alqış qazandı, diqqəti çəkdi, gələcəyə ümid verdi. Bəli, son dövrlər millidə nəsildəyişmə və gəncləşmə prosesi gedir. Razıyam, Mahir Əmrəli ilə Ramil Şeydayev bu günün “məhsulu” deyil. Amma yaşlarına baxanda adamın üzü gülür. Yenilərdən danışırıqsa, bu mənada Anton Krivostyukla Bəhlul Mustafazadənin, eləcə də 30 yaşlı Şəhriyar Əliyevlə illərdi Kamran Ağayevlə Səlahət Ağayevin kölgəsində “çürüyən” Emil Balayevi fərqləndirməliyik. Deməli, yığmanın yeni nəslinin gələcəyinə ümidlə baxmağa dəyər. Sadəcə, həmin Anton, Mahir, Bəhlul da Emillə Ramil kimi xaricdə çıxış etməli, Avropa futbolunun içində olmalıdı. Bu baş versə, futbolumuz daha artığını qazana bilər.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.