Xorvat həmkarımız yığma üzvlərini göydən yerə vurdu
Zlatko Daliçin yetirmələrinin Bakıda xal itirməsi Xorvatiyada birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə azarkeşlər narazılıq edir, həmkarlarımız isə bacarıqlarını çalışdıqları sayt və qəzetlərdə ortaya qoyur.
Həmkarlarımızın toxunduğu xüsusi məqamlardan ən əsası Azərbaycanda ruhsuz komandanın oynamasıdı. Bir neçə belə yazıya rast gəlsək də, onların arasında ən maraqlısı İvitsa Medonun dnevnik.hr saytı üçün qələmə aldıqlarıdı:
“Xorvatiya millisi alovdu, oddu, atəşdi. Onların nə vaxt nə edəcəyini heç kim təxmin edə bilməz. Həm mənfi, həm də müsbət mənada deyirəm. Slovakiya ilə oyundan əvvəlki vəziyyətdən xəbəriniz var idi. Problemlər çox idi, xüsusən də aparıcı futbolçuların yoxluğu ab-havanın qaydasında olmadığını göstərirdi. Başqa cür desəm, psixoloji durum insanlarda kifayət qədər narahatlıq yaratmışdı. Ona görə də Trnavadakı matçdan əvvəl 90 dəqiqə ciddi şübhələrə yol açmışdı. Çox az adam Xorvatiyanın Slovakiyanı məğlub edəcəyinə inanırdı.
Müşahidələrim əsasında belə bir qənaətə gəlmişəm. Millinin futbolçularını daha çox tənqid və müzakirə edəndə onlar meydanda aslana dönür. Onlar qazonda əllərindən gələni edirlər, nəticədə Slovakiyanın qapısından 4 cavabsız top keçirirlər, 3 gün sonra isə səfərdə Azərbaycan millisi ilə qarşılaşırlar.
Buna qədər keçirdiyi 4 oyunun hamısında məğlub olan, qapısında 12 top görən həmin Azərbaycan yığması. “Bakcell Arena”da Slovakiyanın 5, Macarıstanın 3 qol vurduğu rəqibin qapısına xorvat futbolçular cəmi 1 dəfə yol tapa bilir. Sonradan öz qapılarında qol görürlər və oyun bu hesabla yekunlaşır. Çünki Trnavada top dalınca vitse-çempion qvardiya halında qaçırdı, hamı mübarizə aparırdı. Bakıda isə meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı. Xüsusən ikinci yarıdakı zəif oyunlarına ad tapmaq olmur. Nəticədə kapitanın (Luka Modriç) ad gününə qara lent bağladılar. 3-5 nəfər birləşib Lukaya doğum günü hədiyyəsi edə bilmədi. Bu futbolçular Bakıdakı heç-heçə ilə Trnavadakı darmadağını unutdurdular, o qələbəni lazımsız etdilər. Və yenə “edam edən” xorvatiyalı məşqçi oldu – Nikola Yurçeviç. Çünki xorvatı xorvatdan yaxşı tanıyan yoxdu, ola bilməz.
Oyun başa çatan kimi kameralar Modriçi göstərdi. Dodağını dişlədi, gözlərini bir nöqtəyə zilləyib nəsə düşünürdü. Sanki öz-özünə bu sözləri deyirdi: “həqiqətənmi biz buyuq...”.
Xorvat insanının, lap elə futbolçusunun da psixologiyası belədi: dünən qalib olmuşamsa, dünya məndən danışırsa, belə də davam edəcək, mən hamıdan güclüyəm. Lakin ağıllarına gəlmir ki, sən nə vaxtsa səni saya almayanları üstələmişdin, sabah sənin hesaba almadıqların səni üstələyə bilər. Bu düşüncə onlara yaddı.
Daliçlə işim yoxdu. Heyət seçimində müəyyən səhvləri vardı, əvəzetmələri gecikdirdi, matçın gedişində oyuna psixoloji təsir edə bilmədi – bütün bunlar onun səhviydi. Amma itirilən 2 xala görə onu günahlandırmağın tərəfdarı deyiləm. Çünki hətta bundan artıq səhvlər etməklə bu heyət qrupda xala həsrət qalan rəqibi məğlub etməliydi. 3 ay əvvəl macarlarla slovakların etdiyi kimi”.
HƏBİB