U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 2-ci qrup
Azərbaycan - Gürcüstan 0:3 (0:1)
12. Kamran İbrahimov
(1. Şahin Zəkiyev, 70)
2. Amin Seydiyev
3. Turan Manafov
4. Hüseyn Seyliğli
5. Nihad Tamazov
6. Hacıağa Hacılı (k)
10. İsmayıl İbrahimli
(14. Elvin Cəfərquliyev, 46)
11. Şakir Seyidov
16. Doğukan Öksüz
(23. Musa Qurbanlı, 60)
17. Fərid Nəbiyev
(8. Rafael Məhərrəmli, 46)
21. Barış Əkinçiər
(19. Tural Bayramlı, 86)
Ehtiyat oyunçular
7. Nicat Süleymanov
9. Rövlan Muradov
13. Murad Qayalı
15. Ege Atlam
Baş məşqçi: Milan Obradoviç
12. Luka Quqeşaşvili
2. Nikolos Mali
(13. Nuqzar Spanderaşvili, 86)
3. İlia Beriaşvili
4. Luka Loxoşvili
5. Davit Kobouri
7. Georgi Arabidze (k)
8. Georgi Kutsia
9. Nika Ninua
(10. Georgi Koxreidze, 70)
11. Vato Arveladze
(17. Paata Kiteişvili, 78)
14. Beka Kavtaradze
(20. İrakli Buqridze, 70)
18. Luka Silaqadze
Ehtiyat oyunçular
1. Georgi Mamardaşvili
15. Aleksandr Andronikaşvili
16. Laşa Uqrexelidze
21. Luka Lakvexeliani
22. Revaz İnjgia
Baş məşqçi: Georgi Tsetsazde
Qollar: V.Arveladze, 45+3 (0:1). İ.Buqridze, 73 (0:2). G.Arabidze, 84 (0:3).
Vərəqələr: N.Tamazov, 24. H.Hacılı, 26. D.Kobouri, 29. H.Seyliğli, 39. Ş.Seyidov, 51. G.Arabidze, 52 - sarı. H.Hacılı, 49 - qırmızı (ikinci sarı).
Hakimlər: LORAN KOPRİVA, Klod Ries, David Mateus Santos, Aleks Krager (hamısı Lüksemburq).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).
UEFA nümayəndəsi: Nikola Kostov (Şimali Makedoniya).
10 sentyabr. Mərdəkan. Dalğa Arena.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
AÇ-nin seçmə mərhələsi çərçivəsində Slovakiya üzərində gözlənilmədən qələbə (2:1) qazanan 21 yaşadək futbolçulardan ibarət yığmamız srağagün növbəti sınağına çıxdı. Budəfəki rəqib Gürcüstan idi. Qonşularımızın seçmə mərhələyə Lixtenşteyn üzərində darmadağınla başlaması xüsusi anlam daşıyırdı. Milan Obradoviçin komandası da qrupda ilk oyununu bu komandaya qarşı keçirmiş və uduzmuşdu. Ancaq Slovakiya üzərində 4 gün öncəki qələbə bizi yenidən ümidləndirmişdi. Hətta U-21-in tarixində rekord xal qazana biləcəyinin mümkün xəyalını qurmağa başlamışdıq. Lakin gürcülər yığmamıza elə dərs verdi ki...
Oyuna rəqib yaxşı başladı. Gürcülər topu özündə yaxşı saxlamaqla rəngarəng hücumlar təşkil edirdi. Yığmamız isə əks-hücum taktikası seçmişdi. İlk cəhdimiz 7-ci dəqiqəyə təsadüf etdi. Ancaq Hacıağanın cərimə meydançasının həndəvərindən vuruşu qeyri-dəqiq alındı. İlk ən təhlükəli vəziyyət isə qapımız qarşısında yarandı. 16-cı dəqiqədə kəsərli hücum təşkil edən qonşuların sevinməsinə Kamran İbrahimov mane oldu. Qapıçımız əvvəlcə Kavtaradzenin, ardınca Arveladzenin vuruşunu əla reaksiya ilə zərərsizləşdirdi. 24-cü dəqiqədə Obradoviçin komandası baxımlı hücumla yadda qaldı. İsmayılla qısa paslaşmanın ardından Barış zərbə mövqeyinə çıxsa da, vuruşu zəif alındı və top düz qapıçının üstünə getdi. 35-ci dəqiqədə Kamran Ninuanın uzaqdan təhlükəli zərbəsini iki cəhddə olsa da, ram etməyi bacardı. 41-ci dəqiqədə Ninuanın cərimə zərbəsindən sonra Kamran növbəti dəfə komandamızı qoldan xilas etdi. Ancaq "Neftçi"nin qapıçısı ilk yarıya əlavə olunmuş dəqiqələrdə çıxışda yol verdiyi kobud səhvlə həm öz əziyyətini yerə vurdu, həm də yığmanın işini çətinləşdirdi. Kornerdən qapı qarşısına göndərilən topa yüksələn İbrahimovun əli boşa çıxdı və belədə Şota Arveladzenin oğlu Vato “çərçivə”ni dəqiq nişan aldı - 0:1.
U-21-in ikinci hissəyə daha yaxşı başlayıb məğlubiyyətdən qurtulmağa çalışacağını gözləmək olardı. Ancaq startda iki dəyişikliyə əl atan Obradoviçin komandanın iki liderini - Fəridlə İsmayılı əvəzləməsi anlaşılmaz qaldı. Üstəlik, hissənin əvvəlində - 49-cu dəqiqədə milli azlıqda qaldı. Kapitan Hacıağa ikinci xəbərdarlıqdan sonra meydandan qovuldu. 10 nəfərlə qalan U-21 56-cı və 58-ci dəqiqələrdə qapısında növbəti qolu görə bilərdi. Kamran əvvəlcə Arveladzenin, künc zərbəsindən sonra Nikolas Malinin təhlükəli vuruşunu mükəmməl reaksiya ilə dəf etdi. 70-ci dəqiqədə U-21 məcburi dəyişikliyə məruz qaldı. Kamran gürcülərin hücumunu zərərsizləşdirərkən zədələndi və yerini Şahin Zəkiyevə verdi. Bundan cəmi 3 dəqiqə sonra Şahin topu tordan çıxarmalı oldu. Meydana cəmi 3 dəqiqə əvvəl çıxan Buqridze əks-hücumdan sonra hesabı 2:0-a çatdırdı. 84-cü dəqiqədə isə Gürcüstan hesabı darmadağın həddinə çatdırdı. Arabidze çoxgedişli kombinasiyanı qola çevirməklə matçda son nöqtəni qoydu - 0:3.
Qeyd edək ki, çərşənbə axşamı yığmamızın qrupunda daha bir oyun keçirilib. İsveçrə səfərdə Lixtenşteynin daşını daş üstə qoymayıb - 5:0.
1. Gürcüstan 2 2 0 0 7-0 6
2. İsveçrə 1 1 0 0 5-0 3
3. Lixtenşteyn 3 1 0 2 1-9 3
4. AZƏRBAYCAN 3 1 0 2 2-5 3
5. Slovakiya 1 0 0 1 1-2 0
6. Fransa 0 0 0 0 0-0 0
MİRAĞA
Reaksiyalar
Milan Obradoviç: "Gördüyünüz kimi, ilk topu birinci hissənin son saniyəsində vurdular. İkinci yarıda planımız hücum etmək idi. Xüsusilə cinahlarda sürəti artırmalıydıq. Ancaq başlayan kimi qırmızı vərəqə almaqla azlıqda qaldıq. Bilirdik ki, gürcülər “ikinci mərtəbə”də guclüdülər, standart vəziyyətlərdə yaxşı oynayırlar. Onların daha bir üstünlüyü sürətli əks-hücumlardı. Buna baxmayaraq, hesabda geri olduğumuza görə irəli atılmalıydıq. Bu da müdafiədə azalmağımızı şərtləndirdi. Nəticədə iki dəfə əks-hücumda yaxalandıq. Zənnimcə, belə diskomfortun səbəbi çoxsaylı sarı vərəqələr idi. Hesab edirəm ki, Hacıağaya göstərilən ilk sarı vərəqə düzgün deyildi. Uşaqlar öz komandalarında elə də çox oynamırlar. Aqressivliyə görə onlara ancaq təsəkkur edə bilərəm. Çünki bu, Azərbaycan, forma, vətən uğrunda döyüşmək üçün böyük istəkdən irəli gəlir. Futbolçularımız ardıcıl ikinci qələbəni bayram erməyi çox istəyirdillər. Slovakiya və Gürcüstanla oyunları birləşdirsək, keçirdiyimiz 4 hissənin üçündən razı qaldım. Bugünkü görüşün 2-ci yarısında da istəkliydik. Amma azlıqda qalmağımız sözünü dedi. Məqsədimiz hər oyunda futbol oynamaq və rəqibdən ən azı 1 top artıq vurmaqdı. Dərin təhlildən sonra sualınıza ətraflı cavab verə bilərəm. Bütün hallarda daha çox işləməliyik ki, sizin də, mənim də arzuladığımız nəticəyə qovuşaq".
Georgi Tsetzadze: "Fikrimcə, yaxşı oynadıq və layiqli qələbə qazandıq. Üç xal qazanmağımız məntiqəuyğun idi. Bunu ilk növbədə göstərdiyimiz oyuna görə haqq etdik. Əlbəttə, ilk hissənin sonunda qol vurmağımız yaxşı oldu. Nəticədə fasiləyə yüksək əhval-ruhiyyədə getdik. Ancaq onu da nəzərə alaq ki, buna qədər də çox qol imkanımız vardı. Fərqi yoxdu ki, hansı dəqiqədə qol vurursan. Əsas bunu reallaşdırmaqdı. Biz də bunu etdik və qalib gəldik. Bizim üçün fəqqi yox idi ki, hansı hesabla qalib gələk. Əsas üstünlüyümüz rəqibin qırmızı vərəqə almasından sonra oldu. Sonda belə alındı ki, 3:0 hesabıyla qalib gəldik. Fikrimcə, Azərbaycan yığması yaxşı komandadı. Məncə, rəqibimiz Slovakiya ilə görüşdən sonra yorulmuşdu. Hansı ki, yaxşı oynayaraq layiqli qələbə qazanmışdı".
Kamran İbrahimov: "İstəkliydik. Çalışdıq, əlimizdən gələn bu idi. İstəyimiz alınmadı. Qırmızı vərəqənin matça yetərincə təsiri oldu. Hacıağa Hacılının aldığı birinci sarı vərəqə düzgün deyildi. Hakim hər qayda pozuntusuna sarı vərəqə verirdi. Zədələnməyimə gəlincə, barmağımı tərpədə bilmirdim. Komandaya kömək edə bilməyəcəyim üçün əvəzləndim".
Hüseyn Seyliğli: "Matça yaxşı başladıq. Birinci hissənin sonlarında çox pis qol buraxdıq. Bu qol əhvalımızı korladı. İkinci yarıya bir az həvəslə başladıq. Futbolçumuz qırmızı vərəqə gördü və bundan sonra edə biləcəyimiz bir şey qalmadı. Davam etməyə çalışdıq. Bizim üçün şanssız gün idi. Bundan 4 gün öncə Slovakiya ilə oyuna çıxdıq. Bizim üçün çətin oyun idi. Qarşılaşmanın sonlarında qol vurduq və qələbə qazandıq. Bu görüşü isə 10 nəfərlə bitirdik. Bəlkə birinci qolu buraxmasaydıq, ikinci hissəyə əzmli çıxa bilərdik. Gürcüstan yaxşı kollektivdi. Amma hesab belə olmalı deyildi. Bu gün 0:3 hesabı ilə uduzmağımıza baxmayın. Bir az yorğunluq var idi. Qırmızı vərəqə də oldu. Bu məğlubiyyətin bizə çox da təsir etməyəcəyini düşünürəm".
Yeri gəlmişkən...
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan – İsveçrə oyununun stadionu müəyyənləşib. Qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da baş tutacaq.
Qeyd edək ki, U-21 Slovakiya və Gürcüstanla ev oyunlarını “Dalğa Arena”da keçirmişdi.