“Qarabağ” həyatımdakı ən gözəl epizodlardan biri olacaq”
“Qarabağ”ın yeni transferi Asmir Beqoviç Bosniya və Hersoqovinanın sportsport.ba saytına müsahibə verib. Bir neçə gün öncə İngiltərənin premyer-liqa təmsilçisi “Bornmut”dan icarə əsasında Ağdam klubuna keçən 32 yaşlı qapıçını dinləyək: “Axır ki Bakı şəhərində yerləşdim. Son günlər çoxlu problemim vardı. Klub dəyişəndə belə olur. İlk təəssüratım necədi? Yüksək. “Qarabağ” həqiqətən bir ailə kimidi. Bakı da çox gözəldi. İnanıram ki, “Qarabağ” həyatımdakı ən gözəl epizodlardan biri olacaq”.
Beqoviç “Qarabağ”a transferinin sürətli alındığını söyləyib: “Başqa klublar da vardı. Amma onu deyə bilərəm ki, “Qarabağ” seçimimdə ən doğru olanı idi. Komanda iddiasına görə də fərqlənir. Bu transfer mənə çox yaxşı göründü. “Qarabağ” yaxşı ənənəsi olan ciddi klubdu. Həmişə titullar uğrunda yarışır və Avropa Liqasının qrupunda çıxış edirlər. Mən özümə olan inamı doğrultmalıyam”.
Qolkiper bildirib ki, klubun iddiası onun qrupda çıxış etməsindən daha önəmlidi: “Qrupumuzda “Sevilya”, APOEL və “F91 Dudelanj” da mübarizə aparır. Fikrimcə, onlarla matçda yaxşı nəticələr qazana bilərik. Amma əlbəttə, asan olmayacaq. APOEL-in “Ayaks”la necə mübarizə apardığını gördük. “F91 Düdelanj” da keyfiyyətli komandadı”.
Beqoviç “Bornmut”dakı durumu haqda danışarkən son ayların onun üçün xaotik keçdiyini dilə gətirib: “Orda vəziyyət günbəgün dəyişirdi. Klublar mənimlə maraqlanırdılar. Çalışırdım ki, mümkün olduğu qədər “Bornmut”da deyilənlərə əməl edim. Amma yekunda mən orda əsas heyətdə oynamırdım. Buna görə də təkliflərdən birini qəbul etdim. Futbolçu kimi öz hüququmu qorumalıydım. Kimlərsə mənə deyir: “sən ehtiyatda qalmalı və pulunu qazanmalıydın”. Amma bu, mənə görə deyil”.
Yığmanın baş məşqçisi Robert Prosineçkinin millidə yenidən oynaya biləcəyinin mümkünlüyü haqda fikirlərinə də toxunan qapıçı bunları bildirib: “Belədisə, yaxşıdı. Milliyə qayıtmaq istəyirəm. Yığmanın qapısını bağlamamışam. Komandamıza hər zaman kömək etmək istəyirəm. İndi ən vacibi millinin əvvəlki gücünə qayıtmasıdı. Heyf ki, Ermənistana uduzduq. Amma bu, futbolda olan şeydi”.