“Minimum ikinci olmaq üçün əlimizdən gələni edəcəyik”
Bugünlərdə Maltanın paytaxtı Vallettada təlim-məşq toplanışında olan U-19 artıq vətənə dönüb. Samir Əliyevin rəhbərlik etdiyi yığma toplanış dönəmində Maltanın eyni yaş qrupu üzrə yığması ilə iki yoxlama görüşü keçib ki, hər iki matç heç-heçə bitib. İlk qarşılaşmada 2:2 hesabı qeydə alınmışdısa, sonuncu qolsuz “sülh”lə başa çatıb. Onu da xatırladaq ki, Əliyevin çalışdırdığı kollektiv AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu oktyabrın 9-da Norveçə qarşı keçirəcək. İkinci turda yığmanın rəqibi meydan sahibi Çexiya olacaq. Bu matç 12-nə təyin olunub. Qrupun son qarşılaşmasında isə 19 yaşadək futbolçulardan ibarət komanda oktyabrın 15-də San Marino ilə üz-üzə gələcək.
Dünən Samir Əliyevlə əlaqə saxlayıb, həm Malta ilə oyunlar haqda danışdıq, həm də seçmə mərhələ ərəfəsində U-19-un durumunu müzakirə etdik.
- Vallettada təşkil olunan təlim-məşq toplanışında rəhbərlik etdiyiniz yığma Maltadan olan həmyaşıdları ilə qarşılaşdı. Hər iki görüş heç-heçə başa çatıb ki, bu da müəyyən söz-söhbətə yol açıb. Adalılar bu qədər güclüdü ki, hər iki görüş “sülh”lə yekunlaşdı?
- Yəqin ki, mənim səmimiyyətimə inanırsız. Heç vaxt boğazdan yuxarı danışmağı, pafoslu çıxışları xoşlamamışam. Ancaq tam səmimiyyətimlə deyirəm ki, çalışdırdığım komanda Maltanın U-19-undan güclüdü. Sadəcə, ola bilsin, hər iki görüşdə qeydə alınan nəticə çoxlarını seçmə mərhələ ərəfəsində bədbin fikirləşməyə vadar edib. İlk oyunda 2:0 hesabı ilə öndə idik. Belədə toplanışa yollanan bütün futbolçulara şans yaratmaq üçün çoxsaylı əvəzetmələr etdim. Bu da özünü yekun nəticədə göstərdi. Meydanda oyun intizamı pozuldu. Rəqib son dəqiqələrdə iki top vurmaqla heç-heçə etdi. İki gün sonra keçirilən qarşılaşmada da əsasən az oynayanlara meydana çıxmaq şansı yaratdım. Yenə bərabərlik qeydə alındı. Biz Maltadan güclü idik. Bu hesabda əksini tapmasa da, oyun planında bunu gördük. Çox istərdim ki, rəqib qismində daha güclü yığmalarla qarşılaşaydıq. Daha səviyyəli komanda ilə görüşdə həm axsayan nöqtələrimizi görmək mümkündü, həm də futbolçuların özünəinamı artır.
- Bəs niyə güclü rəqiblə qarşılaşmadız?
- Yanvarda U-19-a baş məşqçi təyin olunmuşam. İlk gündən yoxlama görüşləri üçün rəqib axtarışına çıxdıq. Avropadan tutmuş Asiyaya qədər bir çox ölkələrə yoxlama görüşü keçirməklə bağlı müraciət etdik, federasiyalara məktublar ünvanladıq. Ancaq sanballı rəqib tapa bilmədik. Bilirsiz, Avropada yoxlama görüşlərinin təqvimi 1 və ya 2 il öncədən tutulur. Bütün yığmalar da daha güclü komandalarla oynamaq istəyirlər. Bu üzdən bizimlə qarşılaşmaq istəyən rəqib tapmaq çətindi. Bu məsələ AFFA-nı da narahat edir. Maltadan qayıtdıqdan sonra Məşqçilər Komitəsinin üzvləri, aşağı yaş qrupu üzrə yığmaların əlqələndiricisi Miloş Velebitlə görüşdüm, müəyyən fikir mübadiləsi apardıq. Söhbət əsnasında qərara alındı ki, biz də indidən bir-iki il sonra keçirəcəyimiz yoxlama görüşləri üçün danışıqlara başlamalıyıq, təqvim müəyyənləşməlidi.
- Malta toplanışından sonra hansı fikirdəsiz? U-19 AÇ-2020-nin seçmə mərhələsində qrupdan çıxa bilər?
- Çexiyada keçiriləcək qrup oyunlarında kimlərlə qarşılaşacağımızdan xəbəriniz var. Əsas rəqiblərimiz meydan sahibləri ilə yanaşı, Norveçdi ki, hər ikisi bu yaşda çox güclüdülər. Həm Çexiya, həm də Norveç bu ilin mayında təşkil olunan Avropa çempionatının final mərhələsinə qatılıblar. Hər iki ölkədə uşaq futbolu çox inkişaf edib. İlk iki turda da onlarla qarşılaşacağıq. Həmin iki oyun bizim üçün həyati əhəmiyyat daşıyır. Görək necə olur. İndidən bədbin fikirlər səsləndirmək istəmirəm. Futbolçularıma da güvənirəm.
- AFFA rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?
- İstənilən baş məşqçi və futbolçu üçün uğurlu nəticə qazanmaq, vətənə başıuca dönmək ən böyük məqsəddi. Kim istəməz ki, ölkənin futbol tarixinə düşsün?! Bu sözlər həm mənə, həm də U-19-a dəvət olunan futbolçulara aiddi. Yığma üzvləriylə də bu barədə söhbətim olub. Bəli, rəqiblərimiz güclüdü, ancaq biz də göstərməylik ki, futbol oynamağı bacarırıq. İndiki heyətdə bunu bacaracaq oyunçular var. Onların bir neçəsi şərəfini qoruduğu klubun əsas heyətinə də cəlb olunurlar və bu da bizi sevindirir. Çalışmalıyıq ki, onların böyük futbola keçidinə yardımçı olaq, U-21-də və əsas yığmada oynamalarını təmin edək. Məni heç kim qınamasın, düzünü deyəcəm. Bu yaş qrupu üzrə yığmada ani uğur qazanmaqdansa, futbolçuların irəli getməsi daha vacibdi. Bizi narahat edən əsas məsələ budu. Böyük turnirlərdə U-17, U-19-un heyətində qalib olan millilərin heyətinə nəzərə salanda bir çox futbolçunun bir və ya iki ildən sonra kölgəyə çəkildiyini görə bilərik. Belə səmərəsiz nəticə kimə lazımdı? Mənim əsas məqsədim odu ki, bu gün adını çəkmək istəmədiyim, ancaq U-19-da lider funksiyasını yerinə yetirən oyunçular gələcəkdə daha da inkişaf etsinlər və əsas yığmaya qədər yüksəlsinlər.
- Yəqin ki, qrupdakı rəqiblərin oyunlarını da izləyirsiz...
- Əlbəttə, bunsuz olmaz ki. Məsələn, dünən (srağagün) Çexiya - Belçika matçı keçirildi. Ona da baxdıq. Ümumiyyətlə, istər Çexiyanın, istərsə də Norveçin iştirakı ilə baş tutan görüşləri qrup oyunları ərəfəsində yenidən bir daha izləyib təhlil edəcəyik.
- U-19-un seçmə mərhələ ərəfəsində toplanışı olacaq?
- Xeyr, nəzərdə tutulmayıb. Çünki həm vaxt azdı, həm də artıq AFFA-nın gənclər liqasına start verilib. İlk turun oyunlarını izləmişik və qarşıdakı matçları da diqqətdə saxlayacağıq.
- Qrupda kimi favorit sayırsız?
- Çexiya həm meydan sahibidi, həm də birinci olmağa ən real namizəddi. Norveçin də gücünü söhbət əsnasında vurğuladım. Ancaq biz də əlimizi yanımıza salıb Çexiyaya yollanmayacağıq. Minimum ikinci olmaq üçün əlimizdən gələni edib, sona qədər vuruşacağıq. Bunun üçün rəhbərlik etdiyim komandanın potensialı var. Heyətdə premyer-liqa təcrübəsi olan oyunçular yer alıb ki, onlara çox güvənirik. Son toplanış da göstərdi ki, gənc futbolçu elitada nə qədər çox oyun keçirsə, bir o qədər inamlı təsir bağışlayır. Yenə ad çəkməyəcəm, ancaq “Neftçi”, “Sumqayıt” və “Səbail”dən U-19-a dəvət etdiyimiz belə futbolçular var. Malta ilə görüş bir daha göstərdi ki, həmin yeniyetmələr U-19 liqasında çıxış edən həmyaşıdlarından fərqlənirlər. Onlar meydanda daha inamlı oynayırlar, qarşılaşmadan əvvəl heç bir həyəcan keçirmirlər. Bu isə bu yaş üçün çox böyük üstünlükdü.
RƏŞAD