55 ölkə arasında 47-ci olanların buna haqqı varmı?
Yığmanın Xorvatiya ilə heç-heçəsindən (1:1) sonra ənənəvi mükafat mövzüsu yenidən gündəmə gəlib. Maksim Medvedevlə Cavid Hüseynov böyük bir iştahla bütün komandanın mükafat gözlədiyini bildiriblər. Doğrudu, oyunçular çıxıb birabaşa “bizə mükafat verin” demirlər. Ancaq mükafatla bağlı sual eşidən kimi onların gözləri parıldayır. Özü də bunu elə formada dilə gətirirlər ki, elə bil ayda 250-300 manata dolanırlar. Maksimlə Caviddən götürsək, illərdi futbol oynayırlar. Onminlərlə yox, yüzminlərlə pullları var. Sağlıqlarına qismət, təkcə elə sürdükləri maşının pulu ilə onlarla ailə saxlamaq olar. Hə, bu hər yerdə belədi. Bilirik ki, dünyanın hər yanında futbolçuların yüzminlərlə deyil, milyonlara pulları var. Hətta bəziləri artıq idmançı yox, milyonçu kimi tanınır. Ancaq unutmayaq ki, söhbət bu gün Avropanın 55 yığması arasında cari seçmə mərhələdə göstərdiyi nəticəyə görə 47-ci yerdə qərarlaşan komandanın üzvlərinin mükafat həvəsindən gedir.
Eyni vəziyyət bir dəfə Türkiyə millisində də yaşanmışdı. Arda Turan, Volkan Dəmirəl və Burak Yılmaz mükafat üstündə baş məşqçi Fatih Terimlə əməlli-başlı qırğına çıxmışdı. Doğrudu, bu məsələnin sonda necə həllini tapdığı açıqlanmadı. Ancaq adı çəkilən futbolçulara bu mövzüda – yığmada pul məsələsinə görə problem olub-olmadığı barədə sual veriləndə gözləri parıldamırdı. Tam əksinə, qəti bir dildə bunu təkzib edir, heç bir halda milli forma altında pul söhbətinin olmayacağını bildirirdilər. Daha çıxıb “mükafat olacaq, hər nədisə, min bərəkət”, “mükafat olacaq, futbolçular da bunu gözləyir” kimi ifadələr işlətmirdilər, az qala burdan gələn pulla dolanırlarmış kimi danışmırdılar. Yaxşı, pul istədiyinizi başa düşdük. Onsuz da, yazdıq-yazmadıq, istəyəcəksiz. Özü də ən biabırçı formada. Heç olmasa, bunu mətbuat vasitəsi ilə etməyin. Qazandığınız pulların ondabiri qədər peşəkar olun. Belə sullar veriləndə yalandan olsa da, “biz milli komandada pul üçün oynamırıq” deyin. Yenə də heç kim inanmayacaq - bu öz yerində. Ancaq hər halda, peşəkarlıq belə deməyi tələb edir. Onu başa düşün ki, bu ölkədə heç kim azərbaycanlı oyunçuların puluna göz dikmir. İnanın ki, azarkeşdən tutmuş, jurnalistə qədər heç kimə sizin nə qədər qazanmağınız maraqlı deyil. Ancaq özünüz hər fürsətdə bunu dilə gətirirsiz.
Elə Emin Mahmudovun sözləri ilə davam edək. Xorvatiya ilə oyuna “danışılmış” damğası vuranlara “çox alverçi millətik”, - deyə cavab verib. Maşallah, bir heç-heçə hamının dilini açıb, aslana döndərib. Hə, Emin, alverçiyik. Millinin oyunlarından sonra sizin oturub “görəsən, nə qədər verəcəklər ?” gözlədiyiniz qədər alverçiyik. Litvaya qarşı heç nə edə bilmədiyiniz yoxlama oyununa görə belə mükafat alan siz, alverçi olan biz? Dünyanın hər yerində oyunçular yaxşı nəticələrdən sonra mükafat alırlar. Ancaq qətiyyən özünüzü onlarla müqayisə etməyin. Çünki onlar yaxşı nəticədən sonra alırlar. Sizin kimi beş oyunda 1 xal qazanandan sonra yox.
Əslində məsələyə Xorvatiya üzərində qazanılan bir xal kimi yox, beş oyundan sonra hesabımızda cəmi 1 xalın olması yönündə baxılmalıdı. Nəzərə alınmalıdı ki, yığma evdə Slovakiyadan 5, Macarıstandan 3 top buraxıb. Üstəlik baş məşqçi qrupda sonuncu yeri tutacağımızı deyir. Belə məqamda hansısa uğurdan söhbət gedə bilməz. Qarşıdakı oyunlarda hansı nəticələrin qazanılacağı bilinmir. Ancaq bilinən odu ki, ölkə futbolunun problemləri Xorvatiya ilə oyundan öncə necə var idisə, indi də yerində qalır.
Və daha bir acınacaqlı məqam mükafatın məbləği ilə bağlıdı. Son günlərdə Xorvatiyaya qarşı start heyətində meydana çıxan futbolçuların hər birinin 20-30 min manat qazanacağı söylənililir ki, bunun mümkünlüyünü düşünmək belə absurddu. Böyük ehtimalla qrup sonuncusu olacaq komandanın üzvlərini bu şəkildə mükafatlandırmaq yaxşı heç nə vəd etmir. Əksinə, AFFA bilərəkdən və ya bilmədən futbolçuları zərbə altında qoyur, onları ictimaiyyətin başqa təbəqələrinin gözündə nifrət obyektinə çevirir. Çünki hansı sahədə çalışmasından asılı olmayaraq, haqq etmədiyi paranı alan istənilən şəxs qıcıq mənbəyidi. AFFA-da oturanlar mükafat yazanda bu məqamı da yaddan çıxarmasınlar!
HƏSƏN QULUZADƏ