Yığmanın Xorvatiya ilə heç-heçəsi futbol ictimaiyyətinin müəyyən kəsimində bayram ab-havası yaradıb. Belələri milli komandanın çox böyük iş gördüyünü, bundan sonra artıq hər şeyin əla olacağınü düşünürlər. Təbii ki, son dünya çempionatının finalçısı ilə heç-heçə uğursuz nəticə deyil. Ancaq unutmamalıyıq ki, bu, milli komandanın cari seçmə mərhələdə qazandığı ilk və yeganə xaldı. Ümumilikdə bu bir xal bizə nə qazandırdı ? Doğrudanmı bu heç-heçədən sonra milli komandanın çıxışını uğurlu saymaq olar ? Jurnalist Anar Xanlarov heç-heçəni uğur kimi qəbul etməyənlərdəndi: “Mənim bu məsələdə mövqeyim illərdi dəyişməz qalır. Hələ Prosineçkinin dönəmində 3 oyuna 7 xal yığanda da eyni fikirləri demişdim. Ki, bunlar hamısı təsadüfdü. Onsuz da seçmə mərhələnin sonunda gəlib öz yerimizi tapacağıq. Belə təsadüfi xalları həmişə qazanmışıq. İsveçrədən tutmuş Portuqaliya, Serbiya və Çernoqoriya, Türkiyə və s. Avstriya və Bolqarıstanla da heç-heçələrimiz olub, Finlandiya üzərində qələbəmiz də. Bunlar bir oyunluq uğurlardı. Necə ki, böyük müharibələrdə böyük bir ərazini itirmiş ordu bir müddət sonra lokal döyüşlərdə hansısa postu geri qaytarır. Birmənalı şəkildə deyirəm ki, Xorvatiya ilə heç-heçə böyük mənada heç bir uğurun, inkişafın göstəricisi ola bilməz. Belə xırda, ara-sıra qazanılan uğurlar yalnız və yalnız AFFA rəhbərliyinin kreslodakı ömrünü uzadır və ciblərinə əlavə qazanc gətirir. Ayrılan mükafatın təkcə futbolçulara çatacağını düşünməyin. Ordan nə qədər işbazın cibinə “levi” pul da gedəcək”.
Sabiq FİFA referisi Tahir Süleymanov da bu bir xalın bizə heç nə qazandırmadığını bildirir: “Millətlər Liqasındakı uğursuzluqdan sonra millidən yenidən AÇ-2020-nin final mərhələsinə vəsiqə tələb olunurdu. Futbol ictimaiyyətinin yaradılan şəraitə uyğun istəyi də hər zaman bu olub. Bu dəfə fərq onda idi ki, AFFA cavabdehləri də hədəfin finallar olduğunu bildirirdilər. Dörd oyunluq sıfırlardan sonra Xorvatiyadan alınan bir xal heç nəyi dəyişmir, milli yenə sonuncu yerdədi və nəinki final mərhələsinə qatılmaq, heç bir pillə yuxarı qalxmaq üçün də faktiki şansı yoxdu. Belə durumda hansı uğurdan bəhs etmək olar?! Bunun bir adı var - fiasko! Yurçeviç "cəsarətlə" bildirir ki, sonuncu yerdən qurtulmayacaqlar, ölkəyə gələndə, sərfəli müqavilə bağlayanda isə başqa nağıllar söylənilirdi. İndi bir xal bəh-bəhlə təbliğ olunur, hətta mükafat həvəsləri yaranıb. Bir xal Azərbaycana nə qazandırdı? 96-dakı İsveçrə üzərindəki qələbədən başlayaraq Portuqaliya, Slovakiya, Serbiyadan alınan xallar nəyi qazandırıbsa, Xorvatiyadan alınan bir xalı da onu "qazandıracaq". Azərbaycan futbolunda bir xalın müzakirəsi aparılmamalıdı, Millətlər Liqasındakı, indiki mərhələdəki uğursuz çıxışın kompleks səbəbləri təhlil edilməli və nəhayət, düzgün yol gedilməlidir. Milli, U-21, aşağı yaş qruplarının göstərdikləri nəticələr Azərbaycan futbolunun "bataqlıqda" olmasının əyani güzgüsüdü”.
HƏSƏN QULUZADƏ