Sizin reklam burada

Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb

Baxış Sayı:418


“Rəqiblər oyun təcrübəsi baxımından bizdən çox-çox üstün idi”
Payızda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlaşan 17 yaşa qədər futbolçulardan ibarət yığma ötən ayın son günlərində Ukraynadaydı. Valeri Lobanovskinin vətənində təşkil olunan, Viktor Bannikovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edən Vüqar Məmmədin yetirmələri orda olduqları dönəmdə 4 oyun keçirməyə imkan tapdılar.
U-17 qrupdakı oyunların hamısını uduzdu: İsrailə 0:6, Latviyaya 0:2, Ukraynaya 2:4. Yaxşı ki, 7-ci yer uğrunda qarşılaşmada Litvanı 3:1 hesabı ilə məğlub edib sonuncu olmaqdan qurtuldular. Vüqar bəy həmin oyunlardan sonra fikirlərini xoş gələcəyə hesablanmış gəlişigözəl sözlərlə ifadə etsə də, bunu anlamaq mümkün deyildi. Odu ki, yığmanın çalışdırıcısıyla Bakıya qayıtdıqdan sonra söhbətləşdik.
- Nə İsrail, nə Ukrayna, nə də Latviya İngiltərə, İtaliya, İspaniya səviyyəsində rəqiblərdi. Buna baxmayaraq, komandanız hər üç rəqibə məğlub oldu. Öncə qrupdakı uğursuzluğun səbəblərindən başlayaq.
- Bu komanda ilə aprelin 2-dən işləməyə başlamışam. Buna qədər U-19 millisi ilə Rusiyada təşkil olunan elit raundda iştirak etmişdik. Deməyim odu ki, bu komandaya 4-5 aydı rəhbərlik edirəm. Yeni komplektləşmiş kollektivdi. Daha doğrusu, komplektləşdirməyə çalışırıq. Sözsüz, Ukraynadakı rəqibləri İtaliya, yaxud İspaniya yığmaları ilə bir tutmaq olmaz. Lakin biz ilk növbədə öz hazırlığımıza və turnirdə üz-üzə gəldiyimiz rəqiblərin oyun təctübəsinə baxmalıyıq. Yarışın qalibi olan Türkiyə yığmasındakı uşaqlar 3-4 ildi birlikdə çıxış edirlər, 29 beynəlxalq oyun keçiriblər. İsrail də həmçinin, həmin heyətlə 23 matça çıxıblar. Ukrayna 21 görüş keçirib. Biz isə apreldən bəri yalnız Bosniya və Hersoqovina ilə oynamışdıq. Oyun təcrübəsi azdı, yəni komanda yeni olanda bu kimi çatışmazlıqlar üzə çıxır, nələrisə görə bilirik. Hə, daha bir məqam isə həmin vaxt ölkə çempionatının keçirilməməsiydi. Klublarla əlaqə saxlayıb yığmaya dəvət alan futbolçuların əsas və birinci divizionda çıxış edən komandalarda məşq etməsini xahiş etmişdik. Rəqiblərdən geri qalmamaq üçün bacardığımız qədər iş görmüşdük.
- Dediklərinizi eşitdim. Sadaladıqlarınız İsrailə 0:6 uduzmağa haqq verir?
- Uduzmağı kim istəyər ki?! Sadəcə, siz səbəb soruşduz, mən də baş məşqçi kimi görüb-bildiklərimi dedim. Qısası, rəqiblər oyun təctübəsi baxımından bizdən çox-çox üstün idi. Onlar hazır komandadılar, biz isə hələ də seçim edirik, futbolçuları yoxlayırıq. Bu gün ölkə xaricində top qovan 30-a yaxın futbolçumuz olsa da, hamısına tam baxa bilməmişik. Yeni komandayıq, ona görə də yenilgiləri normal hesab etmək lazımdı.
- Məgər bu futbolçular buna qədər yığmalarda, klublarda birgə çıxış etməyiblər? Hər halda, hərəsi bir ölkədən gəlməyib, Azərbaycan futbolunda yetişən, bir-birini görüb-tanıyan uşaqlardı.
- Bəziləri xaricdən gələnlərdi, heç vaxt təlim-məşq toplanışlarında iştirak etməyiblər. Elələri də var ki, ilk dəfə yığmaya cəlb olunurlar. İstər-istəməz yeni komanda sayılır. U-19 millisi niyə elit raunda yüksəldi? Çünki 3-4 il eyni komandada çıxış edən futbolçular idi. Belə turnirlərdə çox oynamalıyıq ki, noyabrdakı əsas mərhələ oyunlarına hazır olaq.
- İnanırsız, dediyiniz “yeni komandadı, vaxt lazımdı, rəqiblər güclü idi” kimi şablon cavabları illərdi eşidə-eşidə gəlirik. Bernard Lippert, Oliver Pilzer, Təbriz Həsənov, Mirbağır İsayev, Yaşar Vahabzadə... Sanki sözləşmisiz.
- Hazırda yığma mənə tapşırılıb. Aşağı yaş qruplarından ibarət millilərin əlaqələndiricisi Miloş Velebitdi. O yeni sistem qurub ki, hamı ona uyğun hərəkət edir. Keçmişdə olanlar haqda nəsə deyə bilmərəm. Söhbət bu gün əlimizdə olan sistemin icrasından gedir. Mən sizə reallıqdan danışıram.
- Reallıq? Lap yaxşı. Bu futbolçuların nəyə qadir olduğunu az-çox bilirsiz. Sizcə, bu nəsildən çıxanlar 3-5 il sonra əsas yığmanın yükünü çiyinlərində daşıyıb, üzümüzü ağ edə biləcəklər? İllərdi gözlərimizi U-17, U-19 kimi yığmalara dikib xilaskarları axtarırıq.
- Bu gün bir çox layihələrə əl atmışıq. Bildiyiniz kimi, 2-3 futbolçumuz “Malaqa”ya yoxlanışa getmişdi. Şükürlər olsun ki, sınaqdan uğurla keçdilər. Hazırda daha 2-3 futbolçu üçün danışıqlar aparılır. İnkişafdan danışırıqsa, hərtərəfli işləməliyik. İndi sizə əminlikdə deyim ki, bu uşaqlar 5 ildən sonra Xavi, yaxud İnyesta olacaqlar – yalan olar. İnkişaf istəyiriksə, gəncləri xaricə çıxarmalıyıq, xaricdə top qovan həmyerlilərimizi yığmalara cəlb etməliyik. Müəyyən işlər görürük, görməyə çalışırıq. Avropa ilə ayaqlaşmaq istəyiriksə, Avropa təcrübəsindən yararlanmalıyıq.
- Bu gün əsas bəlamız ölkədə uşaq futbolunun və müasir tələblərə cavab verən uşaq məşqçilərinin olmamasıdı. Razısız?
- Xeyr. Bizdə futbolçular da var, bacarıqlı uşaq məşqçiləri də. Sadəcə, klublarda struktur yoxdu. Yığma məşqçisi kimi hətta yoldaşlıq görüşlərini də izləyirəm. Siz məşqlərdəki vəziyyəti görsəz... Komanda 1-1,5 saat məşq edir, o biri komanda kənarda dayanıb növbə gözləyir ki, onlar çıxsın, biz girək. Klublarda futbolçulara fərdi yanaşma olmalıdı, xüsusən də milli üzvlərinə. Lakin bizdə bu yoxdu. Uşaq gəldi, məşqini etdi, çıxıb getdi, vəssalam. Belə olmamalıdı.
- Deməli, İsrailə 0:6 hesablı məğlubiyyətin səbəblərindən biri klublarda futbolçulara fərdi yanaşmanın olmamasıdı, eləmi?
- Tək bu deyil, bir sıra çatışmazlıqlar var. Mən sizə onlardan birini söylədim. Həmin mövzuyla bağlı dedim ki ki, məşqçi də var, futbolçu da, struktur yoxdu. İsrail deyirsiz. Bir il ərzində bu ölkənin U-19 yığması ilə də oynamışıq, U-21-i ilə də. Və bütün hallarda böyük hesabla uduzmuşuq. Çünki onlarda sistem var. Baş məşqçiləri ilə danışdım, deyir, bizdə 10 illik sistem qurulub, artıq 7 ildi həmin xətlə davam edirik. Futbolçuları sürət, dözümlülük, texniki və taktiki cəhətdən hazırlıqlıdılar.
- Bizdə sistem yoxdu ki?
- Az öncə qeyd etdiyim kimi, Miloş Velebit proqram hazırlayıb, biz də həmin proqram üzrə çalışırıq. “Elit məşq” layihəsi bərpa olunub, bütün yığmalardan tələblər eynidi. Bu iş böyük güc və rejim tələb edir. Məncə, sistemi uğurla inkişaf etdirə bilsək, ən qısa zamanda uğurlu nəticələr görəcəyik.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR