Sizin reklam burada

Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi

Baxış Sayı:441


Yığmanın Uelsə son dəqiqələrdə buraxılan qolla məğlub olması hər nə qədər azarkeşlərin kefinə “soğan doğrasa” da, səfərdə intizamlı oyun futbolsevərlərdə müəyyən ümid yaratmışdı. Odu ki, “Bakcell Arena”dakı ab-havanın necə olacağı həvəslə gözlənilirdi.
* Giriş qapıları önündə əvvəlki kimi qələbəliyin müşahidə olunmamasının səbəbi var idi. Belə ki, AFFA rəsmiləri UEFA-nın təlimatına uyğun olaraq, qapılar önündə xüsusi məhəccərlər yerləşdirmişdi ki, hava limanında görməyə alışdığımız həmin “cığır”la keçib stadiona rahat daxil olmaq mümkün idi.
* Xorvatiya yığmasının geyimində olan bir qrup hələ oyundan bir saat əvvəl metronun “Xalqlar Dostluğu” stansiyasından arenaya doğru hərəkət edirdi. Cəm halda gəzən qonaqlar yaşayış binalarının ətrafından keçərkən müxtəlif şüarlar səsləndirsələr də, onlara “gözün üstə qaşın var” deyən olmurdu. Aralarında bir neçə nəfərin gəzə-gəzə boğazını pivə ilə yaşlaması oyunöncəsi əhval-ruhiyyənin yaxşılaşdırılmasına hesablanmışdı.
* Media sektorunun giriş qapısının önündə üz-üzə gəldiyim ötənlərin üç məşhur futbolçusunu tanımamaq mümkün deyildi. Sabir “Xəzər Lənkəran”lılar Emin Quliyev, Zaur Ramazanov və Alim Qurbanov oyunu stadionda birgə izləmək qərarı vermişdilər. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə nəyisə müzakirə edirdilər. Görünür, niyyətləri futbola media sektorundan baxmaq idi. Yeri gəlmişkən, “Qarabağ”lı Aylton Silvanın da dostu ilə “Bakcell Arena”ya təşrif buyurduğunu görmək mümkün idi. Əlindəki biletə uyğun sektorun girişini axtarırdılar.
* Qonaq azarkeşlər demişkən, onlara Xorvatiya Futbol Federasiyasının AFFA-ya müraciəti əsasında müəyyən sayda bilet və xüsusi sektor ayrılmışdı. Lakin digər sektorlarda da 5-5, 10-10 əyləşən xorvat futbolsevərlər var idi. Onlar biletləri Bakıdakı kassalardan almışdılar.
* Oyunun başlamasından bir neçə dəqiqə əvvəl stadionun diktoru Sənan Şəfizadə satışa çıxarılan bütün biletlərin satıldığını bildirib, az sonra stadionun dolacağını deyəndə, açığı, eşitdiklərimizi arzu kimi qəbul etmişdik. Hakimin start fitini gözlədik və ...11 min yerlik arenadakıların ümumi sayı 8 mini ötməzdi. 10-cu dəqiqədə isə stadiondakı boş yerlərin hamısı dolmuşdu.
* Hər iki yığma üzvləri ənənəyə uyğun olaraq, meydana azyaşlılarla çıxmışdı. Himnlər çalınarkən həmin uşaqlardan biri hər kəsin diqqətini çəkdi. Səs-küylə qəti arası olmayan cocuq öncə qulaqlarını tutdu, daha sonra sağa-sola var-gəl etməklə vəziyyətdən razı olmadığını göstərdi. Hətta Dmitri Nazarovun azyaşlını sakit dayanmağa səsləməsi də, sona qədər fayda vermədi.
* İlk hissədə fantastik çıxışla yadda qalan Emil Balayev təkcə yerli azarkeşlərin alqışını qazanmadı. Belə ki, Emilin qoruduğu “çərçivə”nin arxasında yer alaj xorvat fanatlar da keçilməz qapıçını epizodların birində alqışladılar.
* Yığmanın qrupda məğlubiyyətləri sıralamasına baxmayaraq, arenaya toplaşanların dəstəyini görməyə dəyərdi. Oyunun müxtəlif hissələrində komanda üzvlərini ruhlandıran futbolsevərlər bəzən ayrı-ayrı futbolçuların adlarını səsləndirirdilər. Hakimin şübhəli qərarları zamanı etiraz edir, xorvat azarkeşlərin səsi çıxan kimi onları fitə basırdılar. Bir sözlə, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi.
* İsveçrəli hakimlər briqadasının işinə hakim-inspektorun hansı qiymət verəcəyi ilə işimiz yoxdu. Fakt budu ki, Sandro idarəçiliyi ilə azarkeşlərin qəzəbini qazandı. Xüsusən Mahirin vurduğu qolu qeydə almaması tribunaları coşdurdu. Gurultulu fit səsləri eşidildi, meydana plastik su qabları atıldı.
* Hakimin final fitindən sonra yığma üzvlərinin sevincini görməyə dəyərdi. Sanki mötəbər turnirin qalibi olubmuş kimi sevinir, özlərinə yer tapmırdılar. Həmin an meydana azarkeş daxil olub Xorvatiya yığmasının aparıcı simaları ilə şəkil çəkdirmək şansını əldən vermədi. Çox keçmədən onu meydandan uzaqlaşdırmaq mümkün olsa da, daha bir fanat qazonda göründü. İki polis qaçan azarkeşi saxlaya bilməsə də, Cavid Hüseynovla Qara Qarayev tutdu. Qara həmin uşağı polislərə təslim etməmək üçün bağrına basdı, “poqonlu”dan heç nə etməmək üçün xahiş etdi. Sonda paltardəyişmə otağına polis, azarkeş və Qara “üçlüy”ü birgə yollandılar.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR