Sizin reklam burada

Daliç də Emil Balayevi təriflədi

Baxış Sayı:322


Yurçeviç: “Milliyyətcə xorvatam, ancaq bu gün bütün ürəkdən azərbaycanlıydım”
Oyundan sonra jurnalistlər Zlatko Daliçin yolunu təxminən 20 dəqiqə gözləməli oldu. Nəhayət, konfrans salonuna gələn təcrübəli mütəxəssis olduqca üzgün görünürdü. Oyunla bağlı danışmaq istəmədən birbaşa sualları cavabladı.
- Matçla bağlı fikirlərinizi eşitmək maraqlıdı.
- İlk növbədə Azərbaycan millisini təbrik edirəm. Oyuna yaxşı başladıq, erkən qol vurduq. Sonra da şanslarımız oldu, ancaq qola imkan verməyən rəqib qapıçı çox yaxşı oyun göstərdi. İkinci hissədə Azərbaycan daha yaxşı oynadı. Azarkeşlərinin da dəstəyindən güc alaraq bərabərlik qolunu vurdular. Əlbəttə, nəticə məyusedicidi. Ancaq bunu qəbul edərək növbəti oyuna hazırlaşmalıyıq.
- Ante Rebiçin çıxşını necə dəyərləndirirsiz? Onu, ümumiyyətlə, əvəzletmələri daha tez edə bilməzdiz?
- Bəlkə də tez dəyişiklik etsəydim, oyuna təsiri olardı. Xüsusilə də yarımümdafiə xəttində. Rebiç 2 qol şansını qaçırdı. Ancaq onu əvəzləmək istəmədim, inandığımı göstərdim. Azərbaycan yığması layiqli qolunu vurdu.
- Azərbaycan millisinin futbolçularının xaricdə legioner həyatı yaşamadığını biləndə, buna təəccüblənmədiz?
- Hər halda, burda xoşbəxtdilər ki, xaricə getmək istəmirlər.
- Xorvatiya millisi 4 ildən sonra yenə "Bakcell Arena"da qalib gələ bilməyərək, vacib xallar itirdi. Bu stadionu xorvatlar üçün "cəhənnəm" adlandırmaq olarmı?
- Azərbaycan bizdən əvvəl də yaxşı təsir bağışlamışdı. Bunadək necə xal götürməyiblər, qəribədi. Bizə qarşı çox aqressiv, motivasiyalı idilər. Heç bir stadionu cəhənnəm adlandırmazdım. Sadəcə, yaxşı oynayıb nəticə qazanmaq lazımdı.
Ardınca Nikola Yurçeviç mikrofonlar önünə keçdi. Rəqib həmkarından fərqli, əhval-ruhiyyəsi yerində olan Yurçeviç sualları ətraflı cavabladı.
- Futbolçuların göstərdiyi oyundan çox razıyam. Onlarla qürur duyuram. Dünyanın vitse-çempionuna qarşı oynadığımızı nəzərə almaq lazımdı. Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Azarkeşləri də təbrik edirəm, xüsusilə ikinci hissədə göstərdikləri dəstəyə görə. Bilirsiz, milliyyətcə xorvatam, ancaq bu gün bütün ürəkdən azərbaycanlıydım. Bütün hamımız bu sevinci haqq etmişdik. Son vaxtlar yaxşı oyun göstərsək də, nəticə baxımından üzümüz gülmürdü. Ancaq bu dəfə istəyimizə nail olduq. Çox xoşbəxtəm ki, azarkeşlər bu gün özlərini xoşbəxt hiss etdilər.
- Sizə elə gəlmir ki, bunadək nəticənin olamaması heyətin düzgün qurulmaması ilə bağlı idi? Bu iddiam deyil, sadəcə, şəxsi fikrimdi, soruşuram...
- Bu sual üçün çox sağ olun. Hər şey üçün açığam, tənqid olsa belə. Buna konkret cavab verməkdə çətinlik çəkirəm. Çalışırdım ki, oyunu həqiqi təhlil edim. Bunadək bizdə nəticənin olmamasında ən böyük problem fiziki hazırlığının olmamağı ilə bağlıdı. İki yolumuz var - nəyin bahasına olur-olsun, 1-2 xal qazanmaq və ya gələcək üçün gənc futbolçuları qazanmaq. Bizdə belə oyunçuların sayı yetərincədi və onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər.
- Rəqibin baş məşqçisi bizdə ən yaxşı futbolçu kimi Emil Balayevi qeyd etdi. Bəs sizin üçün günün qəhrəmanı kim idi?
- Bu gün Balayevin meydanda etdikləri mükəmməl, brilyant idi. Xüsusilə ilk 15-20 dəqiqəki performansı. Onda rəqib oyuna çox yaxşı başlamışdı.
- Zaqrebdə yaxşı oyun, Kardiffdə daha yaxşı oyun, indi də nəticə. Növbəti hədəf nədi?
- Favoritlərə qarşı oynayırıq. Bu zaman 11 nəfər əla oyun göstərməlidi, onlardan biri isə ağlasığmaz. Bu gün bizdə belə futbolçu qapıçı idi. Gələn oyunlarda da nəticə qazanmaq üçün belə futbolçular olmalıdı. Çünki heç bir matçda favorit deyilik.
- Riçard Almeyda bu gün zədəli olmasaydı, Emin Mahmudovun meydana çıxmaq şansı olacaqdı?
- Emin yaxşı futbolçudu, topla əla oynayır. Ancaq rəqibin müqavimətini də nəzərə almaq lazımdı. Mahmudovu oyun qurucusu kimi görürəm. Bizim isə belə oyunlarda topla çox oynamağımız real deyil. Üstəlik, qapımız qarşısında standart vəziyyətlərdə bizə ucaboy futbolçular lazım idi.
- Millimiz bütün seçmə mərhələlərdə sabit oynamır. Tsikl boyunca sabit oynamaq üçün bu futbolçular yetərlidi?
- Bunu hələ bilmirəm. Hələ son 2 saatda başverənləri həzm etməliyəm ki, cavab verim. Bizim də plan budu ki, futbolçularımız ağıllı oynasınlar, təkcə ürəklə yox. Bunun ikisinin olması qısa müddətdə alınası deyil. Ümid edirəm ki, bu işdə də bizimlə birgə olacaqsız, dəstək olacaqsız. Gənc futbolçularımızın səhvləri zamanı mediada müzakirələr yadımdadı. Çempionatdakı templə beynəlxalq oyunlardakı eyni deyil. Sizdən təmənnam odu ki, bu gənc futbolçulara dəstək olasız. Keçən dəfə Renat Dadaşova şans verəndə çoxları bunu anlayışla qarşılamırdı. Ancaq az sonra İngiltərə premyer-liqa klubuna transfer olundu. Deməli, "qabın"da nəsə var ki, dalınca düşdülər.
- İkinci dəfə xorvatiyalı baş məşqçiylə Bakıda Xorvatiyanı büdrədirik. Düşünmürüsüz ki, bu amil nəticədə həlledici olur?
- Bəlkə də səbəblərdən biri ola bilər. Dəqiq söyləyə bilmərəm. Hər halda, Xorvatiyanın mentallığını bilməyim mənə çox üstünlük verir. Slovakiya və Macarstanla oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibləri yaxşı təhlil etmişdik. İndi hər şeyi detallı təhlil etmək üçün vaxt lazımdı. Slovakiya ilə matçda 0:2-dən sonra geridönüş etmək çətin idi. Ümumiyyətlə, bu hesabda çətindi, 0:1-də isə bunu etmək olur. Bunu bu gün gördük. Hətta qələbə üçün də qol şanslarımız oldu. Oyunda bir səhv həlledici olur.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR