“Araz Naxçıvan” bank rekvizitlərini AFFA-ya təqdim etməyib
Ötən saylarımızın birində 2018/19 mövsümündə Region Liqasının qalibi olan “Uğur”un futbolçusunun redaksiyamızla əlaqə saxladığını, komandaya çatacaq 10 min manat mükafatın hələ də klubun hesabına köçürülmədiyini qeyd etmişdik. Adının çəkilməsini istəməyən futbolçu kollektivin AFFA-nın bu addımından narazı qaldığını, böyük həsrətlə mükafatı gözlədiklərini vurğulamışdıq.
Artıq sentyabrın ilk həftəsi başa çatmaq üzrədi və Region Liqasının İşçi Qrupu yeni “futbol ili” üçün qeydiyyatı bitirməkdədi. AFFA ötən mövsümün qalibi və mükafatçıları üçün nəzərdə tutulan pul mükafatını vermədiyi halda, görəsən, nəyə ümid edib yeni mövsümə hazırlaşır? Doğrudanmı assosiasiyada oturanlar elə düşünür ki, günü günə satmaqla, mükafatçılara çatacaq vəsaiti ödəməməklə növbəti mövsüm üçün liqaya komanda cəlb edə biləcəklər? Ağlı başında olan, ağla qaranı seçməyi bacaran istənilən iş adamı AFFA-nın mükafatçılara belə münasibətini görəndən sonra, çətin ki, liqada çıxış etmək istəyən komandaya himayədarlıq etsin. Düzdü, çempion üçün nəzərdə tutulan 10, “gümüş”ün və “bürünc”ün sahibinə çatacaq 5 və 3 min manat futbola yatırım edən iş adamı üçün böyük vəsait hesab oluna bilməz. Ancaq hər halda, həvəskar status daşıyan, oyunçusu 150-200 manat alan komanda üçün bu məbləğin də yeri var.
Məsələ ilə bağlı Region Liqasının İşçi Qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq. Onu da bildirək ki, Yusif bəy ötən saylarımızın birinə açıqlamasında qısa müddətdə nəzərdə tutulan vəsaitin komandaların bank hesabına köçürüləcəyini bildirmişdi. Bu dəfə isə o bunları dedi: “Ötən mövsüm Region Liqasında bürünc medallara sahib çıxan “Araz Naxçıvan” hələ ki bank rekvizitlərini AFFA-ya təqdim etməyib. “Uğur”la “Şahdağ” isə lazımi sənədləri bizə veriblər. Bugünlərdə “Uğur”un rəhbərliyi ilə AFFA-da görüş oldu. Klub prezidentinə və komandanın baş məşqçisinə lazımi informasiya verilib. Bu gün də onlarla əlaqə saxlayıb yeni mövsümə hazırlıqla bağlı informasiya almaqla yanaşı, başqa məsələlərlə də maraqlanırıq. Ola bilsin, klub rəhbərliyi futbolçulara lazım olan bilgini verməyiblər. Məhz bu səbəbdən “Uğur”un oyunçuları sizin redaksiyayla əlaqə saxlayaraq narazılıq edirlər. Yaxın günlərdə çempiona və gümüş mükafatçıya çatacaq mükafat klubların bank hesabına köçürüləcək”.
RƏŞAD