Sizin reklam burada

“Sadəcə, onu arzulayıram ki, heç olmasa, böyük hesabla uduzmasınlar”

Baxış Sayı:586


Mahir Şükürov yığmanın xal qazanacağına inanmır
Azərbaycan yığması yaxın günlərdə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində daha iki oyun keçirəcək. Millimiz bu gün Uels millisi ilə səfərdə, sentyabrın 9-da isə güclü Xorvatiya yığması ilə Bakıda qarşılaşacaq. Geridə qalan 3 oyundan sonra xalsız olan komandamızın qarşıdakı iki oyunundan ümidverici nəsə gözləmək çətindi. Macarıstan və Slovakiya ilə Bakıda keçirilən görüşlərdə darmadağın olmağımız bir yana, yığma heç mübarizə də apara bilməmişdi. Son Slovakiya biabırçılığından sonra hətta azarkeşlərin də əsəblər dözməmiş, AFFA rəhbərliyini istefaya çağırmışdılar. Ümumiyyətlə, mövzü nə vaxt mili komanda olubsa, Azərbaycan azarkeşi həmişə ümidsiz və bədbin libasa bürünür. Ölkə futbolunda o qədər ədalətsiz, iyrənc prosseslər baş verir ki, azarkeşlər nəinki millinin oyunundan nəsə gözləyirlər, artıq oyunların başlama vaxtından belə xəbərsiz olurlar. Ancaq hər şeyə rəğmən, mövzü milli komanda olanda adam istər-istəməz ümidlənir, qələbə görmək istəyir. Bəs görəsən, ölkədəki indiki sönük futbol ab-havasının fonunda milli qarşıdakı iki çətin oyunda nəsə edə biləcəkmi? Ümumiyyətlə, millidən nəsə gözləməyə dəyərmi? Həmsöhbətlərimizə bu sualları ünvanladıq. Həmkarımız Kənan Məstəliyev qarşıdakı iki oyunda bir xal qazanmağın belə möcüzə olacağını deyir: “Açığı, mövzü milli komanda olduqda nikbin fikir səsləndirmək çətinləşir. Çünki əldə olan heyət çox da böyük hədəflər üçün mübarizə aparmağa imkan vermir. Bundan başqa, milli komanda ətrafındakı durum, milli komandaya münasibət - istər kənardan, istər daxildən - çox da ürəkaçan vəziyyətdə deyil. Demək olar ki, bu komanda artıq millilikdən çıxıb. Dünyanın hər ölkəsində milli komanda duyğu, emosiya üzərində qurulan bir kollektiv olur. Və oyunçular bu hisslərdən əlavə güc alırlar. Ancaq bizdə belə şeylər yoxdu. Heç olmasa, heyət güclü olsaydı, futbolçularımız Avropanın tanınmış komandalarında mübarizə aparsaydılar, onda bəlkə hisslər arxa plana keçər, güc hesabına nəyəsə nail olmağı düşünərdik. Ancaq bizdə nə ondandı, nə də bundan. Əvvəlcə Uels səfərinə gedəcəyik. Nəzərə alaq ki, rəqibin heyətindəki bir oyunçunu - Beyli satsaq, bütün Azərbaycan futbolunu 3-5 dəfə satın almaq olar. Bakıdakı oyunda isə rəqib dünya çempionatının finalçısıdı. Bu oyun haqda nikbin mülahizə yürütmək üçün heç bir əsas, səbəb yoxdu. Mümkün xoş nəticə, sadəcə, təsadüf və möcüzə əsasında ola bilər. Şəxsən mən bu möcüzəyə və təsadüfə inanmıram. Hazırda komandamızın başında bunu edə biləcək bir mütəxəssis də yoxdu. Nikola Yurçeviç bu nəticəni əldə edəcək potensiyala sahib bir adam deyil. Bu adam, sadəcə, məşqçidi, bizə isə baş məşqçi lazımdı. O, komandanın düzülüşündən başqa heç bir şeyə qadir deyil. Təbii ki, özünə görə müəyyən futbol biliyi var. Ancaq qısaca onu deyim ki, bu məşqçi, bu oyunçular və bu ab-hava ilə qarşıdakı iki oyundan bir xal belə götürməyimiz möcüzə olar”.
Yığmanın sabiq oyunçusu Mahir Şükürov da xal qazanacağımıza inanmır: “Milli haqda nə demək olar ki? İnanmıram ki, qarşıdakı iki oyunda xal qazana bilək. Azərbaycan milli komandası bu seçmə mərhələdə çox zəif çıxış elədi. Artıq qrupdakı bütün rəqiblər bizə üç xal gözü ilə baxır. Düşünürlər ki, Azərbaycana rahatlıqla qalib gələcəyik. Sadəcə, onu arzulayıram ki, heç olmasa, böyük hesabla uduzmasınlar. Təbii ki, millinin bu vəziyyətdə olmasında bir çox problemlər var. Hazırda heyətdə futbolçu qıtlığını buna misal göstərmək olar. Eyni zamanda bu gün milli komandamızda lider problemi hiss olunur. Bizim vaxtımızda hamı bir-birimizə güvənirdi. Məsələn, ani epizodlar olurdu ki, mən ötürmə edirdim, ya Vaqif, ya da Rauf başla fərqlənə bilirdi. Ancaq indi belə epizodlar olur? Oyunlara baxın görək, cinah oyunçuları oyunboyu neçə ötürmə edə bilirlər? Mən millidən gedəndən sonra cinah oyunçuları neçə dəfə hücuma çıxıb, təhlükəli ötürmə edə biliblər? Ümid elə ancaq mərkəz oyunçularınadı. Nə vaxt baxsan, Nazarov topu alıb, irəli gedir, qapıya zərbə vurur. O da bəxtəxuda qapıya girər, ya girməz. Bu üzdən millinin qarşıdakı iki oyunundan nəsə gözləmirəm”.
“Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayev isə qarşıdakı iki oyuna görə ümidli olduğu qeyd etdi: “Açığı, bu suallara necə cavab verəcəyimi bilmirəm. Hər şeyə rəğmən, milli komandanın yaxşı çıxış edə biləcəyini düşünürəm. Doğrudu, ötən oyunlarda çox da yaxşı nəticələr olmadı. Geridə qalan üç oyunda yığma komandamız azarkeşləri sevindirə bilmədi. Qarşıdakı iki oyundan neçə xal qazana biləcəyimizi deyə bilmərəm, ancaq düşünürəm ki, milli komandamız xal qazana bilər. Məncə, ümid həmişə var. Macarıstan və Slovakiya ilə oyunlarda xal qazana bilmədik deyə, Uelsə, Xorvatiyaya da uduzacağımızı demək olmaz. Bu futboldu. Burda axıra kimi oynamaq və inanmaq laızmdı. İnam olmasa, heç nə etmək olmaz. Futbolçular ilk növbədə özlərinə inanmalıdırlar. Bu inam olsa, Xorvatiyadan da, Uelsdən də xal ala bilərik”.
Sözsüz, hamımız yığmanın qarşıdakı iki oyunda xal və ya xallar qazanmasını çox istəyirik. Ancaq bunun nə qədər real olduğunu demək mümkün deyil. Əslində məsələ millinin qarşıdakı iki oyunda nəsə edib-etməyəcəyi deyil. Məsələ Azərbaycan futbolsevərlərinin nə vaxt öz doğma millisinin oyununda qələbə qazanacağına düşünüb, o həvəslə TV önündə oturacağıdı. Hələlik isə ümidlə yaşamalıyıq. Necə deyərlər, ümid kasıbın çörəyidi. O çörəyi bir gün yeyə biləcəyimiz ümidi ilə...
HƏSƏN QULUZADƏ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR