Sizin reklam burada

Kardiffdə ədaləti maltalılar qoruyacaq

Baxış Sayı:499


Yığma Uelsə Rahil Məmmədovsuz yollandı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-sı, saat 22.45-də Kardiffdə keçiriləcək Uels - Azərbaycan oyununu idarə edəcək hakimlərin siyahısı açıqlanıb. Meydanda ədaləti Malta təmsilçiləri qoruyacaq. Baş hakim Trustin Farrucia Kanna yan xətlərdə Alan Kamilyeri və Luke Portelli kömək edəcəksə, dördüncü hakim funksiyasını Alan Mario Sant yerinə yetirəcək.
AFFA-nın rəsmi saytı Uelslə oyun ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin proqramını açıqlayıb. Rəqibin baş məşqçisi Rayan Giqqz bu gün Bakı vaxtı ilə 13.45 jurnalistlər önünə çıxacaq. Açıq məşq isə 15.15-də başlayacaq. Millimizin çalışdırıcısı Nikola Yurçeviç 22.00-dan etibarən sualları cavablayacaq. Komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşq isə 22.30-da start götürəcək. Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi Kardiff şəhər stadionunda təşkil olunacaq.
Millimiz dünən Uelsə yollanıb. Komandanı aparan çarter reysli təyyarə saat 17.40-da Heydər Əliyev Beynəlxalq Hava Limanından Kardiffə istiqamət götürüb. Yolçuluq 6 saat 20 dəqiqə çəkib. Yığma “Hilton Kardiff” otelində məskunlaşıb. Amma komanda səfərə tam heyətlə yollana bilməyib. Belə ki, dünən səhər məşqi zamanı “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov köhnə zədəsini yenilədiyinə görə komandanın həkiminin rəyinə və baş məşqçinin qərarına əsasən heyətdən çıxarılıb.
Yeri gəlmişkən, Rayan Giqqz həm komandasının qrupdakı durumunu dəyərləndirib, həm də yığmamızla oyuna toxunub. 46 yaşlı mütəxəssis qələbədən başqa yollarının olmadığını bildirib: "Seçmə mərhələyə qələbə ilə başlasaq da, ardıcıl iki oyunda məğlub olduq. Halbuki hər iki qarşılaşmadan xalla ayrıla bilərdik. İyunda futbolçular yorğunluğu canlarından tam çıxarmamışdılar. Çünki mövsüm yeni başa çatmışdı. Üstəlik, Xorvatiyada dəhşətli istidə oynadıq. Lakin bunlar, sadəcə, incə detallardı. Bir az da bəxtimiz gətirmədi. Xorvatiya və Macarıstanla görüşlərdə istədiyimiz hücumları gerçəkləşdirməyi bacarmadıq. Yetirmələrimin potensialına inanıram. Azərbaycanla qarşıdakı oyunda mütləq qələbə qazanmalıyıq. Oktyabrda isə Slovakiya ilə səfərdə, Xorvatiya ilə də evdə münasibətləri aydınlaşdıracağıq. Azərbaycana qalib gəlməklə həmin oyunlara daha yüksək motivasiya ilə hazırlaşa bilərik. Hələ də ümidimizi itirməmişik.
Ümumiyyətlə, bzim evdə 3 oyunumuz olacaq. Amma səfər görüşlərini də unutmaq olmaz. Xüsusən də uzaq səfər olan Slovakiya və Azərbaycanla qarşılaşmaları qeyd edərdim. Onların meydanında bizə çətin olacaq. Əsl rəqabətli qrupdu. Uduzmayan komanda yoxdu. Hamı üstünlük əldə edə bilər. Macarıstanın layiqli rəqib olduğunu öncədən bilirdim. Lakin onların bu cür startı məni təəccübləndirdi. Slovakiya isə səfərdə Azərbaycanı 5:1 üstələdi və hazırda bu iki komanda ilk iki pillədə qərarlaşıb. Bizim üçün yaxşı məqam odu ki, komandalar yenə bir-birini büdrədəcəklər”.
Uels yığmasının hücumçusu Rayan Heces də qələbəyə kökləndiklərini gizlətməyib. "Aberdin"in heyətində həftəsonu "Ross Kaunti" ilə oyunda (3:0) fərqlənən 24 yaşlı futbolçunu dinləyək: "Dünyanın ən güclü futbolçularından birinə sahibik. Ümumiyyətlə, yığmamızın ayrı-ayrılıqda yüksək keyfiyyətlərə malik oyunçuları var. Çətin qrupa düşsək də, burdan çıxacaq potensiala malikik. “Aberdin"dən qolla və qələbə ilə milliyə qoşulmaq əladı. Beynəlxalq səviyyədə tanınmaq həmişə xoşdu. Yığmanın heyətinə böyük inamla qoşuldum. Məqsədim komandama kömək etmək və Azərbaycanla oyunda 3 xal qazanmaqdı. Bunu bacara bilsək, Belarusla yoldaşlıq matçına rahat çıxacağıq. Azərbaycanla ev oyununda 3 xal qazanmaq çox vacibdi. Şans qazanacağım halda yığmada da qol hesabımı açmaq istəyirəm".
Bu arada Xorvatiya yığmasının qapıçısı Dominik Livakoviç ölkəsinin mətbuatına danışıb. 24 yaşlı qolkiper qarşıdakı oyunlarda onları ancaq qələbə qane edəcəyini deyib: "Hazırlığımız çox yaxşı gedir. Millidə ab-hava əladı. Slovakiya və Azərbaycanla oyunlar bizim üçün çox vacibdi. Avropa çempionatının final mərhələsinə vəsiqə verən yerlərə yüksəlmək üçün bu iki oyunda 6 xal toplamalıyıq. Özümüzü mümkün olduğu qədər hazırlamaq üçün əlimizdən gələnin ən yaxşısını edirik. Bu iki qarşılaşmadan sonra turnir cədvəlinin birinci pilləsinə yüksələ bilərik".
Xorvat müdafiəçi Tin Yedvay isə bunları söyləyib: "Slovakiya mütəşəkkil komandadı. Azərbaycan və Macarıstan yığmalarından fərqli uzun toplara üstünlük vermirlər. Hər şey hadisələrə necə nəzarət etməyimizdən asılıdı. Slovakiya qrupda indiyədək yaxşı oynayıb. Amma biz məğlubiyyət haqda düşünmürük. Hər iki qarşılaşmada qələbə qazanaraq böyük turnirə qatılmağa layiq olduğumuzu göstərməliyik". Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren də iddialı danışıb. "Liverpul"un mərkəz müdafiəçisini dinləməyə dəyər: "Avropa çempionatında olmaq istəyiriksə, Slovakiya və Azərbaycana Xorvatiyanın kim və necə komanda olduğunu göstərməliyik. Qarşılaşmalarda hansı futbolçunun çıxış edəcəyi mənə maraqlı deyil. Meydana ən yaxşı formada olan ayaq basacaq. Rusiyadakı dünya çempionatında olduğu kimi, hamımız birgə nəfəs almalıyıq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR