Nail Kərimov: “Hələ ki onların müraciətini cavablamamışıq”
Srağagün İsveçrənin Noyon şəhərində UEFA Gənclər Liqasının Çempionlar yolunun ilk iki mərhələsinin püşkatma mərasimi keçirilib. Xatırladaq ki, artıq ardıcıl 3-cü ildi bu tirnirdə ölkəmizi “Qəbələ”nin U-19 komandası təmsil edir. “Qırmızı-qaralar” ilk dəfə 2016/17 mövsümündə birinci mərhələdə Moskva “Dinamo”su ilə görüşüb və iki oyunun nəticəsində mübarizəni dayandırıb – 0:2, 0:5. 2018/19 “futbol ili”ndə isə Moldova “Şerif”inə qalib gələn (1:1, 3:1) bölgə təmsilçisi Berlin “Herta”sı qarşısında “ağ bayraq qaldırıb” – 1:3, 0:1.
Bu dəfə isə “kor püşk” bölgə təmsilçisinin yeniyetmə komandasını birinci mərhələdə Cənubi Kipr APOEL-iylə üz-üzə qoydu. İlk oyun oktyabrın 2-də Qəbələdə, cavab görüşü 23-də Nikosiyada keçiriləcək. Bu dueldən qalib ayrılan komanda ikinci mərhələdə “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün güclüsü ilə qarşılaşacaq. İkinci mərhələnin oyunları noyabrın 6-sı və 27-də baş tutacaq. Onu da qeyd edək ki, “qırmızı-qaralar” ilk turu keçsə, ikinci mərhələnin ilk görüşünü səfərdə keçirəcək.
Bölgə təmsilçisinin U-19 komandasının baş məşqçisi Famil Xəlilovla əlaqə saxlayıb, püşkü dəyərləndirməsini istədik: “Başqa komandalarla da qarşılaşa bilərdik. Ancaq püşk APOEL-i bizə rəqib etdi. Mümkün qədər yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Püşkdə bəxtimizin gətirmədiyini deməzdim. Çünki güclü rəqibin olması uşaqlara daha çox motivasiya verir. Burda ciddi problem görmürəm. Razıyam, bizi çətin oyun gözləyir. Amma biz də artıq bu turnirdə təcrübəli sayılırıq. Bu dəfə daha yaxşısını etməyə çalışacağıq. Futbolçularımız özlərinə inansa, APOEL-i keçə bilərik. Artıq müəyyən təcrübəyə sahibik. Yetirmələrimiz kiçik yaşlarından müxtəlif beynəlxalq turnirlərdə bu cür rəqiblərlə qarşılaşırlar. İnam, güvən olsa, nəticə qazanmaq mümkündü. Amma bu futboldu, biz hər şeyə hazırıq. Ötən mövsüm bir mərhələ keçmişdik. İndi düşüncə olaraq, daha artığına köklənmişik. Futbolçular işin ciddiyyətinin fərqindədilər. Bir yox, bir neçə mərhələ adlamağa çalışacağıq".
“Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimov da Nyondakı tədbir və qarşıdakı oyunlar ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Rəqibi dəyərləndirməmiş başqa bir məqama toxunmaq istəyirəm. Püşkatma mərasimindən öncə turnirə qatılacaq komandaların rəsmilərinin iştirakı ilə 2 saatlıq toplantı keçirildi. Həmin iclasda ötən mövsümün nəticələri və yeni “futbol ili” ilə bağlı müzakirələr oldu. Adətən, belə turnirlərin reqlamentində tez-tez dəyişikliklər olmur. Ancaq bu dəfə Çempionlar yolunda iştirak edəcək komandaların sayı artırıldığından müəyyən yeniliklər tətbiq olunacaq. Bununla bağlı klub rəsmilərinə müəyyən bilgi verildi. Bundan başqa, ötən mövsüm görülən işlərin bəziləri xüsusi qeyd olundu və fərqlənən klublara xüsusi mükafatlar təqdim olundu. Çox sevindirici haldı ki, fərqlənən klublar arasında “Qəbələ” də var idi. UEFA klubumuza yüksək təşkilatçılığa və sosial layihələrdə fəallığına görə xüsusi mükafat ayırmışdı. Ötən il qitə futbol qurumunun U-19-un turnirdə iştirakı üçün ayırdığı vəsaitdən 500 avro U-15 komandamızın üzvü Tuqay Rəşidovun atasının böyrək transplantasiyasına yardım etmişdik. Təbii ki, belə əməliyyat üçün həmin vəsait çox azdı. Ancaq əməliyyatın keçirilməsinə müəyyən qatqımız oldu ki, bu da bizi mənəvi cəhətdən bir qədər rahatlaşdırır. Bildiyim qədər bu gün Yaşar müəllimin səhhəti normaldı və özünü yaxşı hiss edir. Bu gün UEFA Gənclər Liqasında bizdən adlı-sanlı, daha təcrübəli klublar olsa da, artıq hiss olunur ki, sözügedən turnirdə “Qəbələ” özünə müəyyən qədər yer edə bilib, özü haqda müsbət imic formalaşdırıb”.
Nail bəy püşkü dəyərləndirərkən isə bunları vurğuladı: “Püşk daha yaxşı və ya daha pis ola bilərdi. Rəqiblər arasında İspaniya və Polşa çempionları var idi. Onlar bizim qarşımıza çıxsaydı, işimiz daha çətin olardı. Fikrimcə, APOEL-lə başabaş oynamaq olar. Hələ ki bu komanda barədə ətraflı məlumatımız olmasa da, təxminən hər ölkədə yeniyetmə futbolunun durumundan xəbərdarıq. Bir neçə il əvvəl U-19 yığmamız Təbriz Həsənovun rəhbərliyi altında seçmə mərhələ çərçivəsində bu ölkənin millisi ilə qarşılaşmışdı. Həmin görüşü özüm izləməsəm də, matçı canlı izləyən dostlar yığmamızın rəqibdən heç də geri qalmadığını demişdilər. İndi qarşıdakı matça hazırlıq gedir. APOEL ilk oyunun yerinin dəyişdirilməsini istəyir. Klub rəhbərliyi bununla bağlı bizə müraciət edib. Bildiyiniz kimi, cavab oyunu oktyabrın 23-də Nikosiyada keçirilməlidi. Bundan bir gün sonra isə APOEL-in əsas komandası Bakıda “Qarabağ”la qarşılaşacaq. Əsas komanda çarter reysi ilə gələcəyindən klub rəhbərliyi U-19-un da onlarla gəlməsini istəyir. Hələ ki onların müraciətini cavablamamışıq. Viza məsələsi də bizə müəyyən çətinlik yaradır. Cənubi Kiprin Moskvadakı səfrliyinə müraciət edəcəyik. Nyonda olarkən APOEL rəsmisi ilə söhbətləşdik. Müzakirə mövzusu əsasən yersiz fanatiklik, siyasətdən uzaq, hər iki qarşılaşmanın UEFA-nın “Respect” devizi altında oynanılması yönündə oldu. Ümid edirəm ki, bu məsələdə heç bir problem ortaya çıxmayacaq”.
RƏŞAD