"Neftçi"nin futbolçusu Anton Krivotsyuk "Sumqayıt"la oyunun sonlarındakı hərəkətinə görə üzr istəyib. Gənc müdafiəçi "instaqram" hesabında bunları qeyd edib: "Bütün azarkeşlərdən və rəqib komandaya aidiyyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insanıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçuların və ya məşqçilər korpusunun ünvanına hansınsa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna uyğun da cəzalandırılacam".
“Sumqayıt” isə klubun rəsmi saytı vasitəsilə bəyanat yayıb: “Sumqayıt” Futbol Klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressivliyin yolverilməz olduğunu hesab etmişik. Azərbaycan premyer-liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də Bakı şəhərindəki 8-ci km stadionunda keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən “Sumqayıt” FK olaraq üzr istəyirik. Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq.
“Sumqayıt” FK futbolun bir idman növü olaraq hörmət və ehtiram (Respect) kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubumuzun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır. Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!”, – deyirik”.