Sizin reklam burada

“Neftçi” ilk qələbəsini dava-dalaşla qazandı

Baxış Sayı:1 590


Etibar Tarverdiyev Ayxan Abbasova əl qaldırdı
11. Neftçi (Bakı) – Sumqayıt 2:1 (0:1)
1. Səlahət Ağayev - 5,0
18. Tural Axundov – 5,0
(7. Namiq Ələsgərov, 84) – qiymətsiz
5. Anton Krivotsyuk – 4,0
25. Kiril Petrov – 5,5
26. Ömər Buludov – 5,5
93. Soni Mustivar – 5,0
(17. Rəhman Hacıyev, 63) – 5,0
36. Mamadu Kane – 4,5
(10. Dario Frederiko, 55) – 5,5
11. Evangelos Platellas – 5,5
8. Emin Mahmudov (k) – 6,0
28. Stiven Jozef-Monroz – 5,5
9. Baqali Dabo – 5,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
19. Rauf Əliyev
3. Mamadu Mboc
6. Voislav Stankoviç
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Emin Mahmudov

1. Mehdi Cənnətov – 4,5
44. Elvin Cəfərquliyev – 4,5
2. Rail Məlikov -5,0
4. Şəhriyar Əliyev – 5,0
(14. Elvin Bədəlov, 73) – 4,5
3. Vurğun Hüseynov (k) – 4,5
22. Sərtan Taşqın – 4,0
6. Vüqar Mustafayev – 5,5
17. Murad Xaçayev – 4,5
10. Əmir Ağayev – 5,5
70. Mehdi Şərifi – 5,0
(8. Peyman Babayi, 88) – qiymətsiz
9. Amil Yunanov – 5,0
(18. Süleyman Əhmədov, 66) – 4,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
11. Elgün Nəbiyev
97. Xəyal Nəcəfov
7. Ehtiram Şahverdiyev
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Əmir Ağayev
Qollar: M.Şərifi, 33-p. (0:1). E.Mahmudov, 64 (1:1, Ö.Buludov). S.Jozef-Monroz, 90+3 (2:1, D.Federiko).
Vərəqələr: M.Xaçayev, 19 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 26 (qeyri-idman hərəkəti). S.Ağayev, 32 (qeyri-idman hərəkəti). E.Mahmudov, 35 (hakimin qərarına etiraz). Ə.Ağayev, 44 (hakimin qərarına etiraz). M.Şərifi, 51 (qeyri-idman hərəkəti). A.Məmmədov, 90+4 (qeyri-idman hərəkəti) – sarı. M.Xaçayev, 82 (qeyri-idman hərəkəti), A.Krivotsyuk, 90+4 (qeyri-idman hərəkəti, ikinci sarı). V.Hüseynov, 90+4 (təcavüzkar davranış) – qırmızı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
1 sentyabr. Bakı. Bakcell Arena. 1000 tamaşaçı (10260 yerlik).
Yalnız ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
İlk iki turda qələbəyə həsrət qalan “Neftçi”nin üzərində təzyiq var idi. Bu üzdən “Sumqayıt”la oyunda Roberto Bordin və komandası üçün qələbə hava və su kimi vacib idi. Matçdan öncə çoxları bütün meyarlarda qonaqları üstələyən “ağ-qaralar”ın asanlıqla qələbə qazanacağını proqnozlaşdırsa da, ehtimallar doğrulmadı. Meydana iki forvardla çıxan qonaqlar müdafiə futbolu oynamayacaqlarını göstərdilər. Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə daha real qol vəziyyətlərini “Neftçi”yaratsa da, hesabı “kimyaçılar” açdılar. 33-cü dəqiqədə Elvin Cəfərquliyevin cərimə meydançasına asmasını Səlahət irəli çıxaraq çətinlik çəkmədən tutdu. Ancaq qolkiper topu oyuna daxil etməmiş əli ilə Şəhriyarın başını “sığalladı” ki, bu da hakim tərəfindən qayda pozuntusu kimi dəyərləndirildi. Və “nöqtə”yə yaxınlaşan Mehdi Şərifi mövsümdə 3-cü qolunu vurmaqda çətinlik çəkmədi. Bundan iki dəqiqə sonra referi bu dəfə “Sumqayıt”ın qapısına penalti təyin etməli idi. 35-ci dəqiqədə Xaçayev cərimə meydançasının daxilində Eminin qarşısını kobudlula alsa da, Bayramlının fiti susdu. Baş hakimin aşkar penaltini verməməsi azmış kimi, üstəlik Mahmudova simulyasiyaya görə “sarı” göstərməsi biabırçılıq idi. Birinci hissənin son yaddaqalan təhlükəli vəziyyəti isə qonaqlardan gəldi. Əmirin təxminən 25 metrdən qüvvətli zərbəsini Səlahət geri qaytarmağı bacardı.
Hesabda geri düşən meydan sahibləri fasilədən sonra sürəti bir qədər də artırmaq məcburiyyətində idi ki, belə də etdilər. Onların ardıcıl hücumları 64-cü dəqiqədə bəhrəsini verdi. Müdafiəçilərin və qapıçının diqqətsizliyindən istifadə edən Mahmudov hesabı bərabərləşdirməyi bacardı. Qoldan sonra da böyük qüvvə ilə irəli atılan “ağ-qaralar” ard-arda rəqib qapısı önündə təhlükə yaratmağı bacarsalar da, qələbə topunu vura bilmirdilər. Matçın sonlarına yaxın Abbasov heç-heçəni qorumaq üçün Süleyman Əhmədovu da meydana buraxıb müdafiəçilərin sayını artırmışdı. Lakin “kimyaçılar”ın çalışdırıcısı istəyinə çata bilmədi. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Cəfərquliyevin yerdə qaldığını görən Mehdi topu auta çıxardı. Elvin bir qədər yerdə qalandan sonra həkim müdaxiləsi olmadan ayağa qalxdı. Çoxları “feyr-pley”ə uyğun “ağ-qaralar”ın topu rəqibə qaytaracağını gösləsə də, Bordinin yetirmələri əksini edib hücuma keçdilər. Onların bu addımından duruxan qonaqlar onda ayıldılar ki, iş-işdən keçib. Dariodan ötürmə alan Jozef-Monroz artıq zərbə mövqeyinə çıxıb. Və fransız fürsəti əldən vermədi. Güclü zərbə ilə uzaq küncü dəqiq nişan aldı. Beləliklə, son vitse-çempion mövsümdə ilk qələbəsini rəsmiləşdirdi.

Gözdən qaçmadı
* Oyunu izləmək üçün “Bakcell Arena”ya gələn PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev maşını ilə stadionunun ərazisinə daxil olmaq istəyərkən polislər tərəfindən saxlanıldı. Asayiş keşikçiləri avtomobilinin yük yerinə baxış keçirdikdən sonra Aslan bəyə içəri keçməyə icazə verdilər.
* “Zirə” ilə matçda olduğu kimi, “Sumqayıt”la görüşdə də “Forza Neftçi”nin üzvləri gözə dəymədi. “Ağ-qaralar”ı yalnız “Neftçimaniya”nin təxminən 30 fanatı dəstəkləyirdi. Əslində buna dəstək demək də düz deyil. Fanklub üzvləri 90 dəqiqə boyunca Kamran Quliyevi, Ceyhun Sultanovu və Roberto Bordini istefaya səsləməklə yadda qaldılar.
* Matçın sonu çox gərgin keçdi. Meydan sahibləri ikinci qolu vurduqdan sonra Anton Krivotsyuk qonaqların ehtiyat oyunçular skamyasına yaxınlaşaraq əlini qulağının dibinə qoyub sevincini çox əcaib şəkildə qeyd etdi ki, bu da “kimyaçılar” tərəfindən xoş qarşılanmadı. Öncə Antona “dərs vermək” üçün Elgün Nəbiyev meydana çıxdı. Bir neçə saniyə sonra isə komanda yoldaşları da ona qoşuldu. Dilini dinc saxlamaması Antona baha başa gəldi. “Sumqayıt”ın kapitanı ikinci cəhddə müdafiəçiyə sillə vurdu. Zərbə güclü olmasa da, “milliləşdirilmiş” ukraynalı özünü yerə atdı. Futbolçularını sakitləşdirmək, dalaşanları ayırmaq üçün meydana çıxan Ayxan Abbasovu isə “ağ-qaralar”ın qapıçılarla işləyən məşqçisi Etibar Tarverdiyev yumruqla vurdu. Həmin an Şəhriyar Əliyevlə Kiril Petrov arasında da gərginlik yaransa da, onları ayırdılar. Müdafiəçilər arasında münaqişə söz “duel”i ilə bitdi.
* Hakimin final fitindən sonra Ayxan Abbasov Etibar bəyi yanına çağırıb söhbət etmək istədiyini bildirdi. Tarverdiyev əvvəlcə əlini havada yelləyib onunla danışmaq istəmədiyini bildirsə də, sonradan səhvini başa düşüb “Sumqayıt”ın çalışdırıcısının ayağına getdi. Və ona çatan kimi əl verib görüşdü, üzündən öpdü.
* Komandanın oyunundan narazı qalan “Neftçimaniya”nın üzvləri stadionun çöl tərəfdən hasarına yaxınlaşaraq birağızdan “Banişevskinin ruhu göynəyir” şüarını səsləndirməyə başladılar.
* İlk yarının sonlarına yaxın polislə “Neftçimaniya” arasında gərginlik yaşandı. Fanklub üzvləri tribunanı tərk etsələr də, fasilədən sonra yenidən öz yerlərini tutdular.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR