Nəriman Abdullayev: “Çəki dərəcələrinin azalması mübarizəni daha da gərginləşdirəcək”
Kişi boksçulardan ibarət yığma sentyabrın 8-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Avqustun 14-dən baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn yığma məşqlərini Bakı Boks Mərkəzində keçir. Təlim-məşq toplanışına hər çəkidə 2 nəfər olmaqla, 16 boksçu cəlb olunub. Mundaiala hazırlığın son mərhələsində boksçularımız gündə iki dəfə məşq edir. Səhər hazırlığında əsasən fiziki çalışmaları yerinə yetirən idmançılarımız axşam məşqlərini rinqdə gerçəkləşdirirlər. Təlim-məşq toplanışı sentyabrın 5-dək davam edəcək. Bundan sonra boksçularımız Rusiya yollanacaqlar.
Qeyd edək ki, dünya çempionatı 8 çəkidə keçiriləcək. Sentyabrın 8-də açılış mərasimi olacaq mundialda ilk döyüşlər ertəsi gün təşkil olunacaq. Qaliblərin adları isə sentyabrın 21-də dəqiqləşəcək.
Yığmanın baş məşqçisi Nəriman Abdullayev Bakı Boks Mərkəzində keçirilən təlim-məşq toplanışı barədə fikirlərini Azərbaycan Boks Federasiyasının rəsmi saytına bölüşüb. O bildirib ki, boksçular mundiala yüksək əhval-ruhiyyədə hazırlaşırlar: “Minskdə keçirilən Avropa Oyunlarından sonra komanda istirahətdə idi. Artıq müəyyən müddətdi məşqlərə başlamışıq. Əsas heyətlə yanaşı, ikinci nömrələr də hazırlığa qatılıblar. Bu da ondan irəli gəlir ki, toplanışda bir-birinə kömək etsinlər. Hazırlıq yüksək səviyyədə gedir və əhval-ruhiyyə qaydasındadı. Toplanış plana uyğun davam edir. Bunun üçün federasiya tərəfindən hər bir şərait yaradılıb. Boksçular dünya çempionatına yollanacaq heyətə düşmək üçün var gücləri ilə çalışırlar”.
Baş məşqçi 20-ci dünya çempionatının başqalarından fərqlənəcəyi qənaətindədi. Onun sözlərinə görə, çəki dərəcələri səkkizə endirildiyindən mübarizə daha gərgin keçəcək: “Bildiyiniz kimi, bu dəfə cəmi 8 dəst medal sahibini tapacaq. Çəki dərəcələrinin azalması mübarizəni daha da gərginləşdirəcək. Hər çəkidə təxminən 30-dan çox boksçunun olacağı gözlənilir”.
Yarışa yollanacaq heyəti son günlərdə müəyyənləşdirəcəyini deyən Abdullayev bir neçə aparıcı boksçumuzun dünya çempionatından kənarda qalacağını da söyləyib: “Komandanın hazırkı durumu yaxşıdı. Amma mundialda hər çəkidə liderlə təmsil oluna bilməyəcəyik. Əsas heyət üzvlərinin bir neçəsi zədə və xəstəlik səbəbindən dünya çempionatından kənarda qalacaq. Bunların sırasında dünya çempionu Cavid Çələbiyev və Olimpiya mükafatçısı Kamran Şahsuvarlı da var. Həmçinin üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov da bizimlə olmayacaq. O, karyerasını peşəkar boksda davam etdirəcək. Artıq müqavilə də bağlayıb. Söhbət edib, uğurlar arzuladıq”.
İtkilərə baxmayaraq, baş məşqçi yarışa nikbin baxır. O bildirib ki, boksçularımız həmişə olduğu kimi, yenə yüksək yerlər uğrunda mübarizə aparacaq: “Məqsədimiz bacardığımızın ən yaxşısını etməkdi. İnanıram ki, yarış milli üçün uğurlu alınacaq”.