Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına yekun vurulub. Avqustun 31-də daha iki cüdoçumuz mübarizəyə qoşulub. Qadınlar arasında İrina Kindzerska (+78 kq) Tessi Savelkoulsu (Hollandiya) və Nixel Şeyx Ruxu (Tunis) yensə də, 1/4 finalda Mariya Suelen Altemana (Braziliya) uduzub. İlk təsəlliverici görüşdə Beatris Souza (Braziliya) ilə də bacarmayan İrina mundialı 7-ci pillədə başa vurub. Uşanqi Kokauri (+100 kq) isə ilk görüşdə Stefan Xeqyi (Avstriya) ilə bacarmayıb. Beləliklə, yığmamız 15 nəfərlə qatıldığı dünya çempionatının fərdi yarışını 1 gümüş və 1 bürünc medalla başa vurub. Qeyd edək ki, 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib. Komanda hesabında isə yığmamız 11-ci olub.
Sentyabrın 1-də qarışıq komanda yarışı baş tutub. Millimiz 1/8 finalda Portuqaliyanı 4:3 yensə də, ardınca Braziliyaya uduzub – 1:5. İlk təsəlliverici görüşdə Koreyadan üstün olan (4:2) komandamız bürünc medal uğrunda həlledici qarşılaşmada Rusiya ilə bacarmayıb – 1:4.