Sizin reklam burada

Yurçeviç Uels və Xorvatiya üçün heyəti açıqladı

Baxış Sayı:1 471

Yurçeviç Uels və Xorvatiya üçün heyəti açıqladı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Uels, 9-da isə Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq millinin heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib. Qeyd olunan oyunlara hazırlıq məqsədilə sentyabrın 2-dən 9-dək təlim-məşq toplanışı keçirəcək ölkənin əsas komandasına dəvət alan futbolçuların siyahısını təqdim edirik: qapıçılar - Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ); müdafiəçilər - Maksim Medvedev, Rahil Məmmədov (hər ikisi "Qarabağ"), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (Səbail), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah"); yarımmüdafiəçilər - Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov (Neftçi), Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya), Cavid Hüseynov (Zirə), Rəşad Eyubov (Sabah); hücumçular - Mahir Əmrəli (Qarabağ), Ramil Şeydayev (“Dinamo”, Moskva/Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Renat Dadaşov (“Pakuş de Fereyra”, Portuqaliya), Ağabala Ramazanov (Səbail).
Yurçeviçin dəvət gönərdiyi futbolçuların siyahısına nəzər salarkən deyə bilərik ki, xorvat mütəxəssis bu gün üçün üzdə olan büyün oyunçuları yada salıb. Səlahətlə Qazaxıstanda legioner həyatı yaşayan və çox inamlı təsir bağışlayan Emil Balayevin düşərgədə olacağı heç kimdə şübhə doğurmurdu. Üçüncü qapıçı kimi Şahruddinə dəvət göndərilməsi də qanunauyğunluqdu. “Qarabağ”ın qolkiperi avrokuboklarda meydana çıxmasa da, premyer-liqanın hər iki turunda iş başında olub və 180 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarıb. İndi hamını düşündürən əsas məsələ yığmanın baş məşqçisinin “1 nömrə” kimi Ağayevə, yoxsa Balayevə güvənəcəyidi. Səlahətin şərəfini qoruduğu “Neftçi” “Bney Yehuda” ilə avrokubok matçlarından sonra premyer-liqaya da uğursuz start verib. Ağayev ilk iki turda kobud səhvlərlə yadda qalmasa da, qapısında iki qol görüb. Emil isə son 4 görüşdə “quru” seriya yaxalayıb. Qolkiperin şərəfini qoruduğu “Tobol” avqustda 4 oyunda meydana çıxıb və Balayev bunların heç birində məyus olmayıb. Yurçeviçin statistikaya və ya təcrübəyə üstünlük verəcəyi çox maraqlıdı.
Müdafiə xəttində yer alanların hamısı şərəfini qoruduqları komandalarda daim meydana çıxanlardı. Maksim Medvedev, Rahil Məmmədov qitəmiqyaslı turnirlərdə Qurban Qurbanovun daim güvəndiyi isimlərdi. Elə Ömərlə Anton da “ağ-qaralar”ın 6 oyunluq avrokubok macərasının daimi iştirakçılarından olublar. Ancaq əvvəlki 3 müdafiəçidən fərqli Buludov premyer-liqanın geridə qalan 2 turunda meydana çıxmayıb. “Aleksandriya”nın şərəfini qoruyan Pavel Paşayev Ukrayna çempionatının 5 turunda üst-üstə 279 dəqiqə top qovub. Şəhriyar “Səbail”in, Təmkinlə Bəhlul isə “Sabah”ın əsas heyət üzvləridi və hər üçü ilk iki turu əvəzolunmadan keçirib. Şəhriyar həm də “dənizçilər”in Avropa Liqasında “Universitatya” ilə keçirdiyi görüşlərin hər ikisində forma geyib.
Xorvat çalışdırıcının yarımmüdafiəçilərlə bağlı seçimini də normal qarşılamaq olar. Baş məşqçi təcrübəli adlara dəvət göndərib. Almeyda son çempionunun əvəzolunmaz üzvüdü. Qara və Araz son vaxtlar klubunda ehtiyyat oyunçular skamyasında qalsalar da, təcrübələrinə görə onlara etimad göstərmək mümkündü. Mahmudov “ağ-qaralar”ın “düşünən beyni”di və həm avrokubokda, həm də premyer-liqada Roberto Bordinin daim oynamaq şansı verdiyi fiqurlardan biridi.
Ötən mövsüm “Ertsgebirge”də kölgəyə çəkilən Nazarov üçün mövsüm heç də pis başlamayıb. Yarımmüdafiəçi 4 turda 309 dəqiqə iş başında olub və 2 matçda adını tabloya yazdırıb. Uzun müddət yığmadan kənarda qalan Cavidin yenidən ölkənin əsas komandasının məşqçilər korpusunun diqqətini çəkməsi heç də təsadüfi deyil. Mövsümlərarası fasilədə “Qəbələ”ni “Zirə”yə dəyişən yarımmüdafiəçi hazırda yaxşı formadadı. İkinci turda “qartalar”ın “Neftçi” üzərində qələbəsində əsas pay sahibi olan Hüseynov “Səbail”lə görüşdə də ağıllı ötürmələri ilə yadda qalmışdı. Eyubov da “Sabah”da yarımmüdafiənin əsas silahıdı və onun da yığmaya dəvət almasında qeyri-adi heç nə yoxdu.
Son illər millidə səviyyəli forvardların yoxluğundan şikayətlənirdiksə, bu dəfə Yurçeviçin sərəncamında hazırda yaxşı formada olan hücumçular var. Mahirin durumu haqda çox danışmaq yersizdi. Onun “Qarabağ”da sərgilədiyi performans göz önündədi. Şeydayev sonuncu turu nəzərə almasaq, “Dinamo”da daimi oyun təcrübəsi qazanır. Onun yeganə çatışmazlığı hələ də Moskva təmsilçisində qol hesabını aça bilməməsidi. Meydanın hər yerində gözə dəyən, bəzəın müdafiəyə qədər çəkilib rəqibdən top alan forvard qol “oruc”unu poza bilsə, klubuna da, yığmaya da çox fayda verə bilər. Dadaşov qardaşlarından böyüyü olan Rüfət yeni mövsümdə 4 matçda meydana çıxıb və bir qolun müəllifi olub. Ucaboy forvard ümumilikdə 382 dəqiqə forma geyinib. Yay fasiləsində “Vulverhempton”a keçməklə gündəmə gələn Renat Dadaşov icarəyə verildiyi “Pakuş de Fereyra”da artıq debüt edib. Hücumçu fərqlənə bilməsə də, baş məşqçinin fikrincə, oyunu yüksək səviyyədə keçirib. Ağabala barədə də ətraflı məlumat verməyə ehtiyac yoxdu. Hazırda optimal formada olan Ramazanov “Səbail”in əsas vuran ayağıdı və premyer-liqanın iki bombardirindən biridi. Onun avrokuboklarda iki oyuna 3 dəfə fərqlənməsi də xüsusi qeyd olunmalıdı.
Yurçeviç dəvət göndərdiklərindən başqa yığmaya kimləri cəlb edə bilərdi? Fikrimizcə, yalnız Eddi İsrfailov kənarda qalıb. O da hələ ki zədə səbəbindən yeni anlaşdığı “Albasete”nin heyətində meydana çıxmayıb.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR