Sizin reklam burada

Millimiz yenə Belarusa boyun əydi

Baxış Sayı:1 392

Millimiz yenə Belarusa boyun əydi
Alesio: “Hansı planda daha çox işləməli olduğumuzu aydınlaşdırdıq”
Minskdə təlim-məşq toplanışında olan futzal yığmamız dünən Belarusla növbəti yoldaşlıq oyunu keçirib. Budəfəki görüş Borisov şəhərində baş tutub. Ötən oyunla müqayisədə hər iki komandanın heyətində dəyişiklik olub. Rəqibin 6, millimizin isə bir üzvü – Sezar Conatan klubun düşərgəsinə yollandığından bu matçda iştirak edə bilməyib. Conatanın əvəzinə baş məşqçi Joze Alesio da Silva “5-lik”də İsa Atayevə şans verib. Oyunda hesabı elə 2-ci dəqiqədə İsa açıb. Ancaq bundan sonra meydan sahibləri təzyiqi artıraraq matçda dönüş edib. Belarusun kapitanı Anton Qusakov fasiləyə qədər, konkret 5-ci və 9-cu dəqiqədə iki dəfə fərqlənərək dubl edib, Maksim Yevdokimov isə 12-ci dəqiqədə komandasının üstünlüyünü möhkəmlədib. Beləliklə, meydan sahibləri ilk yarını 3:1 öndə bitirib. Yevdokimov fasilədən dərhal sonra fərqi 3 topa çatdırıb. Matçda son nöqtəni isə 28-ci dəqiqədə Tyaqo qoyub 2:4. Oyunda başqa qol olmayıb və beləliklə, millimiz Belarusla keçirdiyi ikinci oyunda da məğlub olub. Xatırladaq ki, ilk oyunda meydan sahibləri 5:3 hesabı ilə qalib gəlmişdi.
Joze Alesio da Silva Futzal Federasiyasının rəsmi saytına açıqlamasında oyunu belə dəyərləndirib: “Bu dəfə fərqli oyun gördük. Daha doğrusu, uşaqların oyuna yanaşması məni qane etdi. İntizamlı və istəkliydilər. Ancaq səhvlərimiz oldu. Bu səhvlər də mövsümün əvvəlinə xarakterikdi. Uzunmüddətli hazırlıq keçmək üçün vaxtımız olmadı. Çempionat hələ başlamayıb, oyun təcrübəsinə ehtiyac var. Daxili birincilik başladıqdan sonra futzalçılar formasını bərpa edəcəklər. Yenə deyirəm, uduzmağı heç kim istəmir. Ancaq yoldaşlıq oyunlarının vacibliyi də məhz səhvləri, çatışmazlıqları görmək, təsbit etmək üçündü. Hansı planda daha çox işləməli olduğumuzu aydınlaşdırdıq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR