Yığmanın səfər oyunlarına jurnalistləri hansı meyarlarla seçirsiz?
Hörmətli Elxan müəllim!
Təkcə məni yox, idman jurnalistlərinin əksəriyyətini düşündürən bir məsələ ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Cari seçmə mərhələnin əvvəlindən çox qəribə tendensiya yaranıb. AFFA Azərbaycanın milli futbol komandasının səfər oyunlarına yalnız müəyyən qrupu, hansısa mübhəm prinsiplər əsasında müəyyənləşdirdiyi həmkarlarımızı aparır. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın bizə verdiyi bilgiyə görə, bu seçmə mərhələnin sonuna qədər səfər siyahısında hansısa dəyişiklik gözlənilmir. Təbii ki, hər bir qrup kimi, AFFA da özünə dost-aşna seçməkdə, sonra da həmin dostlardan yığmanın oyunlarında stadionlarda səslənən “istefa” şüarlarını mediaya çıxarmamağı ummaqda azaddı. Amma məsələnin başqa tərəfi də var. Ölkə futbol təsərrüfatını yönəldən, ən azı sənəd üzərində onun inkişafına çalışmalı olan bir qurumun jurnalistlər arasında ayrı-seçkilik etmək, azad rəqabət prinsiplərini pozmaq, kimlərisə süni şəkildə irəli çəkmək, başqalarının yoluna kötük dığırlamaq hüququ yoxdu. AFFA-nın gündəlik icra fəaliyyətinə cavabdeh olan adam kimi bu qərarın şəxsən sizin iradənizə bağlı olduğu deyilir. Mən də son 22 ildə idman jurnalistikasının inkişafı, ixtisaslı kadrların yetişməsi yolunda müəyyən əmək sərf edən adamam. Sizdən bu əcaib qərarın pərdəarxasında hansı məqamların yatdığını, jurnalistlər arasında nifaq toxumu səpən addımım nəyə əsaslandığını bilmək istəyirəm. Konkrer bir suala cavab almaq istəyirəm: yığmanın səfər oyunlarına jurnalistləri hansı meyarlarla seçirsiz?
Ən yaxın zamanda bu suala cavab alacağıma ümid edirəm.
Mahir Rüstəmli, “Futbol+” qəzetinin baş redaktoru