Həllini gözləyən problem çoxdu
Avrokuboklardakı ümid yerimiz “Qarabağ” Şimali İrlandiya səfərindən məğlub qayıtmaqla ölkə futbolsevərlərini üzdü. “Pley-offda zəif rəqib olmur” deyirlər. Lakin budəfəki rəqibin adı – “Linfild” – bu deyimi alt-üst etmişdi. İndiyə qədər beynəlxalq arenada azarkeşlərini sevindirməyi bacarmayan Belfast təmsilçisinin unudulmaz uğur bir yana, qələbələrinin sayı belə, barmaqla sayılacaq qədər az idi. Ona görə də “Qarabağ”ın işini asan hesab edir, Bakıya inamlı qələbə ilə dönəcəyini düşünürdük. Belə baxanda, ilk hissədə baş verən proseslər buna doğru aparırdı. Azərbaycan çempionu hesabı açmış, ikinci, hətta üçüncü qolları vurmaq üçün əla imkanlar yaxalamışdı. Lakin sonluq acı oldu.
Ötən yay da belə idi...
Əslində ümumi mənzərə ötən yaydakından ciddi mənada fərqlənmir. Xatırlayırsızsa, 1 il əvvəl də hər dəfə ilk oyundan sonra “ürəyimiz ağzımıza” gəlirdi. “Olimpiya”nı səfərdə məğlub etmək mümkün olsa da, Bakıdakı oyun qolsuz bərabərliklə yekunlaşmışdı. Növbəti mərhələdə ağdamlılar “Kukesi”ni səfərdə məğlub edə bilməməklə böyük şübhələrə yol açmışdı. BATE ilə burdakı qarşılaşmada rəqibin vurduğu 1 qol təmsilçimizin məğlubiyyətinə səbəb olmuşdu. Elə “Şerif”lə Moldovadakı ilk oyunda da “köhlən atlar” yenilgidən qaça bilməmişdi. Bir sözlə, “Qarabağ”ın ilk oyunlarda azarkeşləri dəli olmaq həddinə çatdırması artıq ənənə halını alıb.
...bu yay da
İndi də eyni vəziyyətdi. Çempionlar Liqasındakı mübarizəyə “Partizani” ilə səfər qarşılaşmasıyla başlayan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qat-qat üstün olduğu rəqibi Albaniyada uda bilməsə də, Bakıda vurulan iki qol həlledici oldu. İkinci mərhələdə “Dandolk”u bütün komponentlərdə üstələyən, 2-3 top fərqi ilə qalib gəlməyə borclu olan ağdamlılar 90 dəqiqənin tamamında heç-heçəyə razılaşmışdı. “Dalğa Arena”da səviyyə fərqi özünü göstərincə, bizimkilər 3 cavabsız qolla növbəti mərhələyə adladı. 3-cü mərhələdə yenə səfər oyunu idi. Lakin bu dəfə qələbəsizlik sindromu qırıldı. “Qarabağ” çoxlarının gözləmədiyi halda APOEL-i kiprli azarkeşlərin gözü önündə məğlub etdi. Di gəl ki, Bakıda bu rəqibə boyun əyməklə Çempionlar Liqasında mübarizəni dayandırdı və.... Növbəti səfər qarşılaşması və yenə qələbəni əldən verən “Qarabağ”.
Tarix təkrarlanacaq?
“Qarabağ” avqustun 22-də “Linfild”ə uduzmaqla müzakirələrə yol açmış oldu. 2018-ci il avqustun 23-ü gecəsi də Avroliqanın pley-offunda eyni vəziyyət yaranmışdı. Moldova səfərinə yollanan “köhlən atlar” rəqib futbolçu Kapiçin vurduğu yeganə qol sayəsində yenilgidən qurtula bilməmişdi. Belədə bütün ümidlər Bakıdakı cavab görüşünə idi ki, fikir və ehtimallar müxtəlif idi. Azərbaycan çempionu bütün gümanları alt-üst edib, “Şerif”in qapısından 3 cavabsız top keçirdi və Avroliqanın qrupunda oynamaq imkanı qazandı.
İndi də cavab görüşü ərəfəsində üstünlük rəqibin tərəfindədi. “Linfild” meydana hesabda üstün çıxacaq ki, “Qarabağ”ən pis halda qapısında top görmədən rəqibini bir dəfə mərkəzə dəvət etməlidi. Ötən illə müqayisədə yalnız bir fərq var. 2018-də “Qarabağ”ın 1 qolu komandaları penalti zərbələrinə daşıyacaqdısa, bu dəfə səfərdə vurulan 2 topa görə Bakıda 1 qol da kifayət edəcək.
“Qarabağ”a nə olub?
İndi ağıllarda bir sual dolaşır: son iki ildə “Qarabağ”a nə olub? Səbəblər müxtəlifdi, lakin ən tutarlı cavablardan yapışmalı olsaq, üç məqamın üstündə dayana bilərik.
1. 2017-yə, yəni “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanana qədər işlər qaydasında gedirdi. Ağdamlılar özündən zəif rəqiblərlə oyunlarda istədiyi nəticəni əldə edir, artıq ilk qarşılaşmada qeydə alınan hesab böyük ölçüdə mərhələnin taleyini həll edirdi. Futbolçularda məsuliyyət hissi vardı, daha artığını istəyirdilər. Məhz Avropanın ali klub turnirinin qrupuna yol açılandan sonra sanki komandada arxayınlıq yaranıb, insanlar uğurdan doyublar, Avroliqa onlara adi gəlir. Nisbətən zəif rəqiblərə yuxarıdan aşağı baxmaq, hesabda öndə olanda rahatlaşmaq, qol fürsətlərinə saymazyana yanaşıb boşa vermək – bu və başqa faktlar “Qarabağ”ı qələbədən edir, ölkənin reytinq xallarının artmasına mane olur.
2. Razılaşarsız ki, avrokuboklarda əsas gözləntimiz legionerlərdəndi. Bir çox futbolçular var ki, illərdi “Qarabağ”da çıxış edir. Miçel, Dani Kintana, Riçard Almeyda... Yəni bu adamlar komandanın əsas “silahlar”ı sayılır və sayılmalıdılar. İllər öncə onların parlaq çıxışı ağdamlıların uğur qazanmasının əsas səbəblərindən idi. Son iki ildə adı çəkilənlərin hər biri, həmçinin digər əcnəbilərin bəziləri də imkanlarından qat-qat aşağı səviyyədə çıxış edirlər. Kintana Romeronun kölgəsində qalıb, Miçelin bu gün bacardığı ən yaxşı iş rəqib futbolçu və hakimlərlə söz güləşdirməkdi, Riçard isə... Bu futbolçunun 3 il əvvəli və indisi haqda ayrıca yazı hazırlamaq olar. Yəni komandanın “ağsaqqallar”ı əvvəlki formasından xeyli uzaq düşüb deyə, ümid qalır yenilərə.
3. Səbəblərdən biri də yenilərlə bağlıdı. Artıq ikinci ildi “Qarabağ” transferlərdə gecikir, ya da tələsik iş görməklə sonradan peşman olur. Ötən yay durum faciəvi idi. Komandaya cəlb olunan İnnosent Emeqara, Con Delarj, Hannes Halldorsson, Simeon Slavçev, Filip Ozobiç kimi legionerlər komandanın güclənməsi, irəli getməsi yolunda heç nə edə bilmədilər. Düzdü, hər biri ayrı-ayrılıqda hansısa anların qəhrəmanı olmağı bacardılar. Lakin komanda oyunçusu olmaq, “Qarabağ”ı çiyinlərində daşımaq onlarlıq deyildi.
Bu il də durum dəyişməyib. Mayda – yəni çempionat başa çatandan sonra qollarını çırmalayan klub rəsmiləri Xayme Romero, Aylton Silva, Faysal Rerras və Maqaye Geyenin transferini həyata keçirməyə nail oldular. İlk ikisi düşərgəyə toplanışın ortasında qoşulsa da, Faysalla Maqaye avrokubokların gedişində peyda oldular. Heç biri komanda ilə düz-əməlli toplanış keçməmişdilər deyə, artıq çəkiləri göz çıxarırdı. Odu ki, bu gün yeni transferlərdən yalnız Romero hansısa mənada komandasına fayda verməyə çalışır və müəyyən qədər nəsə edir. Qalan üçü isə bəzi məqamlarda gözə dəyir, sonradan yoxa çıxır. Çünki hazırlıq keçməyiblər, “Qarabağ”a lazımi səviyyədə uyğunlaşmayıblar. Eynilə ötənilki vəziyyət yaranıb.
Qurbanov yox, futbolçular cavab verməlidi
“Qarabağ”ın məlum durumla üzləşməsində Qurban Qurbanovu qınayanların sayı az deyil. Bəli, APOEL ilə “Tofiq Bəhramov”da reallaşan dueli məhz baş məşqçi uduzdu. İlk oyundakı qələbəni futbolçuların başından ata bilmədi, komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləməkdə çətinlik çəkdi, nəticədə yunanlar məhz xarakter sayəsində mərhələ adlayan tərəf oldu.
Amma digər oyunlara nəzər salsaq, “Qarabağ”ın istər oyun, istərsə də qol vəziyyəti yaratmaq planında problemi olmayıb. “Partizani”, “Dandolk”, “Linfild”lə qarşılaşmaların ilk 45 dəqiqəsini göz önünə gətirin. Rəqibdən üstün olan, saysız qol vəziyyətləri yaradan təmsilçimiz olmayıbmı? Deməli, Qurbanov rəqibi təhlil edib, oyunu da buna uyğun quraraq komandasının üstünlük qazanmasına səbəbkar olub. Sadəcə, meydanda top dalınca qaçanlar qol vurmaqda çətinlik çəkir, müdafiəçilər və qapıçı uşaq səhvlərinə yol verir. Sizcə, “Linfild”lə qarşılaşmada Abbasın topu lazımsız vəziyyətdə auta çıxarıb, ikinci qolun buraxılmasına səbəbkar olması Qurbanovun tapşırığı idi? Yoxsa ayağını ayağına dolaşdırıb yerə yıxılması, nəticədə rəqibin üçüncü qolu vurmasına şərait yaratması baş məşqçinin ürəyincə idi? Bəlkə Vaqnerə hava toplarında inamsız oynamağı Qurbanov tapşırır? Əminəm ki, belə deyil.
Sadəcə, bacarıqları budu. Arxayınlaşırlar, bir-iki əlverişli imkandan sonra qələbə qazanacaqlarına əmin olurlar, bəzi futbolçular matçın gedişində oyundan “qopur” və nəticədə baş məşqçinin çəkdiyi əziyyət hədər gedir.
İnam var, amma...
İndi böyük əksəriyyət “Qarabağ”ın qrupa düşəcəyinə ümid edir. İlk oyun göstərdi ki, “Linfild” ağdamlıların boyuna görə rəqib deyil. “Köhlən atlar” avrokubok təcrübəsindən yararlanıb Şimali İrlandiyadan gələnləri “Şerif”lilərin gününə salmalıdı. Daha doğrusu, salacağına inam var. Bəs sonrası? Tutaq ki, “Qarabağ” “Linfild”ə 5 top vurub qrupa yüksəldi. Sizcə, bu heyətlə, bu cür təfəkkürlə qrupda nəsə etmək mümkün olacaq? Halbuki ordakı rəqiblərin bir çoxu “Qarabağ”dan üstündü, səviyyə fərqini ortaya qoya bilirlər. Ona görə də artıq indidən komanda daxilindəki çatışmazlıqları aradan qaldırmaq, yeri gəlsə, Mahirə, Zubirə, Miçelə, Romeroya uşaq futbol məktəbində olduğu kimi qol vurmağın yollarını öyrətmək lazımdı. Yoxsa çətin olacaq, çox çətin...
HƏBİB