Tahir Süleymanov: “Futbol belə münasibəti sevmir və dərhal da üz döndərdi”
“Qarabağ”ın Belfastda uduzması şok effekti verdi. Xususilə futbol ictimaiyyətinin nümayəndələri gözlənilməz məğlubiyyəti həzm edə bilmir. “Feysbuk”da paylaşılan statuslardan, tam təbii olaraq, narazılıq qoxusu gəlir.
Emin Səfərov (yenisabah): "CBC Sport"un reklamında Maastrixdəki "Peykan" idman klubu var e, Mahir Əmrəlini alsa-alsa, onlar alacaq”.
Rəşad Ergün (komanda): "Qarabağ" ücün limit APOEL-lə oyunlarda doldu. Yoxsa Abdulla Zubirin, Almeydanın, Geyenin, Miçelin, Xayme Romeronun, Kintananın nə işi var komandada? Boş tribunalar onundə keçirilən "Səbail", "Keşlə" ilə oyunlar üçün bəslənilir bu legionerlər? "Qarabağ" "Linfild"i keçməlidi. Keçə bilməsə, bu, rüsvayçılıq olacaq. Təkcə "Qarabağ" adına yox, Azərbaycan premyer-liqasında "azarkeş" deyib mələr qalan tribunaları boş qoyan azarkeşlər üçün də, "Bazar Store" üçün də, "Bizim tarla" üçün də, Qurban Qurbanov üçün də”.
Tahir Süleymanov (sabiq referi): “Məğlubiyyət fonunda təzadlı səslənsə də, Azərbaycan futbolu tarixində rəqibin səviyyəsinə görə ən zəif pley-off qarşılaşması idi. İlk dəqiqələrdən "Qarabağ" o qədər rahat oynayırdı ki, birinci hissənin sonuna yaxın "yatdı", psixoloji olaraq görüşün bitdiyini zənn etdi. 30 dəqiqəyə "Linfild"ın qapısına 3-4 top vurulmalıydı. Vurulmadı... "Qarabağ" meydanda futbolla "zarafat" etməyə başladı. Futbol belə münasibəti sevmir və dərhal da üz döndərdi. Bunun nəticəsi olaraq rəqibi futbola və "Qarabağ"a hörməti qarşılığında mükafatlandırdı. Qolları "Linfild" vurmurdu, "Qarabağ" futbolu saymayaraq rəqibin köməyilə özü öz qapısına vururdu. Heyət, cəzalar, zədələr bəhanə ola bilməz. İrlandlar bu mərhələ üçün çox zəif komandadı. İtirilən reytinq xallarına təəssüflənməmək olmur. Son dəqiqədəki qol bəxşişi "Qarabağ"ın futbol tanrısı tərəfindən obyektivliyi və ev oyununa ümididi... Bakıda "Linfild"ın qapısına rahat 4-5 top vurula bilər, bir şərtlə, astagəl, "piyada" futbol sərgilənməsin, rəqibə nəfəs almağa imkan verilməsin. Belə zəif komandanı adlayıb qrupa düşməmək faciə olar. Futbolla acı zarafat etmək yolverilməzdi. "Qarabağ" özündən beşbaş zəif rəqiblə belə oyun oynamamalıdı. “Fors-major” hal baş verməsə, qrupda uğurlar!”
Sənan Şəfizadə (ATV): “Rahatlıq, arxayınlıq baha başa gələ bilər. Avropada yeganə təmsilçimizə ümid böyükdü. "Linfild"i ya keçməliyik, ya da keçməliyik. Hələ heç nə bitməyib. Avqustun 29-da sizə ehtiyacımız böyük olacaq”.
Ceyhun Haşımov (hakim-inspektor): “Mən qapı dirəyindən
şübhələnirəm. Deyəsən, yerini düz qoymayıblar”.
Ceyhun Rzayev (Xəzər TV): “40 dəqiqə göstərdi ki, irlandlar ancaq standart vəziyyətdən qol vura bilərlər. Tərslikdən gümanlar doğruldu. Dirək, qapıçının bədən əzaları, operatorun kamerasının ştativi, Pərvizin səsi də bunları qoldan xilas edir... Maqaye Geyenin başı çatmır, Həzrəti-Abbas (oxu: Abbas Hüseynov) haqqı. 1:3 uduzan futbolçu da 90+də penaltini "Panenka" vurar? Harda ... var, elə bizə rast gəlməlidi?”
Araz Əhmədov (sportfm): “Sən son 10 ildə uşaq futboluna ayrılan milyonlara onlarlarla legioner alarsan, olacağı budu. O pulları rejissor qapıçıya, ehtiyatda çürüyən gəlməyə xərcləməkdənsə, bu illər ərzində 4-5 nəfər normal yerli futbolçu yetişdirmək lazım idi”.
Anar Şabanoğlu: "Qarabağ" bu həvəskar komandanı məşq edə-edə udurdu. Yenə də yüz faiz əminəm ki, mərhələni keçəcək. Hamı britaniyalıların "ikinci mərtəbə"də gücünü bilir. Onlara topu cərimə meydançamıza havayla ötürməyə imkan verməmək kifayətdi ki, bu oyunu da udaq. "Qarabağ"ın futbolçuları həddən artıq rahatdı. Bilirlər ki, keçəcəklər bu rəqibi. Amma bu qədər rahatlıq da baha başa gələ bilər. İstənilən halda, əminəm ki, Bakıdakı oyunda "Qarabağ" şou göstərib böyükhesablı qələbəylə qrupa yüksələcək. Qurban Qurbanovun qapıçı istəməsinin səbəbini də yəqin anladız. Vaqner güvəniləsi qapıçı deyil. Şahruddin isə mənə görə Region Liqası səviyyəsindədi”.
Erkin İbrahimov (azerifutbol): “Qarabağ” üçün kornerlər otüstü hokkeydəki künc zərbələri kimidi. Axı, bu cür standartlar zamanı necə belə oynamaq olar?!”
Vüsal Mahmudov (futbolinfo): “Qarabağ”a Tahir Gözəli peşman etmək üçün qısa müddət yetdi. “Dandolk” üzərində qələbədən sonra Ağdam klubunun indiki heyətini bütün dövrlərin ən yaxşısı elan edən vitse-prezident ondan sonrakı 3 oyunda iki sarsıdıcı məğlubiyyət görüb. Gözəlləmə söyləmək asandı, amma məntiq olmalıdı”.
İbrahim Cəfərov (futbolxeber): “Tahir Gözəl "bu, tarixin ən güclü "Qarabağ"ıdı" demişdi. Dünənki oyun göstərdi ki, bu, son illərin ən zəif "Qarabağ"ıdı. Amma ürəyinizi buz kimi saxlayın. "Qarabağ" səfərdə lap 1:3 hesabı ilə uduzsaydı da, yenə də Bakıda lazımi nəticəni qazanacaqdı. "Linfild"i "Keşlə", "Sumqayıt", "Səbail" də keçər”.