Əsədov: “Rəqibin qazandığı hər künc və cərimə zərbəsi penalti effekti verirdi”
Mircavadov: “Belə oyunlarda ələ düşən imkanları maksimum qola çevirməlisən ki, rəqibin mübarizə əzmi qırılsın”
"Qarabağ"ın Şimali İrlandiyadakı məğlubiyyəti üzüntüyə səbəb oldu. Ən bədbin azarkeşlər belə komandamızdan "Linfild"lə görüşdə qələbə gözləyir, pis halda heç-heçəyə ümid edirdilər. Ancaq Ağdam təmsilçisi son dəqiqə qolu ilə iki top fərqi ilə geri düşdüyü görüşdən 2:3 hesabıyla ayrıldı və bir həftə sonrakı matç üçün şansını qorumuş oldu.
Təbii ki, arxayınlaşmaq, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Əksinə, səhvlər ciddi təhlil edilməli, nəticə çıxarılmalıdı. Bu baxımdan baş məşqçi Qurban Qurbanova həmkarlarının fikirləri kömək edə bilər. Öncə yığmamızın məşqçilər korpusunun üzvü Arif Əsədovun fikirlərini dinləyək: "Əvvəlcə onu deyim ki, "Qarabağ" oyuna yaxşı başlamışdı. Demək olar, 35-40 dəqiqə dominantlıq edirdik. Bunun məntiqi nəticəsi kimi qol vurduq. Oyunun axarı onu deməyə əsas verirdi ki, qolların davamı gələcək. Çünki 1:0-dan sonra da kifayət qədər qol vəziyyəti oldu. Amma rəqibin bərabərlik qolu ilə hər şey bir anda "Qarabağ"ın əleyhinə döndü. Oyunda dönüş nöqtəsi məhz standart vəziyyətdən buraxılan qol oldu. Bəlkə də aşkar üstün oynayıb fərqi artıra bilməmək, üstəlik, qol buraxmaq komandaya pis təsir etdi. Proseslər onu deməyə əsas verir ki, sanki "Qarabağ" bu qola hazır deyildi. Üstəlik, bərabərlik qolunu vurandan sonra rəqibdə inam yarandı. Fasilə ərəfəsində daha bir qol vurduqdan sonra bu inam birəbeş gücləndi. Komanda sanki 180 dərəcə dəyişdi. "Qarabağ"da isə əksinə, bu dəqiqələrdə təşviş, çaşqınlıq yarandı. Nəticədə elementar səhvlər etməyə başladılar. Bilə-bilə ki, rəqib standart vəziyyətlərdə çox təhlükəlidi, buna yersiz şəkildə şərait yaradılırdı. Hələ onu demirəm ki, şimali irlandiyalıların qazandığı hər “duran top” - künc və cərimə zərbələri penalti effekti verirdi. İkinci hissədə meydan sahibləri nisbətən daha hücumameyilli oynamağa, "Qarabağ"ı meydanın mərkəzində qarşılamağa, pressinq tətbiq etməyə başladılar. Bunun nəticəsində 3-cü qolu vurdular. Yaxşı ki, komandamız sona qədər mübarizə apardı və final fiti ərəfəsində fərqi minimuma endirmək mümkün oldu. 2:3 elə hesabdı ki, cavab görüşündə nisbətən rahat oynamaq, çox risk etməmək, hətta bir cavabsız qolla cütün taleyini həll etmək olar. Ancaq hesab edirəm ki, "Qarabağ" Bakıda "Linfild"i 2, 3, hətta 4 qol fərqi ilə yenə bilər. İlk 35-40 dəqiqədəki kimi oynamaq və qol vəziyyətlərindən maksimum yararlanmaq lazımdı.
"Qarabağ"da obyektiv və subyektiv səbəblərdən oyun keyfiyyəti istənilən səviyyədə deyil. Orta sahədə boşluqlar var. Riçard Almeyda cəzalı idi, Filip Ozobiç zədəlidi, Miçel ağırdı, Qara Qarayev oyun təcrübəsinin azlığından əziyyət çəkir, Simeon Slavçev meydanda olanda ələ düşən imkanları boşa verir. Eyni sözləri müdafiəyə də aid etmək olar. Qurban Qurbanov bu dəfə məcburi rotasiyalara əl atmalı olmuşdu. Rahil Məmmədovun yoxluğunda baş məşqçi Maksim Medvedevi ortaya keçirmiş, cinahlarda ilk dəfə Abbas Hüseynovla Faysal Rerrasa şans vermişdi. Bu və ya başqa səbəblərdən Qurban müəllim hələ də sabit "11-lik" qura bilməyib. Hər dəfə start heyətində dəyişiklik etməli olur. Belədə komandada sabitliyin çatışmaması normaldı. Fikrimcə, "Qarabağ"a optimal heyətin tam oturuşması üçün vaxt lazımdı. İndiki vəziyyətdə isə "Linfild" səddi keçilməlidi və inanıram ki, bu vəzifənin öhdəsindən gəlmək çətin olmayacaq. Ondan sonra qrup oyunlarına qədər hazırlaşmaq, çatışmazlığı yoluna qoymaq üçün kifayət qədər vaxt olacaq. Çempionatda turdan-tura komanda daha da təkmilləşəcək, futbolçular forma yığacaq".
Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov da "Qarabağ"a inanır. Ancaq cavab oyununa qədər qol vəziyyətlərinin dəyərləndirilməsi baxımından ciddi iş görülməli olduğunu deyir: "Qarabağ" rəqibindən bir baş üstün idi. Amma nəticə irlandiyalıların xeyrinə oldu. Belə oyunlarda ələ düşən imkanları maksimum qola çevirməlisən ki, rəqibin mübarizə əzmi qırılsın. Mahir Əmrəli, Abdulla Zubir, Miçel real imkanları dəyərləndirə bilmədi. Standart vəziyyətlərdən qol buraxmaq təkcə "Qarabağ"ın yox, Azərbaycan futbolunun bəlasıdı. Biz buna illərdi çarə tapa bilmirik. Cavab görüşündə maksimum diqqətli olmaq lazımdı. Yaxşıdı ki, bütün komanda ilə müdafiəyə çəkilməsinə baxmayaraq, Şimali İrlandiya komandasının müdafiəsində boşluq tapmaq olurdu. Məncə, burda da ələ imkanlar düşəcək. Qol vəziyyətlərini dəyərləndirmək faizini artırmaq lazımdı".
MİRAĞA