Mahir Əmrəlinin legioner həyatı yaşayacağı bu yay da əsas söhbət mövzusudu. Bir müddət öncə “Beşiktaş”ın “elçi düşdüyü” deyilən yığma üzvünün adı indi bir neçə əcnəbi klubla yanaşı hallanır. Bir ay əvvələ qədər “Malaqa” və “Estremadura”nın adı dillər əzbəri olmuşdusa, bu dəfə söhbət “Genqam”dan gedir.
Fransanın aşağı dəstəsində mübarizə aparan klubun rəsmiləri Bakıya səfər edib və fransız həmkarlarımızın iddiasına görə, onların gəlişi Mahirin məsələsini həll etməyə görədi. Qonaqlar futbolçunun keçidini “Qarabağ” rəsmiləri ilə söhbətdə həll etmək və Əmrəlinin qərarını üzbəüz öyrənmək niyyətindədilər. Sonu necə olacaq – bu, bizim yazdıqlarımızdan yox, tərəflərin müzakirələrindən sonra dəqiq bilinəcək.
İndiki məqamda bilinən odu ki, bu gün nə “Qarabağ” futbolçunu satmaqda maraqlıdı, nə də səbəbkarın özünün Fransa, ya da İspaniyada oynamaq niyyəti var. Hər halda, görünən kəndə bələdçi lazım deyil. “Estremadura”nın idman direktoru Lopes Ramos açıqlamasında həmyerlimizlə yaxından maraqlandığını və xidmətində maraqlı olduğunu deyibsə, geridə qalan vaxt ərzində bu mövzu ətrafında hansısa sevindirici xəbər yoxdusa, deməli, başqa səbəb axtarmaq mənasızdı. Bəli, “Qarabağ” avrokubok mübarizəsini davam etdirir və hücumçu azlığından korluq çəkdiyi vaxtda Əmrəlinin satılması ciddi riskdi. Amma əcnəbilər də çörəyi qulağının dibinə yemir. Heç kim oturub Mahirin, yaxud “Qarabağ”ın cavabını gözləməyəcək ki, görək avqustun axırında bizə nə deyəcəklər. İspaniyanın, Fransanın özündə Mahirdən çox Mahir var.
Odu ki, ələ bu cür imkan düşmüşkən şansdan maksimum yararlanmaq, futbolçunun xaricə yollanmaq prosesini tezləşdirmək lazımdı. Oynayacaq, ya yox, darıxacaq, ya yox, gözə girə biləcək, ya alınmayacaq – bunlar səni-məni, klubu maraqlandıracaq suallar olmamalıdı. Futbolçudu? Bacarığı var? İngilis dilini bilir? Zəhmət çəkib, getsin. Oynasın, özünü göstərsin, güclü olduğunu hamıya sübut etsin. Yoxsa hər açıqlamasında “mən bilmirəm”, “danışmaq istəmirəm” demək özünü reklam etməkdən başqa bir şey deyil. Madam ki, ölkədə sayılıb-seçilənlərdənsən, iki ayağını bir başmağa dirə ki, Qurban Qurbanovla Tahir Gözəl ümidlənsin, gedişinə ikiəlli razılıq versin.
Mövzuyla bağlı klub rəhbərliyinin də mövqeyi olmalıdı. Hər halda, əcnəbilərdən təklif alan onlardı. Elə son sözü deyən də. Mahirlə bağlı hansı qərarın veriləcəyini və bu məsələ ətrafında ortaya çıxan sualların cavabını öyrənmək üçün “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq: “Mahirə görə İspaniya və Fransa klublarından təklif almışıq. Lakin hazırda məsələ ilə bağlı hansısa qərar yoxdu. Bu dəqiqə klub rəhbərliyinin və futbolçunun fikri “Linfild”lə oyunlara yönəlib”.
HƏBİB