Sizin reklam burada

“Neftçi”ni dirəklər xilas etdi

Baxış Sayı:1 537


“Neftçimaniya” ikinci hissəni boykot etdi
4. Neftçi (Bakı) – Sabah (Bakı) 1:1 (1:1)

1. Səlahət Ağayev – 6,0
5. Anton Krivotsyuk – 4,5
6. Voislav Stankoviç – 5,5
25. Kiril Petrov – 5,0
18. Tural Axundov – 5,0
8. Emin Mahmudov (k) – 5,0
93. Soni Mustivar – 5,5
28. Stiven Jozef-Monroz – 4,5
11. Vangelis Platellas – 5,0
(80. İsmayıl Zülfüqarlı, 79) – qiymətsiz
10. Dario Federiko – 4,5
(7. Namiq Ələsgərov, 65) – 5,0
19. Rauf Əliyev – 5,0
(17. Rəhman Hacıyev, 89) – qiymətsiz
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
3. Mamadu Mboc
26. Ömər Buludov
33. Turan Vəlizadə
36. Mamadu Kane
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Səlahət Ağayev

71. Dmitri Bezruk – 6,0
21. Təmkin Xəlilzadə - 5,5
15. Ruslan Abışov (k) – 5,5
4. Bəhlul Mustafazadə - 5,5
17. Məhəmməd Mirzəbəyov – 5,5
7. Coşqun Diniyev – 5,0
14. Rəşad Eyubov – 5,5
(23. Amadu Diallo, 57) – 5,5
27. Hendrik Ekşteyn – 6,5
10. Cavid İmamverdiyev – 5,0
(77. Cavid Tağıyev, 83) – qiymətsiz
99. Abbas Ağazadə - 5,5
(11. Şakir Seyidov, 71) – 5,5
9. Ulise Diallo – 6,0
Ehtiyat oyunçular
1. Saşa Stamenkoviç
5. Kərim Diniyev
6. Vadim Abdullayev
13. Filip İvanoviç
22. Məqsəd İsayev
65. Xəyal Tomarov
97. Emil Qasımov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Hendrik Ekşteyn
Qollar: R.Eyubov, 33 (0:1, H.Ekşteyn). S.Mustivar, 40 (1:1, V.Platellas).
Vərəqələr: A.Ağazadə, 20 (qeyri-idman hərəkəti). K.Petrov, 47 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 54 (qeyri-idman hərəkəti). R.Əliyev, 57 (qeyri-idman hərəkəti). C.Tağıyev, 88 (qeyri-idman hərəkəti). D.Bezruk, 90+4 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
19 avqust. Bakı. Bakcell Arena. 1500 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Qarşılaşmaya maraq təkcə turun sonuncu oyunu olmasına görə deyildi. Düzdü, bu fakt da özlüyündə hansısa əhəmiyyət kəsb edirdi. Məsələn, “Qarabağ”ın yarımcan heyətlə “Keşlə”ni məğlub etməsindən sonra növbəti dəfə çempionluq yarışına qoşulan “Neftçi”nin də 3 xal arzusunda olması gərgin mübarizədən xəbər verirdi.
“Ağ-qaralar” “Sabah”ı ötən mövsümdəki dörd matçın hamısında məğlub etməyi bacarsa da, budəfəki durumun fərqli olacağı gün kimi aydın idi. Ölkənin ən köklü klubunu keçən il olduğu kimi, iddiasız yox, yayda xeyli güclənən və ilk “3-lüy”ü hədəfləyən kollektivlə oyun gözləyirdi. Təbii, yenilərin arasında Ruslan Abışov ad-soyadını unutmaq olmaz. Roberto Bordin şans vermədiyinə görə “Neftçi”ni “Sabah”a dəyişən təcrübəli müdafiəçi nəyə qadir olduğunu həm hər iki komandanın baş məşqçilərinə, həm də azarkeşlərinə göstərməliydi. Əlbəttə, düşərgələrdə fərqli münasibət olacaqdı. Eyni sözlər həmin marşrutla hərəkət edən Məhəmməd Mirzəbəyova da aid idi.
Doğma meydan və azarkeş amili, heyətdəki adların müqayisəsi, oyun təctübəsinin zənginliyi – bütün bunlar meydan sahiblərinin xeyrinə işləyirdi. Lakin fakt faktlığında qalırdı: “Bney Yehuda” ilə iki oyunda qələbə qazana bilməyən “Neftçi”nin futbolçularının əhval-ruhiyyəsi yerində deyil və bu məqam istənilən halda rəqibin xeyrinə işləyəcəkdi.
Matçın favoriti qismində meydan sahiblərinin göstərilməsi oyuna nəzarətin onların əlində olacağı və təhlükəli vəziyyətlərin onlardan gələcəyi demək idi. Odu ki, “Neftçi” topa nəzarət edir, rəqib müdafiəsində boşluqlar axtarırdı. Lakin “Bney Yehuda” ilə oyunlarda olduğu kimi, təhlükəli vəziyyət yaratmaq baxımından çatışmazlıq bu dəfə də hiss olunurdu. Top cərimə meydançasına qədər gətirilsə də, Bezruku həyəcanlandırmaq plan olaraq qalırdı. Nəhayət, 11-ci dəqiqədə susqunluğa Mustivar son qoydu. Di gəl ki, onun zərbəsindən sonra ukraynalı qolkiper diqqətli oynadı. Epizodun davamında digər ukraynalının – Petrovun kornerdən gələn topu başla “çərçivə”yə göndərmək istəyində azacıq dəqiqlik çatmadı. Matçın əvvəlində Bəhlulun inamlı çıxışı, xüsusən də Rauf və Stiven kimi təcrübəli rəqibləri ilə mübarizələrdən qalib ayrılması xoş məqam kimi yadda qaldı. 27-ci dəqiqədə hesabın açılmasının qarşısını yenə Bezruk aldı. Soyadı dilimizə tərcümədə “əlsiz” olan qolkiper bu dəfə Stivenin zərbəsini inamla dəf etməklə azarkeşlərin alqışını qazandı. Nəhayət, 33-cü dəqiqədə tablodakı 0-lardan biri dəyişdi. Lakin qol “Neftçi”dən yox, “Sabah”dan gəldi. Rəşad Eyubov Ekşteynin ötürdüyü topu tora qovuşdurmaqla həm vaxtilə ona yetərincə güvənməyən Bordinə gözdağı verdi, həm də azarkeşlərin alqışını qazandı. Yeri gəlmişkən, bu, “tələbələr”in qapıya ilk zərbəsiydi. 5 dəqiqə sonra hesab arasındakı fərq az qala artacaqdı. “Neftçi”nin müdafiə xəttindəki boşluqdan istifadə edən Təmkin topu Ekşteynə ötürsə də, az öncə qol ötürməsinin müəllifi olan afrikalı qol müəllifi olmağı bacarmadı. Və həmin epizodun davamında hesab bərabərləşdi. Platellas cərimə zərbəsindən topu qapı qarşısına havalandırdı, müdafiəçilərin diqqətdən kənarda qoyduğu Mustivar bir toxunuşla adını tabloya yazdırdı. Hissənin sonları yetərincə maraqlı alındı. Öncə Diallo topa vaxtında zərbə endirə bilmədi, az sonra Hendrikin vurduğu topu Səlahət barmaqlarının ucuyla küncə çıxardı.
İkinci yarı yenə “ağ-qaralar”ın üstünlüyü şəraitində başladı. Və bunun məntiqi nəticəsi kimi qola onlar yaxın oldu. 51-ci dəqiqədə Platellas üç rəqibdən məharətlə sıyrılıb solaxay zərbə ilə fərqlənmək istəsə də, Bezruk buna imkan vermədi. Bir saatın tamamında “Neftçi” az qala şok yaşayacaqdı. Hendrik meydana yenicə çıxan Amaduya elə bir ötürmə verdi ki... “23 nömrə” Səlahət səddini keçə bilməsə də, Ekşteyn özü qol vurmaq imkanı yaxaladı. Lakin onun vuruşu dirəyə tuş gəldi. Yeri gəlmişkən, Amadu oyuna qoşulandan sonra “Sabah”ın əks-hücumları daha kəsərli görünürdü. Qonaqlar bir neçə dəfə rəqibini azlıqda yaxalasa da, son nöqtəni qoymaq mümkün olmurdu. “Neftçi”də isə sanki yorğunluq müşahidə olunurdu. Odu ki, italyan çalışdırıcının hissənin gedişində Dario və Vangelis kimi aparıcı futbolçuları əvəzləməsi oyuna yeni nəfəs qatmaq istəyinə görə idi. 89-cu dəqiqədə “Neftçi” azarkeşləri növbəti dəfə dərindən “ah” çəkməli oldu. Yenə “Sabah”ın qol cəhdi və yenə Səlahətin köməyinə çatan dirək. Amadu cinahla irəliləyib qapı qarşısına ötürmə etdi, boş qalan Şakirin zərbəsinin qol olmasını dirək əngəllədi. 2 dəqiqə sonra Bezruk növbəti dəfə bacarığını ortaya qoydu. O Namiqin əla zərbəsini əla seyvlə zərərsizləşdirib komandasını real qoldan xilas etdi.
Oyunun qalan dəqiqələrində qol vurulmayınca, tərəflər meydanı 1 xalla tərk etməli oldu. Heç-heçə “Neftçi”liləri üzsə də, “Sabah” üçün sevindirici nəticə idi. “Tələbələr” bu rəqiblə oyunda, nəhayət, meydanı xalla tərk etməyi bacardı.
HƏBİB

Reaksiyalar
Elşad Əhmədov: “Çempionatın başlaması münasibəti ilə hamınızı, belə deyim, futbol ailəsini təbrik edirəm. Həqiqətən çətin oldu. Rəqib “Neftçi”, üstəlik, ilk oyun idi, buna görə də həyəcan hiss olunurdu. Kifayət qədər qol epizodlarımız oldu. Qələbə qazana da bilərdik. Lakin heç-heçəni də ədalətli nəticə saymaq olar. Həyəcan dediyim şeyi bir çoxu kimi, Cavid İmamverdiyevə də aid etmək olar. Qol epizodlarını dəyərləndirə bilməməyimizin səbəblərini bilirik. Bunun üzərində işləyəyəcəyik. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı. Nə qədər irəli getsək, yaxşıdı”.
Roberto Bordin: “Heç də yaxşı oyun göstərmədik. Bu da beyindən gələn siqnalla bağlıdı. Futbolçularda emosiya çatmırdı. Avroliqada mübarizəni dayandırandan sonra futbolçuları bu matça kökləmək üçün çox çalışmışdıq. Lakin bunu bacarmadıq, alınmadı. Futbolçular səviyyələrini ortaya qoya bilmədilər. Nəticədə istədiyimiz nəticəni əldə edə bilmədik. Üzərində təzyiq olanda çətin vəziyyətdən çıxmaq çətin olur. Dəyişilməsi vacib şeylər var, bunlar üzərində çalışmalı, vəziyyətdən birgə çıxmalıyıq. Rəqibin boşluqları vardı, həmin boşluqlardan istifadə edib nəsə etməliydik. Ona görə də komandada psixoloji problemin olduğunu deməzdim. Sadəcə, “Bney Yehuda” ilə ilk oyundakı xarakteri göstərə bilmədilər. Çempionatın əvvəlidi, toparlanmaq üçün vaxtımız olacaq. Azarkeşlərin istefamı tələb etməsi? Bunu edən hamı deyildi, bir qrup azarkeş idi. Sadəcə, bir məqamı başa düşmürəm ki, niyə ilk hissənin ortasında bunu edirlər? Məncə, belələri əsl “Neftçi“ azarkeşləri deyil, onları kimsə öyrətmişdi. Mətbuat konfransına gecikməyimin səbəbi rəhbərlik və futbolçularla söhbət etməyimə görə idi. Sizi çox gözlətmişəmsə, üzr istəyirəm”.

Gözdən qaçmadı
* “Bakcell Arena”da cari çempionatın açılış oyunu olduğundan, hakimin start fitindən əvvəl dövlət himni səsləndirildi. Həmin an komanda üzvləri üzlərini Azərbaycan bayrağına tərəf çevirdilər ki, Ulise Diallo tribunadakı azarkeşlərə tərəf baxırdı. Bunu görən Cavid İmamverdiyev komanda yoldaşının belindən tutub, onu sakit şəkildə bayrağa tərəf çevirdi.
* Avroliqakı ev oyunlarında “Neftçi” azarkeşlərinin sayı kifayət qədər olsa da, nədənsə bu dəfə seyrəklik müşahidə olunurdu.
* Oyunu izləyənlər arasında Təmkin Xəlilzadənin ailə üzvləri də vardı. Odu ki, futbolçu görüşdən əvvəl üzünü həm azarkeşlərə, həm də doğmalarına tərəf tutub onları alqışladı.
* Uzun illər “Neftçi”nin formasını geymiş Saşa Stamenkoviç əsas heyətdə yer almasa da, bakılı azarekşlər onu unutmamışdı. Matçın ilk dəqiqələrində Saşanı səsləyən fanatlar serb qapıçını alqışlamağı özlərinə borc bildilər.
* 30-cu dəqiqədə “Neftçi”nin mərkəzi sektorda əyləşən bir qrup azarkeşi, həmçinin “Neftçimaniya”nın üzvləri klubun rəhbər strukturunda yer alan Kamran Quliyevlə Ceyhun Sultanovu, ardınca Roberto Bordini istefaya səslədilər. Maraqlıdı ki, daha fəal görünən “Forza Neftçi”lilər həmkarlarının səsinə səs vermədilər.
* “Neftçimaniya”nın üzvləri ikinci hissəni izləməyə ehtiyac duymadığından, fasilədə yer aldıqları tribunanı boşaltdılar.
* Oyun başa çatan kimi “Forza Neftçi”nin üzvləri tribunanı boşaltdılar. Halbuki ötən mövsüm sevimli komandaları heç-heçə edəndə belə, futbolçuları və məşqçilər heyətini alqışlayırdılar.
* Roberto Bordin oyunsonrası mətbuat konfransına xeyli yubandığından, bunu istefa verəcəyi ilə əlaqələndirən həmkarlarımız tapıldı. Özü ilə söhbətdə gecikməsinin səbəbinin bu olmadığı bilindi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR