Sizin reklam burada

Şübhəli penalti “Səbail”i sevindirdi

Baxış Sayı:1 509


Samir Abasov: “Top öncə Mirabdulla Abbasovun əlinə dəymişdi, sonra bizim futbolçunun”
3. Səbail – Zirə 1:0 (0:0)
85. Kamal Bayramov – 5,5
13. Şəhriyar Rəhimov – 5,5
32. Elvin Yunuszadə - 5,5
21. Eriko da Silva – 5,0
(55. Adil Nağıyev, 43) – 5,0
3. Turan Manafov – 5,0
34. Ürfan Abbasov – 5,5
14. Rahid Əmirquliyev (k) – 5,5
8. Yevgeni Koçuk - 5,5
10. Ağabala Ramazanov – 6,0
(6. Makl Essyen, 90+2) – qiymətsiz
7. Fəhmin Muradbəyli – 5,5
22. Mirabdulla Abbasov – 5,0
(9. Mirsahib Abbasov, 85) – qiymətsiz
Ehtiyat oyunçular
12. Daniel Bojinovski
25. Elxan Əhmədov
4. Eltun Yaqublu
17. Elçin Rəhimli
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
5. Vüqar Bəybalayev
19. Ruslan Hacıyev
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Ağabala Ramazanov

28. Boyan Zoqoviç – 5,0
23. Mfo Kqasvane – 4,5
14. Bəxtiyar Həsənalızadə - 4,5
27. Adrian Skalatake – 5,0
5. Anastasios Papazoğlu – 4,0
99. Rafael Məhərrəmli – 4,5
7. Cavid Hüseynov (k) – 4,0
(10. Elvin Məmmədov, 61) – 4,0
4. Elvin Camalov – 4,5
8. İlkin Muradov – 4,5
48. Şafiq Tiqruca – 5,5
18. Xulio Sezar Rodriges – 4,5
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
88. Tellur Mütəllimov
17. Robin Nqalande
25. Miloş Bakraç
70. Nicat Süleymanov
77. Cəlal Hüseynov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: ŞafiqTiqruca
Qol: Y.Koçuk, 80-p.
Vərəqələr: A.Skarlatake, 73 (qeyri-idman hərəkəti). Ş.Tiqruca, oyundan sonra (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
18 avqust. Bakı. ASCO Arena. 400 tamaşaçı (3200 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Səbail” dağılır, futbolçular düşərgəni tərk etmək istəyir” - bu cür söz-söhbətlər oyundan əvvəl futbol camiəsinin müzakirə etdiyi ən sevimli mövzu idi. “Dənizçilər”in durumunun ürəkaçan olmaması “Zirə”nin böyük hesabla qələbə qazanacağına inananların sayını artırmışdı. Ancaq... hər şey tərsinə oldu. 90 dəqiənin tamamında meydanı “qartallar” məyus tərk etdi.
İlk dəqiqələrdən meydan sahibləri üstünlüyü ələ aldılar. Artıq 6-cı dəqiqədə Şəhriyardan ötürmə alan Muradbəyli dönüb qapıya zərbə endirsə də, Bəxtiyara dəyən “mərmi” geri qayıtdı. Qonaqların cavabı 16-cı dəqiqəyə təsadüf etdi. Cavidin qapı önünə asmasını Rodriges əvvəlcə başla, ardınca isə ayaqla “çərçivə”yə yönəldə bilmədi. Az sonra cənubi amerikalı forvard daha bir real qol şansını əldən verməklə yadda qaldı. Mfonun qapıya paralel ideal ötürməsinə hücumçu dəqiq toxuna bilmədi. Yarım saatın tamamına 2 dəqiqə qalmış isə Skarlatake Cavidin kornerdən asmasını lazımınca dəyərləndirə bilməyincə, daha bir qol imkan əldən çıxdı. Ümumiyyətlə, ilk yarı qonaqların üstünlüyü şəraitində keçdi. Onlar daha çox hücum qurur, topa nəzarət edirdilər. “Qartallar”ın əks-hücumları çox təhlükəli alınırdı. 31-ci dəqiqədə meydan sahibləri qola yaxın oldular. Eriko yıxılaraq başla topu qapıya göndərdi. Lakin tirin altına gedən topu Zoqoviç yüksək ustalıq göstərərək kornerə çıxartmağı bacardı. İlk yarının sonuna 3 dəqiqə qalmış Rodrigesin yenə bəxti gətirmədi. Onun başla zərbəsindən sonra dirək meydan sahiblərinin köməyinə çatdı. Son saniyələrdə isə Rafaelin təxminən 30 metrdən qüvvətli zərbəsindən sonra top tirdən qayıtdı.
Fasilədən sonra da ilk təhlükə qonaqlardan gəldi. Standart vəziyyətdən qapıya asmadan sonra Papazoğlunun baş zərbəsi əvvəlcə Rahidə, ardınca isə dirəyə dəyib geri qayıtdı. 56-cı dəqiqədə Fəhminin qol vurması üçün Ağabala hər şey etdi. Papazoğludan sıyrılan “10 nömrə” müdafiəçilərin nəzarətsiz qoyduğu Muradbəyliyə ideal asma etdi. Ancaq yarımmüdafiəçi 5 metrdən boş qapıya düşə bilmədi və top “çərçivə”nin yanından keçdi. Papazoğludan söz düşmüşkən, onu da vurğulayaq ki, “Zirə”nin yeni transferi ilk turda o qədər də yaxşı təsir bağışlamadı. O tez-tez mövqe səhvinə yol verir, ikili mübarizələrdən məğlub ayrılırdı. Bir saat yüksək tempdə çıxış edən “qartallar”ın gücü 60-cı dəqiqədən sonra tükənməyə başladı ki, meydan sahibləri bundan məharətlə yararlanmağı bacardılar. 64-cü dəqiqədə Şəhriyarın baş zərbəsi tirdən qayıtsa da, 80-ci dəqiqədə Koçuk penaltini boşa vermədi. Halbuki hakimin penalti qərarı bir qədər mübahisəli idi. Epizodun təkrarından da görünür ki, Tiqrucadan öncə top Mirabdullanın əlinə dəymişdi. Ona qədər isə bəxtsiz Rodriges 68-ci dəqiqədə daha bir qol şansından yararlana bilməmişdi…
RƏŞAD

Reaksiyalar
Samir Abasov: “Məğlubiyyətlə start yaxşı olmadı. Fərqli iki hissə oldu. Məncə, ilk yarıda daha yaxşı idik. Səhvlərimiz rəqibin üstünlüyünə gətirib çıxardı. Penalti oyunun taleyini həll etdi. Həmin epizodda top öncə Mirabdulla Abbasovun əlinə dəymişdi, sonra bizim futbolçunun. İlk matç həmişə çətin olur. Doğrudan da bizdən çox şey gözləyirlər. Bunun da əvəzini verməliyik. Komandanın 60-cı dəqiqədən sonra dayanmasına gəlincə, sistem belə deyildi. Fərdi səhvlər özünü göstərdi. Yersiz top itkilərimiz və topsuz qalmağımız oyunçuları yordu. Rəqibin də dirəkdən dönən topu oldu, bizim də. Rəqib bizə o qədər də təzyiq göstərmirdi. Sadəcə, özümüz üstünlüyü, topu "Səbail"ə verdik ki, bir az da siz oynayın. Cavid Hüseynovun əvəzlənməsini fiziki durumla əlaqələndirmək yanlış olar. Sadəcə, oyunun gedişində özümüz özümüzə problemlər yaşatdıq. O mənada dəyişiklik etdik ki, yeni qan gətirək. Bu da alınmadı. Ola bilər ki, bəzi futbolçularımızın fikirləri yoxlama oyunlarında qalmışdı. Matça çıxanda dedik ki, bizə heç kim xal verməyəcək. İlk oyun doğrudan da çətin olur. İnamımız var ki, hər şey, o cümlədən uğursuzluq da ilk qarşılaşmada qalacaq. Yarımmüdafiə çatdırmırdı. Biri hücuma gedəndə, başqası cinahı bağlamalıydı. Bir az kanallar elə bil qarışmışdı”.
Aftandil Hacıyev: “Hamını, bütün futbol ictimaiyyətini yeni mövsümün başlaması münasibətilə təbrik edirəm. İlk tur bu dəfə də həyəcanlı oldu. Bu, hər iki komandada hiss olunurdu. Düşünürəm ki, komandalar layiqli oyun nümayiş etdirdi. Yetərincə qol imkanı oldu. Futbolçularım 3 xal qazanmaq üçün sona qədər vuruşdular ki, buna görə onlara minnətdaram. Bu gün meydanda gözlədiyimizdən güclü "Zirə" gördük. Həmkarım Samir Abasovu təbrik edirəm. Problemlərimiz haqda çox danışmayacam. Hamıya məlumdu, qabartmaq istəmirəm. Çətinliklər hər yerdə var, o cümlədən bizdə. İlk dəqiqələrdən yaxşı başladıq. Rəqibin orta sahəsində topla yaxşı oynayan futbolçuları var. Hər iki komandada oxşar bir şey var ki, o da heyətin yenilənməsidi. Futbolçularımızın çıxışından razı qaldım. Çox diqqətli oynadılar. İki legionerin gedişi bizim üçün gözlənilməz oldu. Ancaq heç də məyus ola bilmərik. Yerli futbolçularla maksimum çıxış etməyə çalışırıq. Turan Manafovun premyer-liqada debütü idi. Yetərincə yaxşı təsir bağışladı. Çalışacağıq ki, belə gənc futboluları üzə çıxaraq. Bizdə limitə uyğun gələn başqa futbolçular da var - Ədilxan Qarəhmədov, Elçin Rəhimov... Sistemdə dəyişiklik rəqiblə bağlı ola da bilər. Hər rəqibə qarşı fərqli hazırlaşa, taktika qura bilərik. "Səbail"in maddi durumuna gəlincə, hazırda cibimdəki pulu deyə bilərəm ki, nə qədərdi (gülür). Klubdakı maddi məsələlələr rəhbərliyə aid sualdı, onlar cavablaya bilər. Cibimdəki pulu isə saymaq lazımdı” (gülür).
Şafiq Tiqruca: "Qarşlaşmaya yaxşı başladıq. Bir neçə futbolçumuz, xüsusən Xulio Rodriges qol imkanlarından yararlana bilmədi. İkinci hissədə isə nə olduğunu bilmədik. Bəlkə də gücümüz çatmadı. Nəticədə boş zonalar verməyə başladıq və penaltidən qol buraxdıq. Məncə, referinin qərarı qərəzli idi. Çünki daha əvvəl top "Səbail"in oyunçusunun əlinə toxunmuşdu. Bu qərar matçın taleyini həll etdi. Sonradan bərabərlik qolunu vura bilmədik. İlk hissədə qol vəziyyətlərindən yararlana bilməməyimiz fasilədən sonta komandaya psixoloji təsir etdi. Bunun üzərinə hakimin yanlış qərarını da gəldikdən sonra əsəblərimiz tarıma çəkildi. Bu səbəbdən ikinci hissədə heç də yaxşı oyun göstərə bilmədik. Sadə səhvlərin və top itkilərinin baş məşqçimizin aqressiv reaksiyasına səbəb olması normaldı. Belə epizodlardan birində ona haqlı olduğunu söylədim. Növbəti turda qarşılaşacağımız “Neftçi” çempionatın yaxşı komandalarından biridi. Heç bir rəqibdən asılı olmadan sırf qələbə üçün meydana çıxırıq. Fərqi yoxdu ki, "Neftçi"di, yoxsa "Qarabağ". Rəqibə deyə bilmərik ki, sən güclüsən, biz uduzacağıq. Öncədən məğlubiyyətlə barışmırıq".

Gözdən qaçmadı
* Oyunun bazar günü, axşam saatlarında keçirilməsinə baxmayaraq, azarkeş marağı çox aşağı idi. Tribunalar, demək olar ki, boş qalmışdı.
* Matçı izləyənlər arasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov və “Neftçi”nin köməkçi-məşqçisi Füzuli Məmmədov da var idi. Xatırladaq ki, növbəti turda “Səbail” “kimyaçılar”la, “Zirə”isə “ağ-qaralar”la qarşılaşacaq. Yəqin ki, bu səbəbdən rəqib komandaların məşqçiləri oyunu izləməyi lazım bilmişdi.
* PFL preizdenti Ramin Musayev, Hakimlər Komitəsinin rəhbəri Frits Stuxlik də VİP-lojadan matçı izləyirdilər.
* Samir Abasov yenə öz ampluasında idi. 41 yaşlı mütəxəssis 90 dəqiqə boyunca dayanmadan futbolçularına göstəriş verir, arada isə əsəblərinə hakim ola bilməyərək onlara narazılığını bildirirdi. Abasov xüsusilə ikinci yarıda özündən çıxmışdı. Penalti epizoduna da çalışdırıcı kəskin reaksiya verməklə yadda qaldı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR